Şriftin ölçüsü :

Saytın rəngi :

“20 Yanvar - şərəf və qəhrəmanlıq tariximizdir” adlı ədəbi-bədii kompozisiya keçirilib

11 yanvar 2019 | 16:00

Bu gün Qazax rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “20 Yanvar - şərəf və qəhrəmanlıq tariximizdir” adlı ədəbi-bədii kompozisiya keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, Mədəniyyət Mərkəzinin, Mərkəzi Kitabxananın və muzeylərin işçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Bu tarix bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət və suverenlik uğrunda mübarizəsinin simvolu kimi qəbul edilmişdir.
Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova geniş məruzə ilə çıxış edərək qeyd edib ki, 20 Yanvar faciəsindən artıq 29 il ötsə də Azərbaycan xalqı Vətən uğrunda canından keçən igid oğul və qızlarını heç zaman unutmayacaq. Onların əziz xatirəsi daim yad ediləcək və qəlblərdə yaşayacaqlar.
Məruzə ətrafında çıxış edən MKS-nin direktoru Solmaz Babanlı, Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu, 20 Yanvar hadisələrinin təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı cinayət olduğunu bildiriblər.
Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova, şəhər 1 nömrəli diyarşünaslıq klubunun metodisti Mehriban Hüseynova 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdikləri şeirlərini söyləyiblər.
Tədbirdə iştirak edən Qazax RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxışında bildirib ki, bu qanlı tarix heç vaxt yaddaşlardan silinməyəcək. Çünki 20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir və Azərbaycan tarixində təkcə faciə deyil, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. G.Quluyeva qeyd edib ki, 20 Yanvar həm də kimin kim olduğunu sübut edən imtahan idi. Bu qanlı hadisəyə, terror aktına hüquqi siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusilə vurğulamaq lazımdır.
Sonra Mədəniyyət Mərkəzinin bədii rəhbəri Nofəl Əliyev və Xanlıqlar kənd sənətkarlıq klubunun müdiri İsa Qurbanovun tar və pianoda ifa etdikləri “Ağla Qərənfil!” adlı kompozisiya nümayiş etdirilib. Orta Salahlı kənd tam orta məktəbin X sinif şagirdi Nəzirə Məmmədova və şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Nərgiz Mehdizadə Bəxtiyar Vahabzadənin “Şəhidlər” və “Təzadlar içində” şeirlərini söyləyiblər. 
Sonda Mərkəzi Kitabxanının tərtib  etdiyi “20 Yanvar: Tariximizin qanlı və şanlı səhifəsi” adlı  kitab sərgisinə baxış keçirilib.

Keçidlər