Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar Azərbaycan tarixinin qanla yazılmış ən şərəfli səhifəsidir

11 yanvar 2019 | 16:00

Bu gün Qazax rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva və Mərkəzin kollektivi iştirak edib.
İlk olaraq 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsi, 20 Yanvar şəhidlərinin ölməzlik zirvəsinə yüksəlməsi və ölkənin müstəqilliyi uğrunda canından keçmiş Azərbaycanın igid, qəhrəman övladlarının göstərdikləri mərdlik heç zaman unudulmayacaq. Çünki 20 Yanvar Azərbaycan tarixinin qanla yazılmış ən şərəfli səhifəsidir. C.Hüseynova qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmışdır.
Sonra Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Səidə Qocayeva, kargüzar Sərvinaz Məmmədova, kitabxana müdiri Rufina Namazova çıxış edərək 20 Yanvar faciəsinin dəhşətlərindən bəhs ediblər.
Qazax RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva tədbirdə çıxış edərək gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün xalqımızın qəhrəmanlıq tarixi olan 20 Yanvar hadisələrinin hər zaman təbliğ olunmasını tövsiyə edib. 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin uca tutulduğunu, şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğunu, Respublika Prezidenti İlham Əliyev tərəfindən bu insanlara daim diqqət göstərildiyini vurğulayıb.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

Keçidlər