Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndi Qaymaqlıda yaşayan sakinlərlə səyyar görüş keçirilib

13 dekabr 2018 | 16:00

Bu gün tam əminliklə deyə bilərik ki, qurucusu və memarı ulu öndər Heydər Əliyevin olduğu müasir Azərbaycan dövləti iqtisadi gücə sahib olan bir dövlət kimi bütün dünyada tanınır. Sağlam və etibarlı təməl üzərində qurulan bu dövlətin son 15 il ərzində Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunması isə dahi rəhbərin ideyalarının gerçəkləşməsi deməkdir.
Məhz  bu gün diqqət çəkən məqamlardan biri də odur ki, dövlət başçısının rəhbərliyi altında ölkəmizdə aparılan sürətli və dinamik inkişaf paytaxtla yanaşı, respublikamızın bütün bölgələrində də uğurla davam etdirilir. Son iki il yarım ərzində Qazaxda aparılan genişmiqyaslı abadlıq, tikinti-quruculuq işlərinin, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə edilən uğurların timsalında bunu aydın şəkildə görmək olar.
Rayonda ötən bu müddət ərzində daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də vətəndaşlara göstərilən qayğıdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər və bu görüşlərdə icra başçısının sakinlərin müraciətlərini dinləməsi, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşması Qazaxda vətəndaş amilinin ön plana çəkilməsi deməkdir. Bu qayğının nəticəsidir ki, rayon rəhbərinin sakinlərlə keçirdiyi görüşlər artıq bir ənənə halını alıb.
İcra başçısı cari ilin proqramına uyğun olaraq bu gün yeddinci dəfə rayonun sərhəd kəndi olan Qaymaqlıda yaşayan sakinlərlə səyyar görüş keçirib.
RİHB aparatının məsul şəxslərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonumuzda, eləcə də kənddə görülən tikinti-quruculuq işlərindən, sosial-iqtisadi sahədə əldə edilən göstəricilərdən söz açılıb, qazanılan uğurlardan, sakinləri narahat edən qayğılardan danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək sakinləri salamlayıb, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəbdən təbrik edib, xoş arzularını çatdırıb. Rayon rəhbəri bildirib ki, hər zaman olduğu kimi, bugünkü görüşün də məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. “Ölkə başçısının tapşırığına əsasən keçirilən səyyar görüşlər bir amala xidmət edir” deyən rayon rəhbəri qeyd edib ki, bu gün Azərbaycan dövlətinin siyasətinin təməlində xalq və vətəndaş amili dayanır. İcra başçısı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Qazaxda hər zaman ön plana çəkildiyini vurğulayaraq fəaliyyətə başladığı ilk gündən hər zaman sakinlərin arasında olmağı, onları narahat edən qayğıları öz dillərindən eşitməyi qarşıya məqsəd qoyduğunu bildirib.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazaxda 2016, 2017-ci illərdə rayonumuzda aparılan quruculuq işlərini müqayisə edən icra başçısı bu il görülən işlərin daha geniş vüsət aldığını diqqətə çatdırıb. İstifadəyə verilən çoxsaylı sosial obyektlərin inşasından, yeni iş yerlərinin yaradılmasından, rayonun sosial-iqtisadi göstəricilərinin gündən-günə artmasından söz açan icra başçısı bildirib ki, elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın.
Qeyd edib ki, bu gün Qazaxda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, bu da yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. 150 nəfərin çalışması nəzərdə tutulub.  Rayon rəhbəri "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunda, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında da son tamamlanma işlərinin aparıldığını və bütün müəssisələrdə avadanlıqların quraşdırıldığını bildirib.
Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan icra başçısı Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamını bu qayğının əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu Sərəncam bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına hər zaman böyük önəm verib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə respublika məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd edən rayon rəhbəri bu il Qaymaqlı məktəbini bitirən 5 nəfər məzundan 2 nəfərin ali, 1 nəfərin isə orta-ixtisas məktəbinə daxil olduğunu bildirib. Vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Hazırda məktəbdə avadanlıqlar yerləşdirilir. Bundan əlavə, 2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb - Kosalar, Qaymaqlı, Kəmərli kənd tam orta məktəbləri də müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır. Bütün bunlar isə dövlətimizin və dövlət başçısının təhsil sahəsinə olan böyük qayğısıdır.
Rayon rəhbəri son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dediklərimizin əyani sübutudur.
Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının, Qaymaqlı kəndində də bağçanın olması üçün lazımi tədbirlərin görülməsinin nəzərdə tutulduğunu bildirib. Bu gün rayonda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu qeyd edib.
Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazax rayonunda da uğurla icra olunduğunu qeyd edən icra başçısı bu sahədə məqsədyönlü işlərin görüldüyünü bildirib.
Respublika prezidentinin 19 avqust 2016-cı il tarixli Sərəncamına əsasən 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə başlanılmasını, həmin ilin oktyabrın 19-da isə cənab Prezidentin yeni avtomobil yolunun açılışında iştirak etməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qiymətləndirib.  Bundan əlavə, Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamın bu inkişafın davamı olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə böyük təkan verdiyini bildirib. Qeyd edib ki, imzalanmış həmin Sərəncamın nəticəsidir ki, bu gün Cəfərli kənd sakinləri yeni asfalt yoldan rahat şəkildə istifadə edə bilirlər.
İcra başçısı bildirib ki, dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.
