Dəmirçilər kənd İƏD üzrə nümayəndəlikdə hesabat yığıncağı keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında ölkəmizdə, eləcə də Qazax rayonunda və kəndlərimizdə görülmüş işlərdən danışılıb.
Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev, aparatda Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə yığıncağa sədr və katib seçilib, gündəlikdə duran məsələlər səsləndirilib.
Sonra Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Gülnaz Mahmudova giriş sözü ilə çıxış edərək bildirib ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gərgin əməyi nəticəsində son iki il yarımda, xüsusilə də 2018-ci ildə Qazax şəhərində və eləcə də kəndlərimizdə 10 illərə bərabər işlər görülüb.
Qeyd edib ki, yola saldığımız 2018-ci il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəlləyib. Eyni zamanda dünya azərbaycanlıları daha sıx birlik və həmrəylik nümayiş etdiriblər. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələrini vermişdir. İcra nümayəndəsi bildirib ki, başa vurduğumuz il bir çox tarixi hadisələrlə də yadda qaldı. 2018-ci ilin Respublika Prezidentinin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması və Cümhuriyyətin 100 illiyinin, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının və Parlamentin 100 illiklərinin həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə təntənə ilə qeyd edilməsi ölkəmizin növbəti uğurudur.
Qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi 2018-ci ildə aparılan tikinti-quruculuq işləri Qazax rayonundan da yan keçməmiş, rayonumuzun, eləcə də kəndlərimizin siması əsaslı şəkildə dəyişmişdir.
Ötən müddət ərzində rayonda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri geniş vüsət almışdır. Bu il Qazax rayonu üçün hər bir sahədə uğurlu olub desək yanılmarıq. Elə bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu istər sosial obyektlərin inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, idman, mədəniyyət, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir.
G.Mahmudova bildirib ki, bildiyiniz kimi, biz bu gün buraya Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin bir illik fəaliyyətini dinləməyə yığışmışıq. Ona görə də ilk öncə sizə kənd haqqında məlumat vermək istəyirəm. Tarixi qədim olan Qazax mahalının köklü kəndlərindən biri də Dəmirçilər və Ürkməzli kəndləridir. Nümayəndəliyin 881 təsərrüfatı və 2994 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 1 körpələr-evi uşaq bağçası, 2 sənətkarlıq evi, 2 kitabxana, 1 həkim məntəqəsi, 1 tibb məntəqəsi, 1 poçt şöbəsi, 1 elektron tipli ATS, 2 bərbərxana, 8 ticarət obyekti fəaliyyət göstərir.
Qeyd edib ki, 2018-ci ildə görüləcək işlər haqqında iş planı tərtib edilmiş, hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək qərarlar qəbul edilmişdir.
Nümayəndəlikdə kargüzarlıq və mühasibatlıq işləri üçün diqqət artırılmışdır. İcra nümayəndəliyi üzrə 2018-ci ildə 740 arayış verilmiş, 20 məktub daxil olmuş, kənar təşkilatlara 25 məktub göndərilmişdir. Vətəndaşlardan 13 yazılı, 55 şifahi müraciət daxil olmuşdur. Hesabat dövründə 9 doğum, 9 nigah, 22 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal–qara və quşlar uçota alınaraq təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmış və rayon statistika idarəsinə məlumat verilmişdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərində və rayonun kəndlərində işçi qruplarının yaradılması ilə əlaqədar Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində tərkibi 5 nəfərdən ibarət olmaqla işçi qrupları yaradılmışdır. İşçi qrupunun yaradılmasının əsas məqsədi kənd əhalisinin problemləri ilə maraqlanmaq, həlli istiqamətində işlər görmək, həll edilməyən məsələlərin həlli üçün aidiyyatı üzrə məsələ qaldırmaqdan ibarətdir. Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi, işçi qruplarının təşəbbüsü və kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayon mərkəzinə birləşdirən yolun ətrafında və kənd qəbirİstanlığında təmizlik işləri aparılaraq yol kənarlarına ağac əkilmişdir. Kənd ərazisində yol kənarlarına, su arxlarına zibil tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılmışdır. Bu məqsədlə Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzindən nümayəndələr dəvət olunmuş, əhaliyə xəbərdarlıq edilmişdir.
2018-ci ildə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Dəmirçilər və Ürkməzli kənd sakinləri ilə səyyar görüşlər keçirmiş, kənd sakinlərini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlar vermişdir.
2018-ci ildə Dəmirçilər-Ürkməzli yoluna 4,2 km asfalt örtük çəkilmişdir. Bu da kənd əhalisinin sevincinə səbəb olmuş və əhalinin rayon mərkəzinə gediş-gəlişini xeyli asanlaşdırmışdır.
