Qazaxda “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib
Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib.
Gənclər Mərkəzində keçirilən tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İlham Süleymanov, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Regional seminarı giriş sözü ilə açan Qazax RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov qonaqları salamlayaraq Qazaxda mənəvi sahə ilə bağlı təşkil edilmiş seminarın əhəmiyyətindən danışıb. Gənclərin milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyə edilməsinin günün tələbi olduğunu bildirib.
Regional seminarda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Prezident İlham Əliyev tərəfindən yaradılmış Fondun fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıb. İcraçı direktor müavini fərdi və ictimai cəhətdən mənəvi dəyərlərin təbliğ edilməsinin forma və vasitələri haqqında da danışıb. Qeyd edib ki, cəmiyyətin mənəvi inkişafı fərdlərin inkişafından birbaşa asılıdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli ölkəmizin sosial-iqtisadi inkişafının mənəvi sahəyə müsbət təsir etdiyini diqqətə çatdıraraq mənəvi dəyərlərin qorunması və inkişafı yolları haqqında geniş məruzə ilə çıxış edib.
Seminarda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İlham Süleymanov mənəvi dəyərlərlə bağlı iştirakçılara öz tövsiyələrini çatdırıblar.
Regional seminar geniş müzakirələrlə öz işini davam etdirib.