2 il əvvəl doğum günündə torpağa tapşırılan Vətən müharibəsi şəhidi kapitan Rövşən Pənahov ildönümündə ehtiramla yad edilib
44 gün: 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi -İkinci Qarabağ müharibəsində yaddaşlara əbədi həkk olunan günlər. O günlər ki, sonda Azərbaycan Milli Ordusunun tarixi Zəfəri ilə başa çatdı, 30 il davam edən işğala son qoyuldu. Bəli, 27 sentyabr! Bu, o tarixdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və ölkəmizin zəfər qazanması üçün məhz həmin gün haqq savaşına çıxdıq və tarixi ədaləti bərpa etdik. Və 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarını əldə rəhbər tutan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri Vətən torpaqlarının ərazi bütövlüyü naminə bir yumruq kimi birləşdilər və qəhrəmancasına vuruşdular. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.
Bu gün vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
Kapitan Pənahov Rövşən Mahmud oğlu da İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşən və Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarından biridir. 2 il əvvəl doğum günündə torpağa tapşırılan şəhid kapitanımızın əziz xatirəsi hər zaman dərin hörmət və ehtiramla yad edilir. Bu gün qəhrəman şəhidimizin doğum gününü və ildönümünü ailəsi, onu sevənlər həm ürək ağrısı, həm də böyük qürur hissi ilə qeyd edirlər.
Oktyabrın 2-də ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun ildönümü qeyd olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri qəhrəman şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Canını Vətənə fəda edən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan Rövşən Pənahov kimi oğulların heç vaxt unudulmayacağı, yetişməkdə olan gələcək nəsillərin onlardan nümunə götürəcəyi qeyd edilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Rövşən və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuz dilə gətirilib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu bildirilib. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı söylənilib.
Şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə razılığını bildirən şəhidimizin atası Mahmud Pənahov buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Onları daim diqqətdə saxladığına, ziyarət etdiyinə görə rayon rəhbərliyinə razılıq edib.
Şəhid Rövşən Pənahov 2 oktyabr 1989-cu ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1995-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1996-2004-cü illərdə Birinci Şıxlı kənd ümumi orta məktəbin 9-cu sinifini bitirmişdir. 2004-2006-cı illərdə Birinci Şıxlı kənd tam orta məktəbi bitirmişdir. Həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə həmin Ali Hərbi Məktəbi bitirmişdir. 2010-2011-ci illərdə təlim keçmək üçün Bakıda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. 2011-ci ildə Naftalan şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. 2014-2020-ci illərdə müxtəlif “N” saylı hərbi hissələrdə xidmət göstərmişdir.
Rövşən Pənahovun xidməti, tapşırıqları yerinə yetirməsi, ümumiyyətlə, bütün fəaliyyəti nümunəvi idi. Ona gərə də Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunmuşdur. 24.06.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley, 26.06.2017-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və 26.06.2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Eyni zamanda, bir neçə Fəxri Fərman da almışdır.
Kapitan Pənahov Rövşən Mahmud oğlu 2 oktyabr 2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduğu gün Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Nilay adlı qız, Elay adlı oğul övladı yadigar qalıb.
Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib.