Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni il ərəfəsində məcburi köçkünlərlə görüş keçirilib

25 dekabr 2018 | 16:00

Bu gün ölkəmizdə qaçqın və məcburi köçkünlərə xüsusi  qayğı  ilə yanaşılır.  Respublikamızın bütün bölgələrində "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin Sərəncamla bütün bölgələrimizdə məskunlaşmış məcburi köçkün ailələri üçün saysız-hesabsız yeni qəsəbələr salınır, onların həyat şəraitləri mütəmadi olaraq yaxşılaşdırılır.
Ermənistanla 168 km sərhəddi olan və Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Aşağı Əskipara, Yuxarı Əskipara kimi 7 kəndi düşmən tərəfindən işğal olunan Qazax rayonunun sakinləri də elan olunmamış müharibənin ağrı-acılarını uzun müddətdir ki, yaşayırlar. Bu gün rayonun 5 kəndi daim düşmən gülləsinin atəşi altındadır. Torpaqlarımızın müdafiəsi zamanı Qazax rayonu 285 şəhid verib.
Bu gün Qazaxda həmin işğal altında olan kəndlərin sakinləri dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss edirlər.
Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə də bu diqqət və qayğının ən bariz nümunəsidir. Bütün infrastukturlarla tam təmin olunmuş qəsəbədə sakinlərin rahat şəkildə yaşamaları üçün hər cür şərait yaradılıb.
Rayonumuzda məcburi köçkün ailələrinin bir qismi isə “Göy bina” deyilən ərazidə Bakı 2 və 2A küçəsində yerləşən çoxmənzilli binalarda məskunlaşıblar. Qəsəbədə olduğu kimi, bu binalarda da həmin insanlar üçün lazımi şərait yaradılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi təyin olunduğu  ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, eləcə də məcburi köçkün ailələrinə daim qayğı ilə yanaşır. Onları narahat edən məsələləri yerindəcə öyrənir, qayğıları ilə maraqlanır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirilir. Bunu rayon rəhbərinin istər yeni qəsəbədə yaşayan sakinlərlə, istərsə də şəhərin müxtəlif ərazilərində məskunlaşımış məcburi köçkün ailələri ilə mütəmadi görüşlər keçirməsindən, onlar tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunmasından aydın şəkildə görmək olar.
Rayon rəhbərinin bayram qabağı məcburi köçkünlərlə görüşməsi isə bir ənənə halını alıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər il olduğu kimi, bu il də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Göy bina” deyilən ərazidə yaşayan məcburi köçkünlərlə görüşüb, bayram təbriklərini çatdırıb, ən xoş arzularını bildirib.
Binanın qarşısında keçirilən görüşdə Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov da iştirak edərək sakinlərlə səmimi söhbət aparıb, bayram təbriklərini çatdırıblar.
İcra başçısı son iki il yarımda Qazaxda aparılan genişmiqyaslı abadlıq və tikinti-quruculuq işlərindən, rayonun sosial-iqtisadi göstəricilərindən söz açaraq yola saldığımız 2018-ci ilin rayonumuz üçün uğurlu bir il olduğunu bildirib. Qeyd edib ki, rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu dediklərimizin əyani sübutu kimi qiymətləndirib.
"Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının 2018-ci ilin yaddaqalan uğurlarından biri olduğunu qeyd edib.
Dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişindən söz açan rayon rəhbəri Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsini vətəndaşlara olan qayğı kimi dəyərləndirib. Qeyd edib ki, Qazax rayonunda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlərin ildən-ilə artmasının nəticəsidir ki, bu il daha bir avtomobil yolunun çəkilişinə başlanılıb. 2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq Dəmirçilər kəndində yeni asfalt yolun çəkilməsi isə başa çatıb.
Rayon rəhbəri ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən həyata keçirilən məqsədyönlü işlərdən də söz açıb. Qeyd edib ki, bu gün həmin Sərəncamın düzgün icra edilməsinin nəticəsidir ki, ötən il 78, bu il isə daha 49 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri aparılıb.  4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evləri tikilib və yaxud da əsaslı təmir olunub. Bu gün rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 127-nin yüksək səviyyədə təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsas işlərdən biri hesab edib. Dünən isə şəhərin mərkəzində N.Nərimanov yaşayış massivində yerləşən beşmərtəbəli, dörd bloklu, 1 saylı çoxmənzilli binanın da əsaslı təmirdən sonra açılış mərasiminin olduğunu bildirib. Digər çoxmənzilli binalar kimi, sakinlərin yaşadıqları binaların da əsaslı şəkildə təmir olunduğunu qeyd edib.
Rayonda olan bağçalardakı şəraitdən, körpə balalara olan qayğıdan söz açan rayon rəhbəri bildirib ki, bu gün 25 bağçadan 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dediklərimizin əyani sübutudur.
Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu bildirib.
Məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıdan danışan icra başçısı Rəcəb Babaşov qeyd edib ki, əlavə olaraq 300-dən artıq ailənin məskunlaşacağı yeni binaların, əlavə olaraq məktəb və bağçanın tikilməsinin nəzərdə tutulması isə o deməkdir ki, məcburi köçkünlərə olan dövlət qayğısı hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə olacaqdır.
Milli Məclisin deputatı Kamran Nəbizadə çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün məcburi köçkün ailələrini səmimi qəlbdən təbrik edib, xoş arzularını bildirib. Ölkə başçısı İlham Əliyev tərəfindən məcburi köçkün ailələrinə hər zaman yüksək diqqət və qayğı göstərildiyini qeyd edib. Dövlət başçısının Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin açılışında iştirak edərək öz ad gününü həmin ailələrlə birlikdə qeyd etməsini onlara olan diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirib. 
Milli Məclisin deputatı Ülviyyə Ağayeva da çıxış edərək əlamətdar günlər münasibətilə bayram təbriklərini çatdırıb. 2018-ci ilin dövlətimiz, xalqımız üçün uğurlu bir olduğunu qeyd edən deputat qarşıdan gələn yeni ildə də xalqımızı daha böyük nailiyyətlərin gözlədiyini qeyd edib. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən tapdağında olan rayonlarımızın, eləcə də Qazaxın 7 kəndinin işğaldan azad olunmasını və bayram əhval-ruhiyyəli belə görüşlərin həmin torpaqlarda keçirilməsini arzu edib.
Bağanıs Ayrım kənd sakinlərindən Bəhlul Poladov, Müşkünaz Aslanova, Nəcibə Adıgözəlova, Cavanşir Əliyev və başqaları çıxış edərək qeyd ediblər ki, bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün hər cür şərait yaradılıb. Bu gün ölkə başçısının və sizin kimi insanların sayəsində biz özümüzü tam qayğı ilə əhatə olunmuş hiss edirik. Sizin hər dəfə bizlərlə görüşməyiniz, qayğılarımızla maraqlanmağınız bunun əyani sübutudur. Bəli, son iki il yarımda rayonda görülən işlər göz qabağındadır. Ağızdan çıxan hər bir istəyin, qaldırılan məsələlərin dərhal həll olunması isə bir daha sübut edir ki, rayonda vətəndaş amili həmişə ön planda olub.
Dövlətimiz tərəfindən bizlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq.
Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və icra başçısı Rəcəb Babaşova bütün məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər