Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrə dövlət dəstəyi

26 dekabr 2018 | 16:00

"IDEA” İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində aztəminatlı ailələr üçün 2 hektar ərik bağı salınmışdır.
Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək son illər respublikamızın müxtəlif bölgələrində aztəminatlı ailələr üçün görülən işlərin əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir.
"IDEA” İctimai Birliyinin nümayəndəsi Nəzakət İsayeva demişdir ki, meyvə bağının salınması üzrə pilot layihənin icrasına Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə keçən il başlanılmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllıda, sonra Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli və Göygöl rayonlarında salınaraq aztəminatlı ailələrə, Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə verilmişdir. Əsasən fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma olmaqla 18560-dan çox meyvə ağacı əkilmiş, 57 aztəminatlı ailə məşğulluqla təmin edilmişdir. Birlik nümayəndəsi demişdir ki, aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə də davam etdiriləcəkdir.
Meyvə bağları ilə təmin ediləcək kənd sakinləri, Qabil Qocayev, Valeh Seyidov, Müşkül Nəbiyev və Fərhad Fərzəliyev aztəminatlı ailələrə göstərilən diqqət və qayğıya görə bu işin təşkilatçılarına minnətdarlıq etmişlər.

 

Sabir ƏLİYEV,
"Azərbaycan”

26.12.2018

Keçidlər