İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib
Son 15 ildir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun artması, bütün sahələr üzrə qazanılan nailiyyətlər, ölkəmizin güclü dövlət kimi tanınması bunun bariz nümunəsidir. Bu inkişaf və tərəqqi isə dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində mümkün olmuşdur.
Təqdirəlayiq haldır ki, son iki il yarımda Qazax da özünün inkişaf dövrünü yaşayır. İldən-ilə artan tikinti-quruculuq və abadlıq işləri rayonun simasını dəyişib. Rayonda aparılan tikinti-quruculuq işləri, yeni iş yerlərinin yaradılması, istifadəyə veriləcək istehsal müəssisələrinin sayının artması, eləcə də kənd təsərrüfatının inkişafı, təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində əldə etdiyimiz nailiyyətlər onu söyləməyə əsas verir ki, ölkə başçısının yürütdüyü siyasət Qazaxda rayon rəhbərliyi tərəfindən olduğu kimi icra olunur.
Bütün bu sadaladıqlarımızla yanaşı, Qazaxda ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili də daim diqqət mərkəzində saxlanılır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən rayonda vətəndaş amilini ön plana çəkməsi, rayon sakinlərinə xüsusi qayğı ilə yanaşması bunun bariz nümunəsidir. Rayon rəhbərinin istər kəndlərdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi, hətta, vətəndaşın müraciətinə əsasən yaşadığı ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır. Rayon sakinlərini narahat edən məsələlərin öz müsbət həllini tapması deməkdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onların işlə təmin olunma ilə bağlı müraciətlərini dinləyib.
Sakinlərin istəyini diqqətlə dinləyən rayon rəhbəri onların rayonda aparılan tikinti-quruculuq işlərində işlə təmin olunması üçün aidiyyəti üzrə tapşırıq verib.
Sakinlərdən Amil Məmmədov, Babək Quluyev, Siyavuş Salehov və başqaları çıxış edərək rayonda aparılan genişmiqyaslı işlərə və onların müraciətinə qayğı ilə yanaşdığına görə rayon rəhbərliyinə minnətdarlıq ediblər. Qeyd ediblər ki, bu gün bizim işlə təmin olunmağımız barədə tapşırıq verməyiniz bir daha onu sübut edir ki, rayonda vətəndaş amili həmişə ön planda olub. Siz ilk gündən biz vətəndaşların yanında olmusunuz. Bu, dövlətin və dövlət başçısının, rayon rəhbərinin biz sakinlərə olan diqqət və qayğısı deməkdir.