"ASAN Məktub" layihəsi Qazaxın sərhəd kəndində yaşayan uşaqları sevindirib
Ölkə başçısı İlham Əliyevin 13 iyul 2012-ci il tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmış və bu gün bütün dünyada bir brendə çevrilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və agentliyin tabeçiliyində olan "ASAN xidmət” gündən-günə yeni layihələri ilə ölkə vətəndaşlarını sevindirməkdə davam edir. Bu gün minlərlə insan bu xidmətin fəaliyyətindən yararlanır.
Belə layihələrdən biri də uşaqların arzularını asan formada həyata keçirmək məqsədilə körpə fidanların istəyi əsasında təşkil olunan "ASAN Məktub” layihəsidir. Adından da göründüyü kimi, "ASAN Məktub” layihəsi texnologiyanın imkanlarından faydalanaraq çox sayda uşaqların "Gizli Qəhrəman”ına çevrilib.
Artıq 3 ildir ki, fəaliyyət göstərən "ASAN Məktub" layihəsi "ASAN Könüllüləri” Təşkilatının tərkibində yaranıb. Bu müddət ərzində 3000-dək uşaq müraciəti qeydə alınmış və arzuları həyata keçirilmişdir. Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan 3-14 yaş arası uşaqlara məktublar yazdırılmış və həmin məktublar www.asanmektub.az saytına yerləşdirilmişdir. Sayta yerləşdirilmiş məktublarda qeyd olunan istəklər vətəndaşlar və ya şirkətlər tərəfindən təmin edilmişdir. Yekun olaraq hədiyyələr "ASAN Məktub" komandası tərəfindən uşaqlara təqdim olunmuşdur.
Ötən ay "ASAN Məktub" komandasının Qazaxın sərhəd kəndi olan Cəfərlidə öz layihəsini reallaşdırması haqqında məlumat vermişdik. Belə ki, layihə iştirakçıları Cəfərli kəndində olaraq uşaqlara arzu və istəklərini əks etdirən məktublar yazdırmışdılar.
Bu gün isə “ASAN Məktub” “AccessBank Azerbaijan”la birlikdə Qazaxın sərhəd kəndi olan Cəfərli kəndində bu kənddən, eləcə də Bala Cəfərli kəndindən olan 150-dək uşağa bayramqabağı hədiyyələr təqdim edib. Bu dəfə isə saytdakı məktubları “AccessBank Azerbaijan” gerçəkləşdirib.
Qazaxın sərhəd kəndi olan Cəfərlidə baş tutan tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov, aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, layihə rəhbəri “ASAN xidmət”də Səyyar xidmətlərin təşkili şöbəsinin əməkdaşı, “ASAN Könüllüləri” Təşkilatının sədr müavini Rəbiyyə Cəfərova, “AccessBank Azerbaijan” Qazax filialının müdiri Anar Hüseynli, “ASAN xidmət”in, “ASAN Könüllüləri” Təşkilatının və “AccessBank Azerbaijan”ın digər nümayəndələri iştirak ediblər.
RİHB aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov mərasimdə çıxış edərək Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqsədilə təşkil olunmuş bu xidməti yüksək qiymətləndirib. Qeyd edib ki, bu gün sevindirici haldır ki, ölkə başçısı tərəfindən yaradılan “ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində bir brendə çevrilib. Bu gün “ASAN xidmət”in fəaliyyəti, bu sahədə əldə olunan nailiyyətlər bütün ölkələrdə nümunə kimi göstərilir.
Şöbə müdiri bildirib ki, vətəndaşların rahatlığının təmin olunması istiqamətində bir ilkə imza atan Azərbaycanda vətəndaş amili həmişə ön planda olub. Bu xidmətin gördüyü işlər, vətəndaşlara göstərdiyi yüksək xidmət bunu söyləməyə əsas verir. Bu gün körpə fidanlara bayram ərəfəsində hədiyyələrin verilməsi dövlətimiz və dövlət başçımız tərəfindən gələcəyimiz olan körpələrə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Gələcəyimiz olan körpələrə göstərilən qayğıya və əsası ulu öndər tərəfindən qoyulmuş uşaq siyasətinin bu gün də uğurla davam etdirilməsinə görə ölkə başçısı İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, eləcə də layihənin həyata keçirilməsində əməyi olan insanlara dərin minnətdarlığını bildirib.
“AccessBank Azerbaijan” Qazax filialının müdiri Anar Hüseynli çıxış edərək "ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü ilə reallaşan bu layihənin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Aztəminatlı ailələrdən olan uşaqların məktubda yazdığı hədiyyələri öhdəçiliyə götürüb belə xeyirxah bir layihənin iştirakçısı olduqları üçün təşkilat olaraq sevinc hissi keçirdiklərini qeyd edib. Uşaqlar üçün yaradılan şəraitə və göstərilən qayğıya görə ölkə başçısına minnətdarlığını bildirərək bu cür layihələri yüksək qiymətləndirib.
Çıxışlar başa çatdıqdan sonra öz hədiyyələrini səbirsizliklə gözləyən körpələrə əsl bayram sevinci bəxş olunub. Şaxta Babanın tədbirə qatılması və hədiyyələrin təqdim olunması körpə sevincinə səbəb olub, yaddaşlarına gözəl bir xatirə kimi yazılıb. Ətrafa əllərində rəngbərəng şarlar, hədiyyə paketləri tutmuş uşaqların gülüş sədaları yayılıb. Sərhəddə yaşayan bu uşaqlar dövlətin və dövlət başçısının diqqət və qayğısını bir daha hiss ediblər.