Şriftin ölçüsü :

Saytın rəngi :

6 saylı körpələr evi-uşaq bağçasında son tamamlanma işləri görülür

12 dekabr 2018 | 16:00

Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Bu gün sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin uşaqlara olan qayğısı ölkəmizdə əsas istiqamət kimi müəyyənləşdirilir, uşaqların təhsilinə, dünyagörüşlərinin formalaşdırılmasına və sağlamlıqlarının qorunmasına diqqət artırılır. Ölkə prezidenti İlham Əliyev tərəfindən dövlət uşaq siyasətinin uğurla davam etdirilməsi, uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramlarının qəbul edilməsi, hər bir sahədə geniş vüsət almış quruculuq işlərinin uşaqların təhsilinə və intellektual inkişafına yönəldilməsi bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.
Bu gün respublika prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazaxda da uğurla icra olunur. Rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinin siyahısında bağçaların tikintisinin və yaxud da əsaslı şəkildə yenidən qurulmasının geniş vüsət alması bu söylədiklərimizin əyani sübutudur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də məhz gələcəyimiz olan uşaqlardır. Rayon rəhbərinin son iki il yarım ərzində uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və tövsiyələr körpə fidanların yaxşı şəraitdə təlim-tərbiyə almaları istiqamətində görülən məqsədyönlü işlərdir.
İcra başçısının uşaqlara ayırdığı sonsuz diqqət və qayğının nəticəsidir ki, bu gün Qazax rayonunda olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyədədir. Rayonda olan təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu istiqamətdə görülən işlərdir.
Sevindirici haldır ki, tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi ötən il olduğu kimi, bu il də uğurla davam etdirilir.
Şəhərin mərkəzində yerləşən və yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması bunu bir daha sübut edir. 4 aydan artıqdır ki, təmirlə bağlı olaraq bağça binası boşaldılıb və uşaqlar başqa ünvana yerləşdirilib.
İcra başçısı Rəcəb Babaşov tikinti başlayan ilk gündən mütəmadi olaraq bağçada olur, öz tapşırıq və tövsiyələrini verir.
Rayon rəhbəri bu gün növbəti dəfə əsaslı şəkildə yenidən qurulan həmin bağçada görülən son tamamlanma işləri ilə tanış olub.
İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə görülən işlər barədə məlumat verərək bildirib ki, binanın daxilində və həyətində abadlıq işləri aparılır. Həyətə tamet döşənib, bağça binasının ön hissəsində və kənarlarında hasar çəkilməsi və suvaq işi başa çatıb. Hazırda binanın arxa hissəsində hasar çəkilməsinə başlanılıb.
Binanın xarici fasadında rənglənmə işləri görülür. Eyni zamanda, bağçanın həyətində gözətçi otağı tikilib ki, burada da əsas işlər görülüb. Hörgü və suvaq işi başa çatıb, qapı və pəncərə qoyulub, tavana alçipan vurulub, döşəməyə tamet döşənib, üzlük vurulması işi başa çatıb.
İş icraçısı qeyd edib ki, binanın dam örtüyü, xarici fasadında suvağın vurulması, bütün otaqlarda döşəmədə lazım olan hissələrə beton tökülməsi, tavanlara alçipanların, divarlara alt hissənin və ikinci qat üzlüyün vurulması işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Bundan başqa, otaqlara müasir standartlara cavab verən qapı və pəncərələr qoyulub. İstilik sisteminin və elektrik xətlərinin çəkilməsi isə yekunlaşmaq üzrədir.
Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib.

 

 

Keçidlər