Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha iki bağçanın təmirinə başlanılacaq

14 fevral 2019 | 16:00

“Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biri kimi Azərbaycanın Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsidir. Bu gün yaradılmış infrastruktur və çoxşaxəli logistika sistemindən istifadə edərək Azərbaycanın istənilən ərazisinə sement satışını həyata keçirən, fəaliyyətdə olduğu qısa müddət ərzində istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə nail olan zavodun həyata keçirdiyi layihələr, gördüyü bütün işlər ölkənin milli rifahına öz töhfəsini verməkdir.
“Qazax Sement Zavodu” MMC fəaliyyətə başladığı ilk gündən nəinki tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyub, bu şirkət eyni zamanda öz xeyirxah əməlləri ilə də hər zaman seçilməyi bacarıb. Belə ki, zavodun yerləşdiyi Daş Salahlı kəndində həyata keçirdiyi çoxsaylı işlər hər kəsə məlumdur. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı uşaq bağçasının və 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilməsi bu dediklərimizin əyani sübutudur.
Öz ənənəsinə sadiq qalan “Qazax Sement Zavodu” MMC xeyirxah əməllərini bu il də davam etdirir. Belə ki, zavod daha bir bağçanın – Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmirini də öz üzərinə götürüb. Bu isə o deməkdir ki, bu xeyirxahlıq sayəsində kənddə olan üçüncü bağça da tam müasir səviyyəyə çatdırılacaqdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qazax Sement Zavodu” MMC-nin idarə heyətinin sədri Vüqar Süleymanov və zavodun digər əməkdaşları ilə birlikdə Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasında olub, mövcud vəziyyətlə maraqlanıblar.
Sonra bağçanın həyətində sakinlərlə görüşüblər.
Rayon rəhbəri bildirib ki, bu gün rayonda təmir olunması nəzərdə tutulan 6 uşaq bağçasından biri də Daş Salahlı kəndində yerləşən bu bağçadır. “Qazax Sement Zavodu” MMC-nin bu bağçanın təmirini üzərilərinə götürmələri bir daha onu sübut etdi ki, bu zavod fəaliyyət göstərdiyi bölgədə, yerləşdiyi kənddə hər zaman sakinlərin rahatlığını düşünür. Dövlətin, dövlət başçısının uşaqlara olan qayğısını rəhbər tutaraq bu sahədə öz töhfəsini verməyə çalışır. İcra başçısı bağça binasının əsaslı şəkildə təmirinə və körpə uşaqlara olan bu qayğıya görə “Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə rayon sakinləri, xüsusən də Daş Salahlılar adından minnətdarlığını bildirib.
“Qazax Sement Zavodu” MMC-nin idarə heyətinin sədri Vüqar Süleymanov zavodun gördüyü işlərdən söz açaraq gənclərə də hər zaman dəstək olduqlarını qeyd edib. Təhsil aldıqları müddətdə dəstək olduqları tələbələrlə daim əlaqə saxladıqlarını, ali təhsil alan həmin gəncləri zavodda işlə təmin etdiklərini bildirib. Zavodda 6 nəfər alman mütəxssisin çalışdığını qeyd edən natiq bildirib ki, gəncləri zavoda işə dəvət etməkdə də əsas məqsədimiz yerli peşəkar mütəxəssisləri hazırlmaqdır. Zavod olaraq hər zaman çalışırıq ki, gənc kadrların potensialından bəhrələnək. Eyni zamanda, ölkəmizdə işsizliyin aradan qaldırılmasında zavod olaraq öz töhfəmizi verək. Bağçanın tikintisindən söz açan zavod rəhbəri bildirib ki, təhsil sahəsi gündən-günə inkişaf edir, özünün intibah dövrünü yaşayır. Təhsilin bazasında isə məktəbəqədər təhsil müəssisələri olan bağçaların xüsusi rolu vardır. Bu baxımdan da çalışırıq ki, bu sahədə də dövlətimizə zavod kollektivi olaraq daim dəstək olaq. Müasir standartlara cavab verən bağçaların inşa olunmasında yaxından iştirak edək. Necə ki, 2017-ci ildə biz bu istəyimizə nail ola bildik, iki uşaq bağçasını körpə balaların istifadəsinə verdik. Əminəm ki, 2019-cu il də bu sahədə bizim üçün uğurlu olacaqdır. Bu il də körpə fidanlarımızı sevindirəcəyik.
Kənd ağsaqqallarından Bəhlul Süleymanov, Akif Yusifov, Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova, "Daş Salahlı” SİB-in icraçı direktoru Almara Abdullayeva, valideyn-nənə Flora Həsənova çıxış edərək son illər rayonda, eləcə də  Daş Salahlı kəndində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Bütün sahələrlə yanaşı, rayonda körpələrə olan qayğını xüsusi minnətdarlıq hissi ilə qarşıladıqlarını çatdırıblar. “Qazax Sement Zavodu” MMC-nin kənddə gördükləri işləri yüksək qiymətləndirdiklərini bildirən çıxışçılar bağçanın təmir olunmasına görə öz razılıqlarını ifadə ediblər. Fəaliyyətə başladığı ilk gündən zavodun kəndin bütün tədbirlərində yaxından iştirak etdiklərini, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşdıqlarını, əlamətdar günlərdə hər zaman yad etdiklərini vurğulayıblar. Göstərilən bütün diqqət və qayğıya görə sonsuz təşəkkürlərini bildiriblər.
Bağça müdiri Təranə Sultanova çıxış edərək bağçanın təmir olunması xəbərini kollektiv olaraq sevinc hissi ilə qarşıladıqlarını bildirib. Digər kənd bağçaları kimi, bu bağçanın təmir olunmasını dövlət tərəfindən uşaqlara olan qayğının əyani təzahürü kimi qiymətləndirib. Təmir işlərinin aparılmasına görə “Qazax Sement Zavodu” MMC-nin kollektivinə və rayon rəhbərliyinə işçilər, valideynlər, bütün kənd sakinləri adından dərin minnətdarlığını çatdırıb.
Daha sonra rayon rəhbəri Hüseynbəyli kəndinə gələrək kənd uşaq bağçasının tikiləcəyi əraziyə baxıb, tikintinin yaxın vaxtlarda başlanması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

 

 

Keçidlər