Şriftin ölçüsü :

Saytın rəngi :

BDU-nun Qazax filialında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

10 yanvar 2019 | 16:00

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Bakı Dövlət Universitetinin Qazax filialında tədbir keçirilib.
Heydər Əliyev auditoriyasında keçirilən tədbiri filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov giriş sözü ilə açaraq XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk edildiyini bildirib.
Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə qısametrajlı film nümayiş olunub.
BDU-nun nümayəndəsi, dosent Arif Rüstəmov tədbirdə çıxış edərək 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirib.
Filialın baş müəllimi Mübariz Süleymanov öz məruzəsində qan yaddaşımıza çevrilmiş 20 Yanvar faciəsi barədə ətraflı söz açaraq bu qanlı hadisənin xalqımızı azadlıq mübarizəsindən döndərə bilmədiyini, əksinə müstəqillik arzularını daha da qüvvətləndirdiyini bildirib. 
AMEA-nın Folklor İnstitunun baş elmi işçisi, Prezident yanında Bilik Fondunun koordinatoru, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova çıxış edərək qeyd edib ki, xalqını bu ağır günlərdə tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərib.
Diqqətə çatdırıb ki, ümummilli liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Məhz ulu öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, istefada olan mayor Mustafa Rasimoğlu 20 Yanvara və şəhidlərə həsr etdiyi şeirlərini oxuyub.
Qazax RİHB Aparatının məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, filialın V kurs tələbəsi Güllü Qocayeva çıxış edərək qeyd ediblər ki, Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Dövlət başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və daim yardımlar göstərilib.

 

Keçidlər