Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda çoxmənzilli yaşayış binalarının təmiri uğurla davam etdirilir

05 fevral 2019 | 16:00

2018-ci il Qazaxda bir çox sahələrdə yaddaqalan olmuşdur. Belə ki, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə olunan uğur və nailiyyətlərlə yanaşı, rayonda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülmüşdür.
Rayonda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması sahəsində də uğurlu olub. Belə ki, son iki il yarımda ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-2018-ci illərdə çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri görülüb. 4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evləri tikilib və ya əsaslı təmir olunub. Bu gün əminliklə deyə bilərik ki, rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu yüksək səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Bundan əlavə, 2018-ci il dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə də əlamətdar oldu. Məhz həmin Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 mənzilli və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.
Sevindirici hallardan biri odur ki, ölkəmizdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu il də davam etdirilir.
Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin 4 fevral 2019-cu il tarixli Sərəncamı bu sahədə görülən işlərin bundan sonra da uğurla həyata keçirilməsindən xəbər verir.
Həmin Sərəncamla Qazaxda 8 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyünün dəyişdirilməsinin yer alması sakinlər tərəfindən də böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır. Bunu rayon rəhbəri çoxmənzilli binalarda görülən işlərlə tanış olan zaman sakinlər öz minnətdarlıqlarını bildirərək bir daha sübut ediblər.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri aparılan çoxmənzilli binalarda olub, görülən işlərlə maraqlanıb.
Rayon rəhbəri əvvəlcə şəhərin Azadlıq küçəsində yerləşən və dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulan 107 saylı binada olub, sakinlərlə görüşüb.
Son illər ölkə başçısının çoxmənzilli binaların təmiri ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan söz açan icra başçısı şəhərdəki digər binalar kimi bu binanın da dam örtüyünün dəyişdiriləcəyini qeyd edib. Bu həftə ərzində binanın dam örtüyünün dəyişdirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıq verib. Rayon rəhbərinin bu xəbərini razılıq hissi ilə qarşılayan sakinlər ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra rayon rəhbəri təmir işləri aparılan Heydər Əliyev prospekti 179 ünvanında yerləşən 9 mərtəbəli, 2 bloklu binada görülən işlərlə tanış olub. Bildirilib ki, iki blokdan ibarət olan binada ilk gündən işlərə böyük sürətlə start verilib. Bunun nəticəsidir ki, artıq bir blokda bütün işlər başa çatıb. Hər bir mərtəbədə köhnə suvaqlar çapılaraq tökülüb, yeni astar və üzlük vurulub. Bundan əlavə, rabitə və elektrik xətləri səliqəyə salınıb. İkinci blokda isə beşinci mərtəbəyə kimi bütün işlər yekunlaşıb. Eyni işlər bu mərtəbələrdə də həyata keçirilib. Digər mərtəbələrdə də köhbə suvağın çapılaraq tökülməsinə başlanılacaq.
Görülən işlərlə tanış olan icra başçısı işlərin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini qeyd edib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib. Rayon rəhbəri binanın həyətində də abadlıq işlərinin aparılmasını, digər binalarda olduğu kimi, bu binanın da həyətində xeyir-şər evinin tikilməsinə başlanılmasını bildirib.
Bina sakinlərindən Validə Nəsibova, Şahin Əliyev rayonda görülən genişmiqyaslı işlərə, eləcə də çoxmənzilli binalarda aparılan abadlıq işlərinə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ediblər. Sakinlər qeyd ediblər ki, ölkə başçısının dünən çoxmənzilli binalarla bağlı imzaladığı Sərəncam bir daha onu göstərdi ki, o, hər zaman öz sadə vətəndaşının yanındadır. Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Görülən bu işlər isə biz sakinlərdə böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, dövlətə və dövlət başçısına olan inam hissimizi daha da artırır.  Bu gün rayonda vətəndaş amilinin hər zaman ön planda tutulduğunu qeyd edən bina sakinləri uzun illərdən bəri təmir olunmayan binanın liftinin bərpa olunmasını, xüsusilə də əsaslı təmir işlərinin aparılmasını minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər. Görülən işləri onlara göstərilən diqqət və qayğı kimi qiymətləndirən sakinlər ölkə başçısına və rayon rəhbərinə təşəkkürlərini çatdırıblar.
Daha sonra rayon rəhbəri hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan şəhərin H.Əliyev prospektində yerləşən 173 və 175 saylı binalarda görülən işlərlə də tanış olub.
Rayon rəhbərinə məlumat verilib ki, 173 saylı binada 3 blokda, 175 saylı binada isə 2 blokda işlər tam başa çatıb. Hər iki binada bloklarda astar və üzlük vurulması, rabitə və elektrik xətlərinin səliqəyə salınması işləri aparılıb. Eyni zamanda, 175 saylı binanın həyətində abadlıq işləri də həyata keçirilir. Belə ki, binanın xarici fasadında və həyətdə olan hasarda suvaq işlərinə başlanılıb. 
Binaların bloklarında görülən işlərlə yaxından tanış olan icra başçısı hər iki binada işlərin keyfiyyətinə fikir verilməsini bildirib, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
175 saylı binada yaşayan sakinlərdən Məmmədhüseyn Hacıyev yaşadıqları binada aparılan quruculuq işlərinə görə minnətdarlıq edərək bu işləri yüksək qiymətləndirib. Sakinlərin yaşayış şəraitinin, rahatlığının təmin olunması sahəsində görülən işləri onlara göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndirib.

 

Keçidlər