Qazaxda əhalinin tibbi müayinəsinə başlanılmışdır
Respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması çərçivəsində Qazax rayon əhalisinin tibbi müayinəsi keçirilir.
Ölkə prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə cari ilin fevralın 02-dən mayın 1-nədək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində Qazax rayonunda Müalicə Diaqnostika Mərkəzində, Şəhər Poliklinikasında və xüsusi həkim briqadaları tərəfindən kəndlərdə əhalinin tibbi müayinəsinə başlanılmışdır.
Fevralın 03-dən indiyədək 5671 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir. Onlardan 586 nəfərinə ambulator, 65 nəfərinə isə stasionar müalicə kursu təyin olunmuş, 19 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Aksiyada müayinədən keçən sakinlər, onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədilə keçirilən bu tədbiri yüksək qiymətləndirirlər və ölkə prezidentinə minnətdarlıqlarını bildirirlər.