Şriftin ölçüsü :

Saytın rəngi :

"Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev"

08 dekabr 2018 | 16:00

Xəbər verdiyimiz kimi, artıq 6-cı gündür ki, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində  "Açıq qapı” günləri keçirilir. Rayonun bütün idarə, müəssisə və təşkilat kollektivlərinin, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilərin, rayon məktəblilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi "Açıq qapı” günlərində dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla anılır.
Dekabrın 3-dən etibarən ziyarətçilər gün ərzində ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev" başlıqlı sərgi ilə tanış olurlar. Bundan əlavə, ulu öndərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar.
Dinlənilən mühazirələrdə qeyd olunur ki, Heydər Əliyev Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib. Sadəcə bir faktı xatırlatmaq yetər. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu. Bildirilib ki, ulu öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı uğrunda gördüyü misilsiz işləri əsasən iki mərhələyə ayırmaq olar: 1. Əldə edilmiş müstəqilliyin qorunub saxlanması, möhkəmlənməsi; 2. Müstəqil Azərbaycanın inkişaf dövrü.
Mərkəzi ziyarət edənlərə çatdırılıb ki, "Açıq qapı” günlərinin təşkil olunmasında əsas məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, onun Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlamaq, dahi şəxsiyyəti böyük hörmət və ehtiramla yad etməkdir.
"Açıq qapı” günlərinin bugünkü iştirakçıları isə Qazax rayon Maliyyə İdarəsinin, Qazax Müalicə Diaqnostika Mərkəzinin, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının,  Qazax Peşə liseyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax Ərazi şöbəsinin kollektivləri və “N” saylı hərbi hissənin əsgərləri olub. Ümumilikdə 200-ə yaxın adam ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini anıb.
Onu da qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir.

Keçidlər