İcra başçısı 6 saylı körpələr evi-uşaq bağçasında aparılan son tamamlanma işləri ilə tanış olub
Azərbaycanda cəmiyyətimizin ən zərif və kövrək nümayəndələri olan uşaqlarla bağlı dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Sevindirici haldır ki, dahi şəxsiyyətin bizlərə miras qoyduğu həmin siyasət bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Bunu uşaqların hüquqlarının müdafiəsi, onlara göstərilən yüksək səviyyəli qayğıkeşlik, Vətənə layiqli övlad kimi yetişdirilməsi üçün aparılan məqsədyönlü işlərdən də aydın şəkildə görmək olar. Ölkə başçısının Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili” elan olunması da məhz ölkəmizdə uşaqlara olan sonsuz qayğının əyani təzahürü idi.
Bu gün təqdirəlayiq haldır ki, ölkə başçısı İlham Əliyev tərəfindən regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazaxda da uğurla icra olunur. Rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin siyahısında bağçaların tikintisinə və yaxud da əsaslı şəkildə yenidən qurulmasına da böyük sürətlə start verilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk andan daim diqqət mərkəzində saxladığı sahələrdən biri də gələcəyimizi etibar edəcəyimiz körpələrimizdir. Rayon rəhbərinin son iki il yarım ərzindəuşaqların yaxşı şəraitdə təlim-tərbiyə almaları istiqamətində gördüyü məqsədyönlü işlər bunun bariz nümunəsidir.
İcra başçısının yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirdiyi həmin işlərin nəticəsidir ki, bu gün Qazax rayonunda olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyədədir. Rayonda olan həmin təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də uğurla davam etdirilir.
4 aydan artıqdır ki, şəhərdə yerləşən və yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulur. Bununla bağlı bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib.
Bu gün icra başçısı Rəcəb Babaşov növbəti dəfə əsaslı şəkildə yenidən qurulan həmin bağçada görülən son tamamlanma işləri ilə tanış olub.
İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə görülən işlər barədə məlumat verərək bildirib ki, binanın daxili ilə yanaşı, həyətində də tikinti və abadlıq işləri aparılır. Həyətə tamet döşənib, bağça binasının ön hissəsində və kənarlarında hasar çəkilməsi və suvaq işi başa çatıb. Hazırda binanın arxa hissəsində hasar çəkilməsinə başlanılıb.
Binanın xarici fasadında da rənglənmə işləri aparılır. Eyni zamanda, bağçanın həyətində gözətçi otağı tikilib ki, burada da əsas işlər görülüb. Hörgü və suvaq işi başa çatıb, qapı və pəncərə qoyulub, tavana alçipan vurulub, döşəməyə tamet döşənib, üzlük vurulması işi başa çatıb.
İş icraçısı qeyd edib ki, binanın dam örtüyü, xarici fasadında suvağın vurulması, bütün otaqlarda döşəmədə lazım olan hissələrə beton tökülməsi, tavanlara alçipanların, divarlara alt hissənin və ikinci qat üzlüyün vurulması işləri yüksək keyfiyyətlə həyata keçirilib. Bundan başqa, otaqlara müasir standartlara cavab verən qapı və pəncərələr qoyulub. İstilik sisteminin və elektrik xətlərinin çəkilməsi isə yekunlaşmaq üzrədir.
Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.