Qazaxda yeni il bayramında uzunömürlü insanlar da yad edilib
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə ilə qeyd olunub. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun şəhər və kəndlərində yaşayan şəhid ailələrinə, Qarabağ Müharibəsi Əlillərinə və Veteranlarına, aztəminatlı ailələrə bayram payları verilib.
Qazaxda yaşayan uzunömürlü insanların sayı da kifayət qədərdir. Rayon rəhbərliyinin tapşırığına əsasən ömrünün ahıl çağlarını yaşayan həmin uzunömürlü insanlar da yad edilib.
Bayram münasibətilə Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Sərdar Orucov və aparıcı məsləhətçi Kəmalə Cəfərova rayonun Kəmərli, Aslanbəyli, Yuxarı Salahlı, Aşağı Salahı, Daş Salahlı, Ürkməzli, Çaylı, Hüseynbəyli kəndlərində həmin yaşlı insanların evlərində qonaq olub, onlara baş çəkib, birlik, həmrəylik bayramlarını və yeni illərini təbrik ediblər.
Nurani insanlara Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun səmimi salamlarını və bayram təbriklərini çatdırıblar. İcra başçısının rayonda ömrünün ahıl çağlarını yaşayan insanlara olan səmimi münasibətindən, göstərdiyi qayğıdan danışıb, onların daim diqqət mərkəzində saxlanıldıqlarını bildiriblər. Qeyd ediblər ki, rayon rəhbərliyinin tapşırığına əsasən sizlərə baş çəkməyə gəlmişik.
Qonaqları səmimi qarşılayan 111 yaşlı Səyalı Nəbiyeva, 108 yaşlı Sədiqə Süleymanova, 106 yaşlı sakinlərdən Səkinə Mirzəyeva, Lütviyə Vələdova, 102 yaşlı sakinlərdən Lilpar Həsənova, Qaratel Bənnayeva, Gilas Tanrıverdiyeva, 100 yaşlı Xalsa İbrahimova və ailə üzvləri onları salamlayıb, rayon rəhbərliyindən razı qaldıqlarını bildiriblər. Qeyd ediblər ki, ömrünün ahıl çağlarını yaşayan bizim kimi insanları axtarmağınız, bizimlə yaxından maraqlanmağınız, diqqət və qayğı göstərməyiniz bizi çox sevindirir. Bizim evimizdə olduğunuza və bizə diqqət ayırıb bayramımızı təbrikə gəldiyinizə görə ailəmiz adından icra başçısına öz dərin minnətdarlığımızı bildiririk. Qoy bizim kimi ahıl çağlarını yaşayan insanları yada saldığına görə Uca Yaradan da onu hifz etsin. Allah ona və sizə gələcək işlərinizdə yardımçı olsun.
Səmimi və bayram əhval-ruhiyyəli görüşün sonunda qonaqlar xatirə şəkli çəkdiriblər.