Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı taxıl sahələrinə baxış keçirib

12 dekabr 2018 | 16:00

Bu gün Azərbaycanda Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf etdirilən sahələrdən biri də kənd təsərrüfatı sahəsidir. Sevindirici haldır ki, ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qısa müddətdə özünün müsbət nəticələrini göstərir. Sahibkaralara, kəndli fermerlərə dövlət tərəfindən göstərilən dəstək ölkə iqtisadiyyatında böyük paya sahib olan bu sahənin inkişafına öz töhfəsini verir.
Son iki il yarımdır ki, Qazaxda bütün sahələrlə yanaşı, neft sənayesi və tikinti sektorundan sonra Azərbaycan iqtisadiyyatında üçüncü böyük sahə olan kənd təsərrüfatı sahəsinə də xüsusi diqqət ayrılır. Aqrar sektorun işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasındakı rolunu nəzərə alaraq bu sahənin ildən-ilə inkişaf etdirilməsinə maraq göstərilir.
Məhz kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bu inkişafı aydın şəkildə görmək olur.
2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır. İllər üzrə olan fərqləri müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini verir. Bu gün istər sahibkarların, istərsə də sadə kəndlilərin torpağa qayıdışı, münasibəti yüksək səviyyədədir.
Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər. Hər il rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlir. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11040 hektar taxıl sahəsindən 8289 hektarında buğda, 2751 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir. 2018-ci ilin məhsulu üçün rayonda kənd təsərrüfatı sahəsində 9102 hektar buğda sahəsindən 33309,5 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 36,6 sentner, 3527 hektar arpa sahəsindən 8676,7 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 24,6 sentner olmuşdur. 
Hər il olduğu kimi, 2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl, bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindən 13504 hektar sahədə şumlanma aparılmış, 8059 hektar buğda, 4001 hektar arpa olmaqla, cəmi 12060 hektarda taxıl səpilmişdir.
Bu gün hər kəsə yaxşı məlumdur ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu sahəyə xüsusi diqqət və qayğı ayırması ilə sıx bağlıdır. Rayon rəhbərinin mütəmadi olaraq təsərrüfat sahələrində olması, sadə kəndlilərlə görüşməsi bu sahənin inkişafına böyük təkan verir. Məhz bu görüşlər sayəsində kəndli dövlətin diqqət və qayğısını hər an hiss edir və daha böyük səylə işləməyə çalışır.
İcra başçısı Rəcəb Babaşov bu gün də rayonun Qazaxbəyli-Orta Salahlı, Qaymaqlı və Birinci Şıxlı kəndlərində taxıl əkilmiş əkin sahələrində olub, səpin işlərinin mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbəri səpin işləri ilə yanaşı, əkin sahələrində həşəratlara və ziyanvericilərə qarşı mübarizə sahəsində həyata keçirilən işlərlə də tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, yüksək məhsuldarlıq əldə etmək üçün ilk növbədə əkin sahələrində ziyanvericilərə qarşı mübarizə tədbirləri vaxtında aparılmalıdır. Bununla bağlı bütün kəndlərdə zəruri işlər görülür.
İcra başçısı bu sahənin daim diqqət mərkəzində saxlanılmasını bildirib, bununla bağlı tapşırıq və tövsiyələrini verib.

Keçidlər