İcra başçısı sakinlərin qayğıları ilə maraqlanıb
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Mal bazarı” deyilən ərazidə yaradılan şəraitlə tanış olub.
Rayon rəhbərinin tapşırıq və tövsiyəsinə əsasən bazar ətrafında genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Bazar ətrafında 2 hektara yaxın əraziyə şeben tökülərək qreyderlə hamarlanıb. Ərazidə olan obyektlər təmir olunaraq rənglənib. Lazım olan yerlərdə kanalizasiya xətti yenilənib. Bundan əlavə, iribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanması və bağlanması üçün xüsusi yer düzəldilib. Bir sözlə, vətəndaşların istəyini nəzərə alaraq öz mal-qarasını rahat şəkildə satmaları üçün lazımi şərait yaradılıb.
İcra başçısı sakinlərlə görüşüb, onlarla söhbət edərək qayğıları ilə maraqlanıb. Bildirib ki, görülən bütün işlər siz rayon sakinlərinin rahatlığınızın təmin olunmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Rayon rəhbəri qeyd edib ki, necə ki, şəhərin mərkəzi bazarında sakinlərin rahatlığı üçün hər cür şərait yaradıldı, eləcə də çalışdıq ki, bu bazarda sizlərin öz mal-qaranızı rahat şəkildə satmanız üçün lazımi şərait yaradılsın.
İcra başçısı vurğulayıb ki, ölkə başçısının da söylədiyi kimi, görülən bütün işlər bir amala xidmət edir ki, onun da kökündə siz sakinlər dayanırsınız. Məqsədimiz sizlərin qaldırdığı hər bir məsələnin öz müsbət həllini tapmasına nail olmaqdır.
Görülən bütün işləri, yaradılan səliqə-səhmanı, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirən sakinlər rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.