Qazax Rayonlararası Xəstəxanada bayram tədbiri keçirilib
Qazax Rayonlararası Ruhi Xəstəxanada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təşkil edilib. Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Gəncə Əsəb Dispanserinin baş həkimi Tərlan Hüseynova, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri iştirak edirdilər. Tədbirin aparıcısı, gənc rəssam Akif Əmirov bayram təbriklərini çatdıraraq yeni il şənliyini açıq elan edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram şənliyində çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xəstəxanada çalışan işçiləri və müalicə olunan bütün xəstələri təbrik edib, onlara ən xoş arzularını bildirib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək əlamətdar gün münasibətilə xəstəxanada müalicə olunan xəstələrə və bütün kollektivə səmimi təbriklərini çatdırıb. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini bildirib. Dövlət başçısının səhiyyə sahəsinə olan diqqət və qayğısının Qazaxda da hiss olunduğunu qeyd edib. Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova səhiyyə sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq bütün tibb işçiləri adından ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Xəstəxananın baş həkimi Ramiz Mansurov çıxış edərək onlara göstərdiyi diqqət və qayğıya görə icra başçısına kollektiv adından, xəstəxanada müalicə olunan xəstələr adından öz dərin minnətdarlığını bildirib.
Sonra əmək funksiyasını peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə görə Ruhi Xəstəxanada çalışan 5 nəfərin işçi – xəstəxananın baş həkimi Ramiz Mansurov, işçilərdən Tərminə Qocayeva, Kifayət Bayramova, Qabil Aşırov, Ayaz Mərdanov Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. Xəstəxanada müalicə olunan xəstələrə isə bayram hədiyyələri verilib, bayram süfrəsi açılıb.
Bayram şənliyi müğənni Nəsimi Aşbazovun, aşıqlardan Camoy Qurbanovun, Yaşar Gülümcanovun, Hacı Abdıyevin ifasında səslənən şən-şux mahnılardan ibarət konsert proqramı ilə davam etdirilib.
Vəli Vəliyev
“Respublika”
29.12.2018-ci il