Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün böyük tikinti meydançasını xatırladan, gündən-günə inkişaf edən Qazax rayonunda ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrə diqqət və qayğı göstərilir. Son iki il yarımdır ki, rayonda vətəndaşlara göstərilən xidmət sahəsi də rayon rəhbərliyinin daim diqqət mərkəzində saxladığı sahələrdən biridir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən əhali ilə sıx ünsiyyətdə olması, vətəndaşları fərdi şəkildə qəbul etməsi, problem və qayğıları ilə maraqlanması rayonda vətəndaş amilinin hər zaman ön planda olması deməkdir.
İcra başçısı bu gün də bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Çaylı kənd sakini, I qrup əlil Kosayev Ramiz Cavanşir oğlunun tikinti materialları ilə təmin olunması barədə müraciətini diqqətlə dinləyən rayon rəhbəri vətəndaşın istəyi ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.
Dəmirçilər kənd sakini Osmanova Gülnar Hidayət qızı qızının müalicə olunması, alimentin ödənilməsinə və işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Vətəndaşa qızının xəstəliyi və alimentlə bağlı aidiyyəti üzrə müraciət etməsi bildirilib. İşlə bağlı istəyinə cavab olaraq ixtisasına uyğun imtahan verməsi tövsiyə olunub.
Canalı kənd sakini Xəlilov Fərmayıl Qədim oğlu müraciətində səhhətində yaranmış xəstəliyi ilə əlaqədar sosial müavinətlə təmin olunmasına köməklik göstərilməsini qeyd edib. Vətəndaşa sənədlərini təqdim edərək aidiyyəti üzrə müraciət etməsi bildirilib.
Qazaxbəyli kənd sakinləri də kollektiv olaraq müraciət ediblər. Vətəndaşların həyətyanı torpaq məsələsi ilə bağlı müraciətlərini dinləyən icra başçısı qaldırılan məsələyə baxılacağını bildirib.
Şəhər sakinləri İsmayılova Hürü Tapdıq qızının, Musayeva Xəyalə Müqabil qızının, Aşağı Əskipara kənd sakini Nəbiyev İslam Mamoy oğlunun, Daş Salahlı kənd sakini Veyisova Afət Cavad qızının, Qarapapaq kənd sakini Rəhimov Gündüz Səməd oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.