Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır

10 dekabr 2018 | 16:00

Bu gün artıq 7-ci gündür ki, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində  "Açıq qapı” günləri keçirilir. Bununla əlaqədar rayonun idarə, müəssisə və təşkilat kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri "Açıq qapı” günlərində iştirak edərək dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edirlər.
Dekabrın 3-dən start verilən “Açıq qapı” günlərində ziyarətçilər gün ərzində ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, öz ehtiramlarını bildirirlər. Daha sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndərin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev" başlıqlı sərgi ilə tanış olur, dahi rəhbərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar.
Dinlənilən mühazirələrdə hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin formalaşmasının, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsi və regionun iqtisadi-siyasi həyatında mühüm rol oynamasının məhz ulu öndərin adı ilə bağlı olduğu diqqətə çatdırılıb. Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının ümummilli liderin siyasəti, yüksək idarəçilik qabiliyyəti və əzmkar fəaliyyəti sayəsində mümkün olduğu qeyd olunub. Bugünkü Azərbaycanın inkişaf strategiyasının əsasında da Heydər Əliyev ideyalarının dayandığı vurğulanıb. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib, həmin ildən indiyədək ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verilib.
Mərkəzdə ulu öndərin həyat və siyasi fəaliyyəti ilə yaxından tanış olan ziyarətçilərə çatdırılıb ki, "Açıq qapı” günlərinin təşkil olunmasında əsas məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, onun Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlamaq, dahi şəxsiyyəti böyük hörmət və ehtiramla yad etməkdir.
"Açıq qapı” günlərinin bugünkü iştirakçıları isə Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin, rayon Gənclər və İdman İdarəsinin, Aqrar Səhmdar Kredit Təşkilatının Qazax filialının, Məşğulluq Mərkəzinin, Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin kollektivləri, A.Əmilov adına Daş Salahlı kənd 1 saylı və V.Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəblərin müəllim və şagirdləri olublar. Ümumilikdə 230-a yaxın adam ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini anıb.
Onu da qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir.

 

Keçidlər