Çoxmənzilli binada aparılan əsaslı təmir işlərinin xeyli hissəsi görülüb
Son 15 ildir ki, Azərbaycan bütün dünyada güclü dövlət kimi tanınır, beynəlxalq aləmdə yüksək nüfuza sahibdir. Bunun səbəbi Prezident İlham Əliyevin ölkəni ulu öndər Heydər Əliyevin qurduğu təməl üzərində inkişaf etdirməsidir.
Bu gün təqdirəlayiq hallardan biri də odur ki, respublikamızda aparılan sürətli və dinamik inkişaf paytaxtla yanaşı, bölgələrimizə də şamil olunur. Təkcə son iki il yarım ərzində ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın olduğu kimi icra olunması bunun bariz nümunəsidir. Həmin Sərəncama əsasən ötən il 78, bu il isə daha 49 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılması, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikilməsi və təmir olunması, eləcə də bir binanın həyətində bu işin davam etdirilməsi görülən işlərin əyani göstəricisidir. Rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 127-nin yüksək səviyyədə təmir olunması və sakinlərin istifadəsinə verilməsi vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsas işlərdir.
Cari ildə Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65 nömrəli, "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60, 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binaları rayonda təmir olunan həmin binalara nümunədir.
Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı da bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi qiymətləndirmək olar.
Hal-hazırda isə şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı və Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binalar əsaslı şəkildə təmir olunur.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binada artıq əsas işlərin xeyli hissəsi görülüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov binada iş başlayan ilk gündən mütəmadi olaraq görülən işlərlə yaxından tanış olur, keyfiyyətli aparılması üçün öz tapşırıq və tövsiyələrini verir.
Rayon rəhbəri bu gün də təmir olunan binaya baş çəkib, işlərlə maraqlanıb.
İcra başçısına məlumat verilib ki, binanın blokları ilə yanaşı, xarici fasadında işlər həyata keçirilib. Belə ki, həm bloklarda, həm də xarici fasadında suvaq işləri aparılıb. Bloklarda üzlük vurulması işi yekunlaşıb, əksər pəncərələr yenilənib, bəziləri isə təmir olunaraq rənglənib, giriş qapıları qoyulub. Elektrik xətləri səliqəyə salınıb. Pilləkan qəfəslərində rənglənmə, eyvanlarda isə təmir işləri aparılıb.
Rayon rəhbərinə bildirilib ki, binanın həyətində də abadlıq işlərinə başlanılıb. Həyətdəki işıq transformatoru rənglənərək kənarına tor hasar çəkilib. Bundan əlavə, binanın giriş hissəsinə sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün beton tökülüb. Həyətdə yerləşən bulaqdan rahat şəkildə istifadə etmək üçün şərait yaradılıb. Hazırda binanın xarici fasadında rənglənmə və digər işlər görülür.
Bina sakini Qaməd Qasımov respublikamızda, eləcə də rayonda görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə bütün bina sakinləri adından dərin minnətdarlığını çatdırıb. Qazaxda aparılan abadlıq və quruculuğu, xüsusilə də çoxmənzilli binalarda görülən işləri yüksək qiymətləndirdiklərini bildirib.