Səhiyyə müəssisələrində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
20 Yanvar faciəsindən artıq 29 il ötsə də Azərbaycan xalqı Vətən uğrunda canından keçən igid oğul və qızlarını heç zaman unutmur. Onların əziz xatirəsi daim yad edilir və qəlblərdə yaşayırlar. 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi yazılmaqla yanaşı, həm də xalqımızın qəhrəmanlıq salnaməsi kimi xatırlanır. Bu tarix bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət və suverenlik uğrunda mübarizəsinin simvolu kimi qəbul edilir.
Hər il ölkəmizdə 20 Yanvar faciəsinin ildönümü silsilə anım tədbrləri ilə qeyd olunur, xalqımız Şəhidlər Xiyabanına gələrək Vətən uğrunda canından keçən övladlarına ehtiramlarını bildirirlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən respublikamızda keçirilən silsilə anım tədbirləri Qazaxda da davam etdirilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 19 dekabr 2018-ci il tarixli 9-21/170 nömrəli Sərəncamı ilə hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında olduğu kimi, səhiyyə müəssisələrində də 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
Bu gün Qazax şəhər Polinklinikasında, Müalicə Diaqnostika Mərkəzində, Gigiyena və Epidemiologiya Mərkəzində, rayonlararası psixiatriya xəstəxanasında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü silsilə tədbirlərlə anılıb. Anım tədbirlərində əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbirlərdə çıxış edənlər XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu, 20 Yanvar hadisələrinin təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı cinayət olduğunu bildiriblər. Bu qanlı hadisəyə, terror aktına hüquqi siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusilə vurğulayıblar.