Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Yeni üfüqlər” adlı rəsm sərgisi keçirilib

18 dekabr 2018 | 16:00

Bu gün Azərbaycanı dünyada inkişaf etmiş mədəniyyət ölkəsi kimi də tanıyırlar. Ölkəmiz müstəqillik qazandıqdan sonra yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinin inkişafında da əsaslı dönüş yaratdı. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Respublika Prezidenti İlham Əliyevin Azərbaycan mədəniyyətinin bütün dünyaya inteqrasiya etdirilməsi istiqamətində gördüyü misilsiz işlər ölkəmizdə bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.
Sevindirici hal isə odur ki, mədəniyyət sahəsinin inkişafına paytaxtla yanaşı, bölgələrimizdə, o cümlədən də Qazaxda xüsusi diqqət ayrılır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən mədəniyyət sahəsinə xüsusi diqqət ayırması, gənc rəssamlara, yeniyetmələrə qayğı ilə yanaşması bunun bariz nümunəsidir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Qazaxda mədəni-kütləvi tədbirlərin keçirilməsi, rəsm əsərləri və əl işlərindən ibarət sərgilərin təşkil olunması artıq bir ənənə halını alıb.
Bu gün Qazaxda görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Yeni üfüqlər” adlı rəsm sərgisinin təşkil olunması bunun əyani sübutudur. Ən əsası isə odur ki, rayonumuzda keçirilən sərgilər hər zaman öz yeniliyi ilə seçilir. Bugünkü sərgi də yaddaqalan olub. Belə ki, sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının və Qazax Dövlət Rəsm Qalereyasının fondlarında olan 70 rəsm əsərinin sərgilənməsi ilə bərabər, Qazax şəhər 1 saylı uşaq musiqi məktəbinin xor kollektivi Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.
Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş sərgidə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, qonaqlardan Mədəniyyət Nazirliyi Təsviri və Dekorativ Sənət şöbəsinin müdiri, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, sənətşünas Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, təşkilatçı, gənc rəssam Akif Əmirov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri Sənət Tarixi və Nəzəriyyəsi kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Elmi-bərpa, Metodiki və Ekspozisiya şöbəsinin müdiri Elmar İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Aynurə Mustafayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Nəzakət Əhmədova, Azərbaycan Rəssamlar Akademiyasının üzvü Milena Nəbiyeva, RİHB aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, gənclər, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan işçilər və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri, qonaqlar və sərgi iştirakçıları nümayiş olunan rəsm əsərləri ilə tanış olublar.
Sonra tədbir bədii rəhbər Rövşən Omarovun olduğu 1 saylı uşaq musiqi məktəbinin uşaqlardan ibarət xalq çalğı alətləri ansamblının ifasında səslənən “Zabul rəngi” adlı mahnı ilə başlayıb.
Fortepianoda İlhamə Yusifovanın ifa etdiyi və xor kollektivinin səsləndirdiyi “Güllü, bağça-bağlı mənim Qazaxım”, Üzeyir Hacıbəyovun “Qızlar xoru”, məktəbin V sinif şagirdi Şəadət Omarovun “Yaz qatarı” mahnıları da əsl bayram əhval-ruhiyəsi yaradıb. Mədəd Yusifovun ifasında səslənən Tofiq Quliyevin “Bakı nəğməsi”, fortepianoda I sinif şagirdi Gülay İbrahimova və müəllim Leyla Məmmədovanın ifasında səslənən Üzeyir Hacıbəyovun “Döyüşçülər marşı” sərgiyə başqa bir rəng qatıb. İsmayıl Poladovun oxuduğu “Qarabağ” mahnısı da tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərgidə çıxış edərək qonaqları salamlayıb, qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sərgi iştirakçılarını səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. Qeyd edib ki, paytaxtdan ən ucqar məsafədə yerləşən Qazaxda bu gün biz sərgi ilə yanaşı, gözəl bir bayrama şahidlik edirik. Musiqi məktəbinin ifasında səslənən mahnıda deyildiyi kimi, doğrudan da Qazaxımız gündən-günə inkişaf edir və bölgələrimiz, şəhərlərimiz arasında öz inkişafı ilə seçilir. Bildiyiniz kimi, bu ilin iyul ayında Mədəniyyat Naziri cənab Əbülfəz Qarayev rayonumuzda vətəndaşlarla görüşü zamanı 1 saylı uşaq musiqi məktəbində də oldu. Orada olan mövcud şəraitlə tanış olan nazirimiz söz verdi ki, Qazaxda yeni musiqi məktəbinin tikilməsi üçün məsələ qaldıracaq. Sağ olsun ki, həmin məsələ qaldırıldı və 2019-cu ildə yeni musiqi məktəbinin tikilməsi nəzərdə tutulur. Bütün bunlar isə Respublika Prezidenti İlham Əliyevin mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğı, xüsusilə də gənc və yeniyetmələrə verdiyi dəstəkdir.
