Əkin aparılacaq sahələrə baxış keçirilib
Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Qazaxda gündən-günə inkişaf etdirilən sahələrdən biri də kənd təsərrüfatı sahəsidir. Son iki il yarımdır ki, rayonda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Görülmüş işlərin nəticəsidir ki, bu sahədə qısa müddətdə uğurlu göstəricilər əldə olunub.
Rayonda neft sənayesi və tikinti sektorundan sonra üçüncü böyük sahə olan kənd təsərrüfatı sahəsinə xüsusi diqqətin artırılması, bu sahənin inkişaf etdirilməsi bir məqsədə-işsizliyin aradan qaldırılmasına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Məhz bu səbəbdən də kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolunu nəzərə alaraq bu sahənin ildən-ilə inkişaf etdirilməsinə maraq göstərilir.
Son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda artımın olmasını rəqəmlərin müqayisəsindən də aydın şəkildə görmək olar.
2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır. İllər üzrə olan fərqləri müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini verir. Bu gün istər sahibkarların, istərsə də sadə kəndlilərin torpağa qayıdışı, münasibəti yüksək səviyyədədir.
Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər. Hər il rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlir. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11040 hektar taxıl sahəsindən 8289 hektarında buğda, 2751 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir. 2018-ci ilin məhsulu üçün rayonda kənd təsərrüfatı sahəsində 9102 hektar buğda sahəsindən 33309,5 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 36,6 sentner, 3527 hektar arpa sahəsindən 8676,7 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 24,6 sentner olmuşdur.
Hər il olduğu kimi, 2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl, bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindən 8206 hektar buğda, 4051 hektar arpa olmaqla, cəmi 12257 hektarda taxıl səpilmişdir. 13668 hektar sahədə isə şumlanma aparılmışdır.
Bu gün hər kəsə yaxşı məlumdur ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu sahəyə xüsusi diqqət və qayğı ayırması ilə sıx bağlıdır. Rayon rəhbərinin mütəmadi olaraq təsərrüfat sahələrində olması, sadə kəndlilərlə görüşməsi bu sahənin inkişafına böyük təkan verir. Məhz bu görüşlər sayəsində kəndli dövlətin diqqət və qayğısını hər an hiss edir və daha böyük səylə işləməyə çalışır.
İcra başçısı Rəcəb Babaşov bu gün də rayonun Dəmirçilər kəndində payızlıq əkin aparılması nəzərdə tutulan sahələrdə olub, tarla əkin işləri ilə maraqlanıb. Taxıl əkilməsi üçün şum aparılmış əkin sahələrində səpin işlərinin mövcud vəziyyəti ilə tanış olub.
Rayon rəhbərinə məlumat verilib ki, Dəmirçilər kəndində də 750 hektar ərazidə taxıl səpilməsi nəzərdə tutulub ki, onun da 500 hektarını buğda, 250 hektarını isə arpa təşkil edir. Bu günə kimi 400 hektar sahədə buğda, 175 hektar sahədə arpa olmaqla, 575 hektar sahədə səpin aparılmışdır.
İcra başçısı şumlanma və səpin işinin daim diqqət mərkəzində saxlanılmasını və işlərin sürətləndirilməsi bildirib. Bununla bağlı tapşırıq və tövsiyələrini verib.