Qazaxda daha bir neçə çoxmənzilli yaşayış binasının əsaslı təmirinə başlanılacaq
Yola saldığımız 2018-ci il Qazaxda bir çox sahələrlə yanaşı, çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması sahəsində də uğurlu oldu. Rayonda əhalinin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bu sahədə genişmiqyaslı abadlıq və quruculuq işləri aparıldı.
Ümumiyyətlə, son iki il yarımda ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə 78, 2018-ci ildə isə daha 51 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri görüldü. 4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evləri tikildi və ya əsaslı təmir olundu. Bu gün əminliklə deyə bilərik ki, rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 129-u yüksək səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilib. Təkcə 2018-ci ildə əsaslı təmirdən sonra istifadəyə verilən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli, N.Nərimanov yaşayış massivində yerləşən beşmərtəbəli, dörd bloklu, 1 saylı, Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 32 ailənin, 92 sakinin yaşadığı "Oxumaq-oxumaq” adlanan çoxmənzilli yaşayış binaları bu dediklərimizin bariz nümunəsidir.
Başa vurduğumuz 2018-ci il dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə də əlamətdar oldu. Məhz həmin Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 mənzilli və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.
Ötən il çoxmənzilli binalarda uğurla davam etdirilən abadlıq işlərinə bu il də start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yanvar ayının 21-dən təmir işlərinə başlanılacaq çoxmənzilli binalarda olub, binaların mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbəri əvvəlcə şəhərin Heydər Əliyev prospekti 179 ünvanında yerləşən 9 mərtəbəli, 2 bloklu binadakı şəraitlə yaxından tanış olub. Bloklardakı vəziyyətlə tanış olan rayon rəhbəri görüləcək işlərin keyfiyyətlə aparılmasını bildirib və aidiyyəti üzrə tapşırıq verib. Binanın təmiri ilə yanaşı, həyətdə də abadlıq işlərinin aparılmasını, digər binalarda olduğu kimi, bu binanın da həyətində xeyir-şər evinin tikilməsini qeyd edib.
Bina sakinlərindən Validə Nəsibova, Şahin Əliyev rayonda görülən genişmiqyaslı işlərə, eləcə də çoxmənzilli binalarda aparılan abadlıq işlərinə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ediblər. Sakinlər qeyd ediblər ki, bu gün biz rayonda vətəndaş amilinin hər zaman ön planda tutulduğunun şahidi oluruq. Ötən il bizim müraciətimizə əsasən uzun illərdən bəri təmir olunmayan binanın liftinin bərpa olunması bunun əyani sübutudur. Bu gün isə binanın əsaslı təmir olunması yenə də biz sakinlərə olan diqqət və qayğı deməkdir.
Sonra rayon rəhbəri hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan şəhərin H.Əliyev prospektində yerləşən 173 və 175 saylı binalardakı mövcud şəraitlə, hazırkı vəziyyətlə tanış olub.
Binaların blokları ilə yaxından tanış olan icra başçısı hər iki binada əsaslı təmir işlərinin aparılmasını və görüləcək işlərin keyfiyyətinə fikir verilməsini bildirib, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
175 saylı binada yaşayan sakinlərdən Məmmədhüseyn Hacıyev yaşadıqları binada aparılan quruculuq işlərinə görə minnətdarlıq edərək bu işləri yüksək qiymətləndirib.
Rayon rəhbəri ötən il dam örtüyü dəyişdirilmiş, hazırda isə əsaslı şəkildə təmir olunan Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli, 100-ə yaxın sakinin yaşadığı çoxmənzilli binada görülən işlərlə də tanış olub.
İcra başçısına məlumat verilib ki, artıq 2 həftədir ki, binanın bloklarında təmir işlərinə başlanılıb. Hər üç blokda köhnə suvaqlar çapılaraq yenilənib və üzlük vurulması işi aparılır. Elektrik, qaz, rabitə xətləri səliqəyə salınır. Digər çoxmənzilli binalarda olduğu kimi, bu binaya da giriş qapıları qoyulacaq və həyətində abadlıq işi aparılacaq.