Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda kartof əkini ilə məşğul olan sahibkarlarla görüş keçirilib

11 yanvar 2019 | 16:00

 

Hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti etibarlı ərzaq təminatının olmasıdır. Bu baxımdan Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair tədbirlər həyata keçirməkdə davam edir. Belə ki, ölkədə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirilməkdədir. Hər kəsə yaxşı məlumdur ki, son 15 ildə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan kənd təsərrüfatı sürətlə inkişaf edir.
Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olan kənd təsərrüfatının inkişaf etməsi üçün məqsədyönlü işlər görülür. İş yerləri ilə təminatda ən böyük pay sahibi olan bu sahənin inkişaf etməsi üçün sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan hər bir sadə insana daim göstərilən dövlət qayğısının nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə artır.
Son dövrlər dövlət tərəfindən qeyri-neft sektorunun əsas sahələrindən biri olan kənd təsərrüfatına olan qayğı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da artırılıb. Məhz bu qayğının nəticəsidir ki, rayonda əkin sahələrinin miqdarı ildən-ilə genişləndirilir. Bunu rayonda artırılan əkin sahələrinin müqayisəsindən da aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda əkin aparılmışdısa, 2018-ci ildə bu rəqəm 20682 hektar olmuşdur. 2019-cu ildə isə 21481,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur.
Bu gün Qazaxda mətbəximizdə istifadə etdiyimiz və çörəkdən sonra ən çox ehtiyac duyulan qida növü kimi kartofun da əkin sahələri genişləndirilir. Fermerlər tərəfindən kartofçuluğun inkişafına böyük maraq göstərilir. Bunu hər il rayonda kartof sahələrinin genişləndirilməsi bir daha sübut edir. 
2016-cı ildə rayonda 433 kektar sahədə kartof əkilmişdisə, 2017-ci ildə bu rəqəm 809,1 hektara çatdırılmışdır. 376,1 hektar artıq sahədə kartof becərən kəndlilər bu il də kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda nümunəvi işlər görmüşlər.  Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq 2018-ci ildə əkin sahələrini daha da genişləndirərək 1118 hektara çatdırmışlar. Bu da ötən illə müqayisədə 308,9 hektar çoxdur. İldən-ilə kartof sahələrini genişləndirən qazaxlı sahibkarlar, sadə kəndlilər 2019-cu ildə də kartof sahələrini genişləndirməyi düşünürlər. Belə ki, bu il ötən ilə nisbətən əkin sahəsinin 82 hektar artırılaraq 1200 hektara çatdırılması nəzərdə tutulmuşdur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində kartof əkini ilə məşğul olan bir qrup sahibkarlarla görüş keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək qeyd edib ki, bu gün istər dövlət, istərsə də rayon rəhbərliyi tərəfindən sadə kəndlilərə verilən dəstək, göstərilən diqqət və qayğı onlarda böyük ruh yüksəkliyi yaradır. Daha çox məhsul istehsal etməyə sövq edir. Müavin bildirib ki, ildən-ilə əkin sahələrinin artırılması eyni zamanda əhalinin məşğulluğunun təmin olunması və maddi rifah halının yaxşılaşdırılması deməkdir.
Sahibkarlarla keçirilən görüşdə bu il kartof əkiləcək sahələrin mövcud vəziyyəti də müzakirə olunub. Əkin aparılması üçün istər toxumun alınmasında, istər mineral gübrələrin verilməsində, istərsə də texnika ilə təminatda heç bir problemin olmadığı diqqətə çatdırılıb. Ötən il olduğu kimi, bu il də əkin sahələrinin suvarma suyu ilə təmin olunması üçün lazımi hazırlıq işlərinin görüldüyü, bununla bağlı rayonda olan arx və kanallarda təmizlik işlərinin aparıldığı qeyd olunub.
Təklif və istəklərini bildirən sahibkarlar respublikamızda, eləcə də bölgələrimizdə kənd təsərrüfatının inkişaf etdirilməsinə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərliyinin verdiyi dəstəyi yüksək qiymətləndirən sahibkarlar bundan sonra da əkin sahələrinin genişləndirilməsi üçün daha böyük səylə çalışacaqlarını vurğulayıblar. Hər zaman olduğu kimi, bu il də əkiləcək kartof sahələrinin rayonda sakinlərin işlə təmin olunmasında böyük rol oynayacağını qeyd ediblər.

Keçidlər