Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Şəhidlərimizi Tanıyaq və Tanıdaq” adlı layihəyə start verilib

14 dekabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi “Şəhidlərimizi Tanıyaq və Tanıdaq” adlı layihəsini həyata keçirir.
Layihə 2017-ci ilin mart ayının 2-də Ağcabədi-Beyləqan istiqamətində düşmənlə qoşunlarımızın təmas xəttində gedən döyüşlərdə şəhid olmuş 1997-ci il təvəllüdlü Qazax rayonunun Daş Salahlı kənd sakini şəhid Süleymanov Süleyman Elçin oğlunun xatirəsinə həsr olunub.
"Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev GOYEZEN.AZ saytına bildirib ki, layihənin əsas məqsədi sərhəd rayonu olan Qazax rayonunda gənclərin asudə vaxtlarını düzgün və səmərəli təşkil etməkdir. Eyni zamanda, düşmənlə təmas xəttində gedən döyüş zamanı şəhid olmuş, Qazax rayonunun Daş Salahlı kənd sakini şəhid Süleymanov Süleyman Elçin oğlunun xatirəsini əziz tutmaq, daima yad etmək, onun ailəsinə mənəvi dəstək olmaq, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması, Vətənə və dövlətə bağlılığın artırılması, sağlam həyat tərzinin təbliği və gənclərin bədən tərbiyəsi, idmana yönəlməsidir.
A.Əliyev qeyd edib ki, layihə 01.12.2018-ci il tarixdən 28.02.2019-cu il tarixədək davam edəcəkdir. Layihə çərçivəsində şəhidin xatirəsinə həsr olunmuş mini-futbol və Qol güləşi üzrə turnirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün layihənin icrası çərçivəsində şəhid Süleyman Süleymanovun Daş Salahlı kənd qəbiristanlığında yerləşən məzarı ziyarət olunub, ailəsi ilə görüşülüb.
Bu gündən start götürən tədbirdə Qazaz Rayon İcra Hakimiyyəti başçısı aparatında  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov, layihə rəhbəri, "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev,  Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, gənc rəssam Akif Əmirov, rayon Təhsil şöbəsinin nümayəndəsi Pərviz Alməmmədov, Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, RİHB-nin kənd İƏD üzrə nümayəndəliyinin, kənd bələdiyyəsinin nümayəndələri, şəhidin vaxtilə oxuduğu A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin müəllim və şagirdləri, şəhidin ailə üzvləri, yaxınları, doğmaları və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad olunub. Sonra keçdiyi döyüş yolundan, mübarizliyindən söhbət açılıb.
Rayonumuzda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması qeyd olunub. Bildirilib ki, son iki il yarımda şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi bu dediklərimizin əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işləri, xüsusilə də 285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərdir.
Bundan əlavə, rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər Xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.
Şəhidin ailə üzvləri Vətən, dövlət, torpaq sevgisinin artırılması, vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində həyata keçirilən layihəni yüksək qiymətləndirdiklərini bildiriblər. Övladlarının xatirəsinin əziz tutulmasına görə layihənin təşkilatçılarına və əməyi keçən insanlara minnətdarlıqlarını çatdırıblar.
Sonra məktəblilər Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda şəhidin yaşadığı ata ocağı və xatirəsinə tikilmiş bulaq ziyarət olunub.

 

 

Keçidlər