Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda Novruz şənliyi keçirilmişdir

18 mart 2015 | 16:00

Novruz bayramı–Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərləşdiyi gündə, yəni martın 20-si, 21-i və ya 22-sində keçirilir. Novruz yazın və yeni ilin gəlişini simvolizə edən  xalq bayramıdır. 2009-cu ilin sentyabr ayının 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahasına daxil edilmiş, 23 fevral     2010-cu ildə isə BMT  Baş Assambleyasının 64-cü sessiyasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz hazırda Asiya qitəsində, şərqdə və eləcə də dünyanın bir sıra ölkələrində bayram kimi qeyd edilir. Martın 21-i İran və Əfqanıstanda  rəsmi təqvimin ilk günü sayılır. Bu bayramda səməni yetişdirmək, papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, küsülüləri barışdırmaq, yallı getmək, Novruz oyunları oynamaq, süfrəyə “S” hərfi ilə başlayan yeddi növ ərzaq qoymaq və sairə kimi adətlər yerinə yetirilir.  Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da bu bayrama xüsusi hazırlıq işləri görülmüş, rayonun şəhər və kəndləri bayramsayağı, Novruz atributları ilə bəzədilmişdir.
Bayram şənliyi Rayon Mədəniyyət Mərkəzində başlamışdır. Əvvəlcə, mərkəzin foyesində təşkil olunmuş sərgiyə baxış keçirilmişdir Tədbiri rayon İcra hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açmış və xalqımızı bayram münasibətilə təbrik etmişdir.  Bayramın əhəmiyyəti, son on ildə ölkəmizin keçdiyi böyük inkişaf yolu, son illər rayonda aparılmış tikinti-quruculuq və abadlıq işləri barədə geniş məlumat verdikdən sonra bildirmişdir ki, Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin oyanmasının, əkinçiliyin rəmzidir. Bütün bunlar İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır.
Lakin çox təəssüf ki, Sovet hakimiyyəti dövründə dinlə heç bir əlaqəsi olmayan, yalnız canlı təbiətin oyanması ilə bağlı olan Novruz  bayramına qadağalar qoyulmuş, onun bayram kimi qeyd olunması yasaq edilmişdir. Buna baxmayaraq xalqımız bu bayramı qoruyub saxlamış və yaşatmışdır. Ulu Öndər Heydər Əliyev bu bayramın yaşaması üçün böyük xidmətlər göstərmişdir. Azərbaycan müstəqil olduqdan sonra Novruzun xalqımız tərəfindən ən ulu, ən əziz bayram kimi qeyd olunması üçün bütün imkanlar yaranmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının hər il xalqımızı  bayram münasibətilə təbrik etməsi, Novruz şənliklərində ailəsi ilə birlikdə özünün iştirakı bayramın əhəmiyyətini və xalqımızın bayram əhval-ruhiyyəsini daha da artırır. 
Sonra bayram şənliyi Rayon Mədəniyyət Mərkəzinin qarşısında davam etmişdir.  Kosa və Keçəlin, Bahar qızın söylədikləri şeir, məzəli əhvalatlar, Qazax Dövlət Dram Teatrının  aktyorlarının ifasında göstərilən tamaşalar,  Novruzla bağlı adətlər, “Vurğun” ınstrumental ansamblının üzvlərinin ifasında oxunan  rəngarəng mahnılar və müxtəlif rəqslər rayon əhalisinin və tamaşaçıların sevincinə səbəb olmuş, onların bayram əhval-ruhiyyəsini daha artırmışdır. Sərbəst güləş üzrə Azərbaycan Milli Komandasının böyük məşqçisi, Şöhrət Ordenli Firdofsi Umudovun, “Space” televizyasının “Mikayılla şou” verlişinin aparıcısı Mikayıl Nürəddinoğlunun və muğam ifaçısı İlkin Əhmədovun bayram şənliklərində iştirakı və çıxışları tədbirə xoş ovqat və yeni rəng qatmışdır. Rayonda bayram şənlikləri günün sonunadək davam etmişdir.
Novruz bayramı ilə əlaqədar rayonda yaşayan imtiyazlı və aztəminatlı ailələrə, həmçinin hərbi hissələrin əsgərlərinə Novruz  sovqatları verilmişdir.

Keçidlər