Şriftin ölçüsü :

Saytın rəngi :

Çoxmənzilli binalara baxış keçirilib

11 fevral 2019 | 16:00

Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazax rayonunda bütün sahələrdə olduğu kimi, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Bu baxımdan rayondakı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi böyük əhəmiyyət kəsb edir.
Son iki il yarımda demək olar ki, ölkə başçısı İlham Əliyevin çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu yüksək səviyyədə təmir olunub. Binaların fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri görülüb. 4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evləri tikilib.
Ötən il ölkə başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı da bu istiqamətdə görülən işlərin bundan sonra da uğurla həyata keçirilməsinə böyük təkan verdi. Rayon sakinlərinin də minnətdarlıq hissi ilə qarşıladığı həmin Sərəncama əsasən rayonda daha iki binanın - şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 mənzilli və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binaların dam örtükləri dəyişdirildi.
2019-cu ilin ilk günündən isə çoxmənzilli binaların təmirinə böyük sürətlə start verilib.  Şəhərin Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli, Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı və N.Nərimanov yaşayış massivində yerləşən 40 saylı binalarda aparılan təmir işləri bunu söyləməyə əsas verir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə şəhərdə əsaslı şəkildə təmir olunaraq istifadəyə verilən, eyni zamanda, hazırda təmir işləri aparılan çoxmənzilli yaşayış binalarına baxış keçirib, binalarda aparılan təmir işləri ilə tanış olub.
Rayon rəhbərliyi əvvəlcə Azadlıq küçəsi 206A ünvanında yerləşən və əsaslı şəkildə təmir olunan 6 bloklu, 5 mərtəbəli binada yaşayan sakinlərlə görüşüblər. Administrasiya nümayəndəsinə məlumat verilib ki, hazırda binanın həyətində sakinlərin istəyini nəzərə alaraq xeyir-şər evinin tikilməsinə başlanılıb. Bununla bağlı lazımi işlər görülüb və bütün tikinti materialları gətirilib. Səmimi ürək sözlərini çatdıran bina sakinləri yaşadıqları binanın təmir olunmasına, xüsusilə də onların istəyini nəzərə alıb xeyir-şər evinin tikilməsinə görə ölkə başçısına və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra rayon rəhbəri və administrasiya nümayəndəsi təmir olunmuş binalardan - şəhərin Hüseyn Arif küçəsində, “Hərbi şəhərcik” adlanan ərazidə yerləşən 3 saylı binanın sakinləri ilə görüşüblər. Bu görüşdə də ölkə başçısının ünvanına minnətdarlıq dolu sözlər səslənib. Binada yaşayan sakinlər bildiriblər ki, bu gün dövlətimiz tərəfindən hərbçilərə, onların ailələrinə göstərilən diqqət və qayğının ən bariz nümunəsi yaşadığımız binaların əsaslı şəkildə təmir olunmasıdır. Yaşayış şəraitimizin yaxşılaşdırılması istiqamətində görülən işlərdir. 
Respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin 4 fevral 2019-cu il tarixli Sərəncamına əsasən rayonda daha bir neçə binanın əsaslı təmirinə başlanılıb. Həmin Sərəncama əsasən təmir işləri aparılan çoxmənzilli binalardan biri də şəhərin Azadlıq küçəsində yerləşən 107 saylı binadır. Rayon rəhbərliyi həmin binada da olub, görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, binanın dam örtüyünün dəyişdirilməsinə və bloklarda təmir işlərinə başlanılıb. Köhnə suvaqlar çapılaraq yeni suvaq və üzlük vurulur. Eyni zamanda, binanın xarici fasadında da suvaq işləri görülür. Çoxmənzilli binalarda görülən işləri yüksək qiymətləndirən bina sakinləri ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Respublika Prezidenti İlham Əliyevin siyasətinin Qazax rayonunda olduğu kimi icra olunmasının nəticəsidir ki, son 2 il yarımda abadlıq və quruculuq işləri geniş vüsət alıb. Bunu rayonda inşa olunan sosial obyektlərin, uşaq bağçalarının, məktəblərin tikilməsindən, yolların çəkilməsindən, bir sözlə, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərindən də aydın şəkildə görmək olur. Bu fikirlər bu gün "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında yaşayan sakinlər tərəfindən səsləndirilib. 4 saylı binada yaşayan sakinlərdən Pərnisə Qədimova, 5 saylı binanın sakini Nailə Əliyeva səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə öz dərin təşəkkürlərini çatdırıblar. Ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndiriblər. Bildiriblər ki, bu gün biz vətəndaş olaraq sevinirik ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Qazaxda uğurla icra olunur. Rayonda aparılan abadlıq və quruculuq işləri, xüsusilə də çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunması geniş vüsət alıb.
Respublika Prezidentinin müvafiq Sərəncamına əsasən dam örtüyü dəyişdirilən binalardan biri də N.Nərimanov yaşayış massivində yerləşən 40 saylı binadır. Rayon rəhbəri və administrasiya nümayəndəsi bu gün həmin binaya da baş çəkiblər. Görülən işlərlə tanış olublar. Bina sakinləri çoxmənzilli binalarda görülən işlərdən danışıblar. Ölkə başçısının müvafiq Sərəncamlarına əsasən çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunmasını vətəndaşlara göstərilən yüksək qayğının əyani təzahürü olduğunu qeyd ediblər.

Keçidlər