Qazaxda daha bir körpələr evi-uşaq bağçasının açılışı
Qazaxda körpələrə qayğı daim rayon rəhbərliyinin diqqət mərkəzindədir. Respublika Prezidenti cənab İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı yola saldığımız ildə də Qazaxda uğurla icra olunmuşdur. Dövlətimizin uşaqlara olan sonsuz diqqətinin nəticəsidir ki, bu gün Qazaxda fəaliyyət göstərən uşaq bağçalarının 70 faizindən çoxu ən müasir standartlar səviyyəsindədir.
Ötən il 6 saylı bağçanın da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb, bu günlərdə isə əsaslı şəkildə yenidən qurulan həmin körpələr evi-uşaq bağçası körpələrin istifadəsinə verilib.
Rayon rəhbəri Rəcəb Babaşov açılış mərasimində çıxış edərək yeni bağçanın istifadəyə verilməsi münasibətilə körpələri, valideynləri və bağçanın kollektivini təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, bu gün ölkəmizdə Respublika Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən körpələrə hər cür diqqət və qayğı göstərilir. Ölkə başçısının bu sahədə həyata keçirdiyi uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən Qazaxda uğurla icra olunur. Rəcəb Babaşov diqqətə çatdırıb ki, təkcə 2018-ci ildə istifadəyə verilən 5 bağça – Quşçu Ayrım, Bala Cəfərli, Canalı, şəhər 2 və 3 saylı uşaq bağçaları tam müasir tələblərə cavab verən bağçalar səviyyəsindədir. Yaradılan yüksək şərait və təchizat böyük şəhərlərdə olan bağçalardan heç də geri qalmır.
Tədbirdə çıxış edən qonaqlardan Qazax rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Uşaq Xəstəxanasının baş həkimi Üzeyir Vəliyev, ötən il əsaslı şəkildə təmir olunan İkinci Şıxlı kənd 2 saylı kənd körpələr evi-uşaq bağçasının müdiri Lalə Qurbanova və başqaları bu əlamətdar hadisəni dövlətimizin xalqın gələcəyinə olan qayğısının göstəricisi kimi səciyyələndirdilər.
Yeni istifadəyə verilən şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Lalə Məmmədli çıxış edərək onlar üçün yaradılan yüksək şəraitə və sonsuz qayğıya görə rayon rəhbərliyinə kollektiv adından minnətdarlığını çatdırıb. Bundan sonra daha da məsuliyyətlə çalışacaqlarını və onlara göstərilən etimadı daim doğruldacaqlarını bildirib.
Vəli VƏLİYEV,
“Respublika” qəzeti
26 yanvar 2019-cu il