Rayon rəhbəri bildirib ki, ümumiyyətlə, ölkəmizdə mədəniyyətin tərəqqisində Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri olduqca böyükdür. Bakıda, ölkənin böyük şəhərlərində, eləcə də rayon mərkəzlərində əsaslı təmir olunan mədəniyyət obyektləri bu gün əhalinin əsl mədəni istirahət mərkəzlərinə çevrilib. Teatrlar, kinoteatrlar, kitabxanalar, muzeylər və mədəniyyət evlərinin əksəriyyəti müasir üslubda təmir edilib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın mədəni həyatı gələcəkdə daha zəngin olacaq, ölkəmiz yüksək inkişaf etmiş mədəniyyət diyarına çevriləcəkdir.
İcra başçısı bu gün respublikamızda olduğu kimi, Qazaxda da bütün sahələrə, o cümlədən də mədəniyyətimizin bir qolu olan rəssamlıq sahəsinə də xüsusi qayğı ilə yanaşıldığını qeyd edib. Keçirilən sərginin əhəmiyyətindən söz açan icra başçısı qeyd edib ki, rayonumuzda həmişə mədəniyyət sahəsi prioritet sahə kimi diqqət mərkəzində saxlanılır. Rəssamlıq sənəti ilə məşğul olan insanların, xüsusilə də gənclərin bu sahəyə olan marağını artırmaq və istedadlarını inkişaf etdirmək üçün onlara hərtərəfli dəstək göstərilir. Qeyd edib ki, bu dəstəyin nəticəsidir ki, bu gün Qazaxda yüksək səviyyəli sərgilər keçirilir, tədbirlər təşkil olunur. Bu il üzrə sayca onuncu belə tədbirdir ki, keçirilir və bizlər bu tədbirin iştirakçısıyıq.
Rayon rəhbəri bildirib ki, bu gün təşkil olunmuş sərgi və musiqi məktəbinin kollektivi tərəfindən təqdim olunan bir-birindən rəngarəng çıxışlar bir daha onu sübut etdi ki, Qazax hər zaman öz ziyalılığı, mədəniyyəti, saz-söz adamları, tarixi şəxsiyyətləri ilə seçilib. Bu tədbir onu göstərdi ki, Qazaxda bütün sahələrlə yanaşı, mədəniyyət sahəsi, xüsusilə də rəssamlıq sənəti gündən-günə inkişaf edir.
Çıxışının sonunda əməyi keçən insanlara minnətdarlığını bildirən rayon rəhbəri istər Qazax Dövlət Rəsm Qalereyasının, istərsə də 1 saylı uşaq musiqi məktəbinin kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan rəssamlar ittifaqının üzvü, təşkilatçı, gənc rəssam Akif Əmirov çıxış edərək sərgi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin 20 iyul 2018–ci il tarixdə Qazaxda keçirilmiş səyyar qəbulu zamanı rayon sakinləri tərəfindən Qazax Dövlət Rəsm Qalereyasında görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin təşkil olunması təklif olunmuşdu. Bu gün biz həmin sərginin şahidi oluruq. Bu dövlətimiz, dövlət başçımız, eləcə də nazirimiz tərəfindən bölgələrimizdə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdır. Qazaxlılara verilən böyük dəyərdir ki, bizim təklifimiz nəzərə alındı və bu gün Qazaxda belə möhtəşəm sərginin iştirakçısıyıq. Gənc rəssam ölkəmizdə mədəniyyət sahəsinin, xüsusən də rəssamlıq sənətinin inkişaf etdirilməsi istiqamətində gənclərə verdiyi dəstəyə, göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə bütün gənc rəssamlar, yeniyetmələr adından dərin minnətdarlığını bildirib. Qazaxda təşkil olunan bütün sərgilərin yüksək səviyyədə təşkil olunmasına, onlara göstərilən diqqətə, qayğıya görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sərgi iştirakçıları adından təşəkkürlərini çatdırıb.
Mədəniyyət Nazirliyi Təsviri və Dekorativ Sənət şöbəsinin müdiri, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək Mədəniyyət Naziri Əbülfəz Qarayevin adından salamlayıb və sərgi ilə bağlı ən xoş ürək sözlərini çatdırıb. Qeyd edib ki, bu gün təşkil olunmuş bu sərgi Mədəniyyət Nazirinin vətəndaşların qəbulu zamanı təklif olunmuş istək əsasında keçirilir. Ölkə başçısının tapşırığına əsasən bölgələrimizdə vətəndaşların qəbullarının keçirilməsinin də əsas məqsədi həmin bölgədə yaşayan insanlar tərəfindən səsləndirilən fikirləri dəyərləndirmək, qiymətləndirmək, insanların arzu və istəklərini həyata keçirmək, bu istiqamətdə əməli işlər görməkdir. Bu gün biz bunun bir daha şahidi oluruq ki, hər bir işin əsasında vətəndaş amili dayanır.
