Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı məktəblilərlə görüşüb

19 yanvar 2019 | 16:00

Son iki il yarımdır ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırması, istər müəllimlərə, istərsə də şagirdlərə qayğı ilə yanaşması hər kəsə yaxşı məlumdur.
Bu gün rayon rəhbərinin 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş "Şəhidli, şahidli gecə” adlı rəsm sərgisinin iştirakçıları ilə görüşməsi də bu qayğının bariz nümunəsidir.
İcra Hakimiyyətində keçirilən görüşdə sərgidə əsərləri nümayiş olunan və şeir söyləyən S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin, İ.Qayıbov adına 3 saylı tam orta məktəbin şagirdləri, müəllimləri, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və dərnək rəhbərləri iştirak ediblər.  
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bugünkü sərgidə çıxışlarına görə fərqlənən hər bir şagirdə ayrı-ayrılıqda sağ ol deyib, onlara dərslərində daha böyük müvəffəqiyyətlər qazanmalarını arzulayıb. Qazax rayonunun ölkəmizdə təhsilin beşiyi sayıldığını bildirən icra başçısı bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, rayonumuzda təhsil sahəsi ildən-ilə inkişaf edərək daha böyük bəhrə verir.
Ölkəmizdə elmin, təhsilin inkişafında Qazaxın xüsusi rolu olduğunu qeyd edən rayon rəhbəri bildirib ki, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının 3 noyabr 2018-ci il tarixli Sərəncam verməsi bunu bir daha sübut etdi. Bu Sərəncam onu göstərdi ki, Qazax hər zaman ziyalılar, tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan sonra da belə olacaqdır. Təkcə Qazax Müəllimlər Seminariyası onu deməyə əsas verir ki, rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərimizin sayı günü-gündən artır
İcra başçısı respublikamızda, eləcə də bölgələrimizdə təhsilin inkişafı üçün görülən məqsədyönlü işlərdən də danışıb. Ölkəmizdə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edildiyini bildirən rayon rəhbəri hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi qiymətləndirib. Bundan əlavə, bu il rayonda daha 3 məktəbin – Kosalar, Qaymaqlı və Kəmərli kənd məktəblərinin də əsaslı şəkildə yenidən qurulmasının nəzərdə tutulduğunu bildirib.
Rayon rəhbəri vurğulayıb ki, ölkə başçısının, təhsil nazirinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğının nəticəsidir ki, bu sahə gündən-günə inkişaf edir, qazanılan uğurları, əldə edilən nailiyyətləri ilə seçilir. Sevindirici haldır ki, dövlət tərəfindən göstərilən bu qayğını yüksək dəyərləndirən qazaxlı məktəblilər öz uğurları ilə ölkə təhsilinə töhfə verirlər. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması bütün bu dediklərimizin əyani sübutudur.
Məktəblilərin mükəmməl bir təhsilə sahib olmalarında bağçaların böyük rolunun olduğunu qeyd edən icra başçısı bildirib ki, son iki il yarımda Qazaxda bütün sahələrdə olduğu kimi, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması da daim diqqət mərkəzində saxlanılır. Məhz bu diqqətin nəticəsidir ki, bu gün rayonda olan 25 uşaq bağçasından 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb.
Rayon rəhbəri bildirib ki, bu gün bu gözəl balaları qəbul etməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə seçilən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.
Gənc rəssam Akif Əmirov çıxış edərək keçirilən sərginin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, sərgini təşkil etməkdə məqsədimiz məktəbliləri vətənpərvər ruhda böyütmək və tarixi keçmişimizi unutdurmamaqdır. Xalqımızın başına gətirilən müsibətləri məktəblilərin gözü ilə qiymətləndirməkdir. Gənc rəssam Qazaxda təşkil olunan bütün sərgilərin yüksək səviyyədə təşkil olunmasına, onlara göstərilən diqqətə, qayğıya və sərgidə iştirak etdiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sərgi iştirakçıları adından dərin minnətdarlığını bildirib.
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, şəhər 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev, 3 saylı tam orta məktəbin direktor əvəzi Nailə Əfəndiyeva, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova çıxış edərək təhsil, eləcə də mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, onlara göstərilən bu səmimi münasibətə və qayğıya görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik etdikləri kollektivlər adından öz dərin minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşün istər müəllimlərin, istərsə də şagirdlərin əməyinə verilən ən böyük qiymət olduğunu qeyd ediblər.
Səmimi söhbət əsasında keçən görüşdə məktəblilər də öz ürək sözlərini bildirib, arzu və istəklərini çatdırıblar. Şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Növrəstə Haqverdiyeva, 3 saylı tam orta məktəbin şagirdi Nazim Şaqumov onlarla keçirilən bu görüşün həyatlarında böyük əhəmiyyət daşıdığını bildiriblər. Göstərilən diqqət və qayğının etimadı olaraq bundan sonra da dərslərini daha yaxşı oxuyacaqlarını və məktəblərinin adını uca tutacaqlarını söyləyiblər. Keçirilən bütün tədbirlərdə daha böyük məharətlə çıxış edəcəklərini çatdırıblar. Məktəbli yoldaşlarının adından bugünkü görüşə görə təşəkkürlərini bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə sonda xatirə şəkli çəkdirilib.

Keçidlər