Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha bir çoxmənzilli binanın təmirinə başlanılıb

08 fevral 2019 | 16:00

Qazaxda son iki il yarımdır ki, ölkə başçısı İlham Əliyevin çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən rayonda olan çoxmənzilli yaşayış binaları əsaslı şəkildə təmir olunur. Məhz həmin Sərəncamın uğurla icra olunmasının nəticəsidir ki, 2017 və 2018-ci ildə çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri görülüb. 4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evləri tikilib və ya əsaslı təmir olunub. Rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu yüksək səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Ötən il ölkə başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 mənzilli və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsindən xəbər verir.
Rayon sakinləri tərəfindən də minnətdarlıq hissi ilə qarşılanan çoxmənzilli binaların təmirinə 2019-cu ilin ilk günündən böyük sürətlə start verilib.
Ötən yazılarımızda da şəhərin Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli, Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı binalarda təmir işlərinin aparılması barədə məlumat vermişdik.
Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin 4 fevral 2019-cu il tarixli Sərəncamına əsasən rayonda daha bir neçə binanın əsaslı təmirinə başlanılıb. Həmin Sərəncamla Qazaxda 8 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyünün dəyişdirilməsinin nəzərə alınması sakinlər tərəfindən də böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.
Rayon rəhbəri bu həftə şəhərin Azadlıq küçəsində yerləşən və dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulan 107 saylı binada olan zaman əsaslı təmir işlərinin aparılması ilə əlaqədar tapşırıq vermişdi.
Artıq bu gündən həmin binanın təmirinə start verilib. Belə ki, binanın dam örtüyünün dəyişdirilməsinə və bloklarda işlərə başlanılıb. Köhnə suvaqlar çapılaraq yeni suvaq və üzlük vurulur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri aparılan həmin çoxmənzilli binada olub, görülən işlərlə maraqlanıb.
Görülən işlərlə tanış olan icra başçısı işlərin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini qeyd edib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.
Bina sakinlərdən Zoya Nəsibova yaşadıqları binada aparılan quruculuq işlərinə görə minnətdarlıq edərək bu işləri yüksək qiymətləndirib. Sakinlərin yaşayış şəraitinin, rahatlığının təmin olunması sahəsində görülən işlərin onlara göstərilən qayğının bariz nümunəsi olduğunu qeyd edib. Bütün bina sakinləri adından ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə bina sakinləri adından minnətdarlığını bildirib.

 

Keçidlər