Qalereya direktoru qeyd edib ki, son günlər Qazax Dövlət Rəsm Qalereyasında görülən işlər, təşkil olunan sərgilər bizi çox sevindirir ki, bölgələrimizdə mədəniyyət sahəsi inkişaf edir, xüsusilə də gənc və yeniyetmələrin incəsənətə, rəssamlığa olan marağı artırılır. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 ilinin tamam olduğunu qeyd edən natiq 2018-ci ilin ölkəmiz, eləcə də bölgələrimiz üçün uğurlu bir il olduğunu diqqətə çatdırıb. Qazaxda görülən işləri, həyata keçirilən çoxsaylı layihələri yüksək qiymətləndirən direktor 2019-cu ildə də daha böyük nailiyyətlərin gözlənildiyini bildirib və bu sahədə hər kəsə uğurlar arzulayıb, Azərbaycan mədəniyyətinin təəssübkeşi olmağa çağırıb.
Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağəli İbrahimov sərgidə çıxış edərək bildirib ki, bu gün keçirilən sərgi əsl bayrama çevrilib. Qısa bir müddətdə Qazaxda belə möhtəşəm sərgilərin təşkil olunması bir daha onu göstərir ki, bu rayonda mədəniyyətə, incəsənətə xüsusi qayğı ilə yanaşılır. Keçirilən sərgilərdə iştirak edərkən hər dəfə bunun şahidi oluruq. Rayon rəhbərliyinin bu sahəyə ayırdığı diqqət və qayğı gənclərimiz üçün yaradılan dəstəklə yanaşı, ölkə mədəniyyətinin inkişafına verilən böyük qiymətdir.
Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, sənətşünas Ziyadxan Əliyev çıxışı zamanı Qazaxda bu gün təşkil olunmuş sərgini yüksək qiymətləndirdiyini qeyd edərək bu sahədə əməyi keçən insanlara minnətdarlığını bildirib. Paytaxtla yanaşı, bölgələrimizdə də bu cür sərgilərin təşkil olunmasını gənclərin və yeniyetmələrin rəssamlıq sənətinə olan marağının artırılması istiqamətində atılan ən uğurlu addım kimi dəyərləndirib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri Sənət Tarixi və Nəzəriyyəsi kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqov çıxış edərək qeyd edib ki, bugünkü sərgi nəinki öz aktuallığı ilə seçilir, eləcə də Qazaxda mədəniyyətə, elmə, incəsənətə yüksək qiymət verildiyini sübut edir. “Təsviri sənətin dili yoxdur” – deyən natiq bildirib ki, bu gün keçirilən sərgidə biz bunun bir daha şahidi olduq. Uşaq musiqi məktəbinin təqdim etdikləri möhtəşəm proqram bunu bir daha göstərdi ki, Qazaxda hər bir sahə qoşa inkişaf edir. Bu cür tədbirlərin təşkili isə gənclərdə rəssam olmaq istəyinin artmasına böyük təkan verir.
Azərbaycan Rəssamlar Akademiyasının üzvü Milena Nəbiyeva artıq Qazax rayonunda ikinci dəfədir ki, belə möhtəşəm sərginin iştirakçısı olduğunu qeyd edib. Hər dəfə də Qazaxda mədəniyyət sahəsinin, xüsusilə də rəssmlıq sahəsində əldə edilən uğurların ildən-ilə artdığının şahidi olduğunu bildirib. Bugünkü sərgini də bunun daha bir bariz nümunəsi kimi qiymətləndirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Nəzakət Əhmədova da çıxışı zamanı bildirib ki, bu gün Qazaxda keçirilən respublika səviyyəli bu sərgi onu göstərdi ki, istedadı olan gənclərə, ölkəsi naminə uğura imza atan hər bir şəxsə daim diqqət və qayğı göstərilir. Rayon rəhbərliyinin göstərdiyi qayğının nəticəsidir ki, Qazaxda belə yüksək səviyyəli sərgilər təşkil olunur, gənclərin özlərini inkişaf etdirmələrinə geniş imkanlar yaradılır.
Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Kəsirə Mustafayeva çıxış edərək rayonda görülmüş işlərə, keçirilən mədəni-kütləvi tədbirlərə, sərgilərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Çıxışlar başa çatdıqdan sonra Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş “Yeni üfüqlər” adlı sərgidə iştiraklarına görə qalereyanın, eləcə də musiqi məktəbinin bir sıra əməkdaşına Təşəkkürnamə təqdim olunub.
1 saylı uşaq musiqi məktəbinin direktoru Gülnarə Əmiraslanova çıxış edərək mədəniyyət sahəsinə, xüsusən də musiqi sahəsində çalışan insanlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, sərgidəki iştiraklarına və verdiyi dəyərə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib.
Əsl bayram əhval-ruhiyəsində keçirilən sərgi şəhər 1 saylı uşaq musiqi məktəbinin xor kollektivinin ifasında səslənən “Azərbaycanım” mahnısı ilə başa çatıb.

Sonda xatirə şəkilləri çəkdirilib.


Keçidlər