Qazaxda son iki il yarım ərzində Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini tapması onu deməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər geniş miqyas alıb. Qazax rayonunda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlərin ildən-ilə artmasının nəticəsidir ki, bu il Qazaxda daha bir avtomobil yolunun çəkilişinə başlanılıb. 2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq Dəmirçilər kəndində yeni asfalt yolun çəkilməsi başa çatıb.
Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Qaymaqlı kəndinin də 6 nəfər şəhidi olduğunu qeyd edən icra başçısı bildirib ki, nə qədər ki, qazaxlılar var şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaqdır. İcra başçısı qəhrəman oğulların əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Rayon rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.
İcra başçısı rayonumuza gələn qonaqların fəxr yerimiz olan bu müqəddəs məkana baş çəkdiyini, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad etdiklərini qeyd edib. Rayonumuzda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlamasını, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etməsini gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında atılan uğurlu addım kimi qiymətləndirib və böyük rol oynadığını vurğulayıb.
Rayon rəhbəri qeyd edib ki, bu gün görülən bütün işlər, həyata keçirilən genişmiqyaslı layihələr, əldə edilən bütün uğurlar bir amala və məqsədə xidmət edir ki, onun da kökündə vətəndaş amili dayanır. Hər bir iş vətəndaş üzərində qurulub və onların rifah halının yaxşılaşdırılmasına yönəlib.
Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Qaymaqlı kəndində də quruculuq işlərinin aparıldığını vurğulayraq qeyd edib ki, bu gün kənddə olan 8 ədəd artezian quyusundan 6-nın işlək vəziyyətdə olması o deməkdir ki, kənddə su ilə bağlı heç bir problem yoxdur. 2019-cu ildə də daha 1 ədəd artezian quyusunun qazılmasının nəzərdə tutulması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir. Suvarma suyunda da heç bir problemin olmadığını bildirən icra başçısı payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsinin vacibliyindən söz açıb. Qeyd edib ki, 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işinin aparılması, 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülməsi bu dediklərimizin əyani sübutudur. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 140,13 km-i əl əməyi, 126,45 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir. Bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 113,80 km-i təmizlənib. Bunun da 68,35 km-i əl əməyi, 45,45 km-i isə texnika vasitəsilə həyata keçirilib. Bildirilib ki, Qaymaqlı kəndində də 2,00 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. 1,50 km-in texnika, 0,50 km-in isə əl əməyi ilə təmizlənəcəyi çatdırılıb. Texnikanın işləyə bilmədiyi yerlərdə kənd sakinlərinin iştirakı ilə əl əməyinin gücündən istifadə edildiyi bildirilib. Bu günə kimi 0,51 km-in əl əməyi ilə təmizləndiyi qeyd olunub.
İcra başçısı rayonda mövsümlə əlaqədar olaraq istər elektrik enerjisinin gərginliyinin, istərsə də qazın təzyiqinin normal səviyyədə olması üçün məqsədyönlü işlər görüldüyünü və bununla bağlı aidiyyəti üzrə tapşırıqlar verildiyini qeyd edib. Bildirib ki, rayonda əhalinin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müsbət işlər görülür ki, bunlardan biri də müasir tələblərə cavab verən yeni transformatorların və elektrik xətlərinin çəkilməsi, SİP kabelləşmə işinin aparılmasıdır. Bu gün sərhəd kəndlərindən olan Məzəm, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində bu iş başa çatıb.
Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın şəkildə görmək olar.
2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır. İllər üzrə olan fərqləri müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini verir. Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın şəkildə görmək olar.
İcra başçısı qeyd edib ki, dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər. Rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11040 hektar taxıl sahəsindən 8289 hektarında buğda, 2751 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir.
Qeyd edib ki, 2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl, bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindən 13504 hektar sahədə şumlanma aparılmış, 8059 hektar buğda, 4001 hektar arpa olmaqla, cəmi 12060 hektarda taxıl səpilmişdir. Bildirib ki, Qaymaqlı kəndində də 970 hektar ərazidə taxıl səpilməsi nəzərdə tutulub ki, onun da 620 hektarını buğda, 350 hektarını isə arpa təşkil edir. Bu günə kimi 520 hektar sahədə buğda, 398 hektar sahədə arpa olmaqla, 918 hektar sahədə səpin aparılmışdır.
Kənd sakinlərindən Bəxtiyar Süleymanov, şəhid atası Əmirxan Bəşirov, Kazım Kazımov, İslam Mahmudov, Məleykə Əliyeva, Rəşid Kərimov və başqaları çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə bütün sakinlər adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən müddət ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər. Digər kəndlərdə olduğu kimi, Qaymaqlı kəndində də abadlıq işlərinin aparıldığını bildirərək, xüsusilə kənddə dəyirmanın tikilməsinə, artezian quyusunun qazılmasına görə rayon rəhbərliyinə  təşəkkürlərini çatdırıblar.
Keçirilən səyyar görüşü yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər kənddə Azercell mobil operatorunda dalğanın gücləndirilməsi üçün lazımi tədbirlərin görülməsini və mədəniyyət evinin tikilməsini xahiş ediblər. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib.
İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü səyyar görüş də bunun bariz nümunəsidir.

Keçidlər