Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Qazax rayonunda olmuşdur

31 mart 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən Mərkəzi İcra  Hakimiyyəti orqanlarının rəhbərlərinin  bölgələrdə vətəndaşlarla görüşləri davam edir. Martın 30-da Mədəniyyyət və Turizm naziri Əbülfəs Qarayev  Tovuz şəhərində  Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarının sakinlərini qəbul edib. Sonra Nazir Tovuz rayonu ərazisindəki e.ə VI minilliyə aid edilən Göytəpə neolit dövrü abidəsini, Tarix-Diyarşünaslıq muzeyini, Qovlar şəhər Mədəniyyət evini ziyarət etmişdir.
Nazir Əbülfəs Qarayev qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonunda da olmuşdur. Nazir  Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərovla birgə rayondakı dünya əhəmiyyətli  tarix və mədəniyyət abidələri ilə tanış olmuş və orta poleolit (mustiye) dövrünə aid edilən Daşsalahlı mağarası, Damcılı bulağı və Gürcüstan Respublikası ilə sərhəddə yerləşən, XII əsrə aid edilən Sınıq Körpü  tarixi abidələrinə baxmışdır. Rayon rəhbərliyi və nazirliyin yerli qurumlarının nümayəndələri ilə görüş zamanı Nazir tarix və mədəniyyət abidələrinin mühafizəsi, təmir–bərpası, turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı maraqlı fikirlər söyləmişdir. Nazir bildirmişdir ki, hazırda Tovuz, Şəmkir, Ağstafa rayonları ilə yanaşı, Qazax rayonunda da yerləşən tarixi abidələrin vahid turizm marşurutlarına daxil olması ilə bağlı işlər aparılır və bu işlər proqram şəklində aparılacaqdır.
Ən qədim yaşayış məskənlərindən biri olan Damcılı yaşayış düşərgəsinin və “Avey” DTMQ-nun ərazisində tapılan maddi-mədəniyyət nümunələrinin toplanaraq turistlərə təqdim olunması üçün bu ərazidə açıq səma altında muzeyin yaradılması təklifini cənab Nazir bəyənmiş və yaxın zamanlarda bu layihənin həyata keçiriləcəyini bildirmişdir. Daha sonra cənab Əbülfəs Qarayev həmin ərazi ilə bağlı yaranmış əfsanələrin, rəvayətlərin toplanaraq buklet-kitab şəklində çap edilməsi və turistlərə paylanmasını, bunların aşıq sənəti ilə birləşdirilməsini tövsiyyə etmişdir.
Bunlarla yanaşı, cənab Əbülfəs Qarayev qoruq ərazisində yerləşən dünya əhəmiyyətli abidə olan “Damcılı” bulağının regionda turizm infrastrukturu üçün geniş imkanlar vəd etdiyini söyləmiş, gələcəkdə turizmin digər sahələrini–çay turizminin, ekstremal turizmin, at üzərində turizmin inkişafı və  iaşə xidmətlərinin yaradılması, qoruq ərazisində yerləşən eksponatların kiçik maketinin hazırlanaraq satışının təşkili istiqamətində işlərin aparılması barədə göstəriş vermişdir.
Ümumilikdə, cənab Əbülfəs Qarayev qoruq ərazisində 500-dən çox  Eldar şamı və digər tinglərin əkilməsini, üzərində qoruğun tarixi abidələrinin şəkilləri olan buklet, broşura, təqvimlərin hazırlanmasından razı qalmış və bu sahədə görülmüş işlərin qənaətbəxş olduğunu  bildirmişdir.

Keçidlər