Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı körpə fidanların yeni il şənliyində iştirak edib

24 dekabr 2018 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı təntənə ilə qeyd olunur. Rayonun bütün idarə və müəssisələrində, təhsil ocaqlarında yeni ilə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Yeni təqvim ilinin gəlişi ilə əlaqədar rayonumuzdakı körpələr evi-uşaq bağçalarında da müxtəlif səpkili, bir-birindən maraqlı tədbirlər keçirilib. Tədbirlərdə uşaqlar deyib-gülüb əylənib, şeirlər söyləyib, mahnılar oxuyub və rəqs ediblər.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Ülviyyə Ağayeva şəhər 4 saylı uşaq bağçasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunmuş bayram şənliyində iştirak ediblər.
Uşaqlar Rəcəb Babaşovu ən yaxın adamları kimi qarşılayıblar. Çünki Rəcəb Babaşov ilk dəfə deyil ki, uşaqlarla görüşürdü. Təyin olunduğu ilk gündən xalq arasında olan rayon rəhbəri uşaqlara daim diqqət və qayğı ilə yanaşır, bu sahənin inkişaf etməsi üçün əlindən gələni əsirgəmir. Bunun nəticəsidir ki, bu gün Qazaxda körpələr evi-uşaq bağçaları günün tələbləri səviyyəsində fəaliyyət göstərir.
Bayram şənliyində iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qarşıdan gələn yeni il münasibətilə bütün balaları təbrik edib, onlara ən səmimi arzularını bildirib. Qeyd edib ki, “Uşaqlar bizim gələcəyimizdir”, - deyən ulu öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısı bu gün Respublika Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  tərəfindən uğurla davam etdirilir. Respublikamızda saysız-hesabsız məktəb binaları, uşaq bağçaları tikilib körpə fidanların istifadəsinə verilir. Bunun nəticəsidir ki, Azərbaycan uşaqları bu gün dünyanının ən xoşbəxt uşaqlarıdır.
Rayon rəhbəri son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayonda olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dediklərimizin əyani sübutudur.
Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Bu gün rayonda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu qeyd edib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva öz çıxışında əlamətdar gün münasibətilə bütün körpələri təbrik edərək onlara xoşbəxt həyat, uğurlu gələcək arzulayıb. Qeyd edib ki, mən bu gün sizin aranızda özümü çox xoşbəxt hiss edirəm. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Ona görə də bu gün azərbaycanlı uşaqlar çox xoşbəxt və firavan yaşayır, Vətənə, dövlətə, xalqa layiq vətəndaş kimi yetişirlər. Qeyd edib ki, bu gün mən Qazaxda körpələr evi-uşaq bağçalarını gəzərkən yaradılan şəraiti gördükdə bir daha şahidi oldum ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov uşaqlara xüsusi qayğı ilə yanaşır. Hər bir körpəni öz doğma nəvəsi kimi sevir. Bu gün bu qayğı, diqqət, uşaqlara olan sevgi onu sübut edir ki, rayonda uşaqlara olan bu qayğı ölkə başçısının istədiyi kimi bir qayğıdır.
Bağça müdiri Vəfa Əliyeva çıxış edərək Qazaxda böyüməkdə olan gənc nəslə göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova valideynlər, müəllimlər, tərbiyəçilər adından öz dərin minnətdarlığını bildirib. Qeyd ediblər ki, bu gün rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şərait yaradılıb. Mübaliğəsiz olaraq deyə bilərik ki, paytaxtdakı bağçalarla Qazaxdakı bağçalar arasında heç bir fərq yoxdur. Son iki il yarımda bağçalarda yaradılan şəffaflıq bu uşaq müəssisələrinin gündəlik fəaliyyətinə müsbət təsirini göstərmiş və bağçalar sözün əsl mənasında uşaqların təlim-tərbiyə müəssisəsinə çevrilib. Rayon rəhbərinin bugünkü bayram şənliyində iştirakını yüksək qiymətləndirən bağça müdiri bu iştirakın uşaqlara olan sonsuz qayğının əyani təzahürü olduğunu bildirib.
Sonra uşaqlar söz alıblar. Körpə fidanlar Vətənə, xalqa, anaya, məktəbə, şəhidlərə aid şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər. Səhnəciklər nümayiş etdiriblər. Onların çıxışları alqışlarla qarşılanıb. Sonda uşaqlara bayram süfrəsi açılıb. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Keçidlər