Suvarma Sistemləri İdarəsi və əhali tərəfindən Dəmirçilər kəndi ərazisində beton üzlüklü arxların 5,5 km-lik hissəsi kol-koslardan təmizlənmiş, hal-hazırda həmin arxın qalan hissəsində təmizlik işləri davam edir. Dəmirçilər arxının 3 km beton üzlüklü yedək arxları, Cəfərli kanalından çıxan yedək arxlarının 100 m–lik hissəsi, sol sahil kanalından çıxan 2 km beton üzlüklü kanal təmizlənmiş, Ürkməzli kəndində suvarma arxları əl əməyi ilə təmizlənmiş, 1 km isə suvarma suyu dayandıqdan sonra əl əməyi ilə təmizlənəcək.
Dəmirçilər kəndində əhalinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması məqsədilə Dəmirçilər kəndində 1 ədəd artezian quyusu qazılmışdır. Ürkməzli kəndində Yaqublu məhəlləsinə çəkilmış su xəttinin yanmış su motoru Dəmirçilər–Ürkməzli bələdiyyəsi tərəfindən yenisi ilə əvəz olunmuş, Yaqublu məhəlləsinə suyun verilişi bərpa olunmuşdur. Ürkməzli kəndinə Qazax Rayon İcra Hakimiyyətinin vəsaiti hesabına 1500 metr su xətti çəkilmiş, 90 ailə içməli su ilə təmin olunmuşdur. Əhalinin həyətyanı və pay torpaqlarının suvarılması işi yaxşı təşkil edilmişdir. Həyətyanı və pay torpaqlarının suvarılmasında heç bir problem olmamışdır.
Kənddə görülən işlərdən danışan icra nümayəndəsi bildirib ki, Dəmirçilər və Ürkməzli kəndlərində 300 m rabitə xətləri və 55 ədəd telefon dirəkləri yenilənmişdir. Nümayəndəlik ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ əlilərinə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Yeni il, Novruz bayramı və Qurban bayramı münasibətilə bayram sovqatları verilmişdir.
Nümayəndəliyin ərazisindən keçən Qazax–Quşçu Ayrım magistral yolunun kənarında təmizlik işləri görülmüş, kollar və qurumuş ağaclar məhv edilərək təmizlənmişdir. Təmizlənmiş yol kənarlarına yeni ağaclar əkilmişdir.
Nümayəndəlik ərazisində klub, mədəniyyət evləri, kitabxana fəaliyyət göstərir. Həmin müəssisələrdə il ərzində 20 Yanvar şəhidlərinin, 26 Fevral - Xocalı faciəsi qurbanlarının anım günləri, 21 Mart - Novruz bayramı şənliyi, 9 May - Qələbə günü, 28 May - Respublika günü, 18 Oktyabr - Müstəqillik günü, Qurban və Ramazan bayramları tədbirləri keçirilmişdir.
Nümayəndəlikdə 2 tam orta məktəb fəaliyyət göstərir. Dəmirçilər kənd orta məkəbində şagirdlərin təlim və tərbiyəsi ilə 30 nəfər müəllim məşğul olur. Məktəbdə 194 nəfər şagird təhsil alır. 13 nəfər texniki işçi işləyir. 2018-ci ildə məktəbin 2 nəfər məzunu, 3 nəfər isə keçən ilin məzunu ali məktəblərə, 2 nəfər şagirdi isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Ürkməzli kənd orta məktəbində şagirdlərin təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur. Məktəbdə 163 nəfər şagird təhsil alır. 13 nəfər texniki işçi işləyir. 2018-ci ildə məktəbin 3 nəfər məzunu ali məktəblərə, 1 nəfər məzunu isə orta ixtisas məktəblərinə daxil olublar. Ürkməzli kənd tam orta məktəbinin 1 məzunu 600-dən, 1 nəfər məzunu isə 500-dən artıq bal toplamışdır. Təhsil müəssisələrinin rəhbərləri rəhbərlik etdikləri kollektivlərdə ciddi nizam–intizam yaratmağa müvəffəq olmuşlar.
Dəmirçilər kənd tam orta məktəbi qazanxana sistemi ilə, Ürkməzli kənd tam orta məktəbi isə müasir istilik sistemi ilə təzhiz olunur. Hər iki məktəbdə istilik normal vəziyyətdədir. Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq nümayəndəlik tərəfindən məktəblərdə şagirdlərin dərsə davamiyyətinə daim ciddi nəzarət olunur.
Dəmirçilər kənd körpələr evi–uşaq bağçasının kollektivi də işlərini günün tələbləri səviyyəsində qururlar. Bağça 2 yaş qrupu üzrə fəaliyyət göstərir. Bağçada uşaqların təhsili və istirahəti üçün hər cür şərait yaradılmışdır. Bağçada əmək intizamına ciddi əməl olunur.
Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Dəmirçilər və Ürkməzli həkim məntəqələrinin kollektivi daşıyır. Kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda peyvəndlərin aparılması, ilkin tibbi yardım, günün tələblərinə cavab verir. Nümayəndəlik ərazisidə 2018-ci ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Əhali istifadə etdiyi elektrik enerjisi və təbii qazın dəyərini nəzarətçilər tərəfindən verilən bildirişlər əsasında kənd poçtuna ödəyirlər.
ATS-in kollektivi əhalinin rabitə xidmətini təmin edir. Ərazidə 384 nömrəli yeni elektron ATS və mobil telefon stansiyaları “Azərcell” və “Bakcell” fəaliyyət göstərir. Nümayəndəlik ərazisində 136 abonent internet xidmətindən istifadə edir. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti və internet xidməti təmin olunmuşdur.
Nümayəndəlik tərəfindən əhali arasında vətənpərvərlik mövzusunda təbliğat və təşviqat işləri müntəzəm olaraq aparılır. Ərazidə hərbi xidmətə çağırış nümunəvi qaydada olmuş hərbidən yayınma hallarına yol verilməmişdir.
Nümayəndəlikdə əhalinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. 2018-ci ilin məhsulu üçün 480 hektarda payızlıq buğda, 240 hektar sahədə arpa, 40 hektar sahədə kartof, 10 hektar sahədə qarğıdalı, 2 hektar sahədə darı, 1.5 hektar sahədə tütün əkilmişdir. 1721,7 ton buğda, 576,2 ton arpa, 1120 ton kartof, 54,5 ton qarğıdalı, 2 ton darı istehsal olunmuşdur.
2018-ci ildə nümayəndəlik ərazisində 1,5 hektar sahədən 3750 kiloqram tütün təhvil verilmiş və 460 kq barama istehsal olunmuşdur. Barama istehsalının artırılması məqsədilə əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilmiş, 1000 ədəd yeni tut tingləri əkilmişdir.
Nümayəndəliyin Baytarlıq sahəsinə xidmət edən işçilər əhalinin mal-qarası və quşlarına zoobaytar xidmətinin təşkilinə məsuldur. Epizotik tədbirlərin vaxtında, keyfiyyətlə aparılmasını təmin edir. Heyvandarlıq sahəsində məhsuldarllığın artırılmasında süni mayalanmanın əhəmiyyəti böyükdür. 2018-ci ildə nümayəndəlik ərazisində 148 baş inək süni mayalandırılmış və hal-hazırki dövrə qədər 112 baş buzov doğulmuşdur.
Kənd təsərrüfatı məhsulları istehsal edən 537 nəfər istehsalçıya müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 53597 manat konpensasiya ödənilmişdir.
2019-cu ilin məhsulu üçün nümayəndəlik ərazisində 700 hektar sahə şumlanmış, 400 hektar sahədə buğda, 260 hektar sahədə arpa əkilmişdir. 60 ha kartof, 20 ha qarğıdalı, 4 ha tütün, 20 ha yeni yonca və barama yetişdirilməsi nəzərdə tutulmuşdur.
1 yanvar 2018-ci il tarixə əhali və fermer təsərrüfatlarında 1987 baş iribuynuzu mal-qara və 8555 baş xırdabuynuzlu heyvan, 12,2 min baş quş qeydiyyata alınmışdır .
Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəli əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir.
Dəmirçilər kənd icra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahəsində kənd əhalisinə yaxından köməklik göstərir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev hesabat yığıncağında çıxış edərək kənd sakinlərini salamlayıb və yola saldığımız 2018-ci ilin ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil olmasından söz açıb. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atdığını qeyd edən natiq ölkəmizin qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini bildirib. 2018-ci ildə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Qazax rayonunda uğurla icra edildiyini qeyd edən T.Musayev Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilmış quruculuq və abadlıq işləri, yeni layihələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib. Rayonda yaradılan yeni iş yerlərindən söz açan müavin bu istiqamətdə görülən işlərdən danışıb. Başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin çəkilməsini, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, “Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabriki iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən işlərin bariz nümunəsi olduğunu bildirib.
Sonra çıxışlar olub. Kənd sakinlərindən Süleyman Rzayev, Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, Dəmirçilər kənd tam orta məktəbin direktoru Elmira Abbasova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şərqiyyə Mansurova, Dəmirçilər kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi Mənsurə Rüstəmova, Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova və başqaları çıxış edərək hesabat ilində görülmüş işlərdən razı qaldıqlarını bildirib, Qazaxda aparılan abadlıq və quruculuq işlərinə görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını çatdırıblar. İstər rayonda, istərsə də kənddə görülən işləri, əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər. Çıxış edənlər Ürkməzli kəndində subartezian quyusunun qazılmasını və bağçanın tikilməsini, Dəmirçilər kənd tam orta məktəbin təmir olunmasını və s. məsələləri də qeyd ediblər.