Çoxmənzilli binalarda görülən işlər sürətlə davam etdirilir
Ötən il çoxmənzilli binalarda aparılan təmir-tikinti işləri bu il də davam etdirilir. Demək olar ki, yeni ilin ilk günündən çoxmənzilli binaların təmirinə böyük sürətlə start verilib. Respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı 4 fevral 2019-cu il tarixli Sərəncam isə bu sahədə görülən işlərin uğurla davam etdirilməsinin əyani sübutudur.
Qeyd etdiyimiz kimi, hazırda şəhərin Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli, Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı və N.Nərimanov yaşayış massivində yerləşən 40 saylı binalarda təmir işləri aparılır. Daha bir binanın – Azadlıq küçəsi 206A saylı binanın qarşısında isə sakinlərin istəyini nəzərə alaraq xeyir-şər evi tikilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov demək olar ki, təmir işləri başlayan ilk gündən mütəmadi olaraq tikinti aparılan həmin binalarda olur, görülən işlərin keyfiyyəti ilə maraqlanır, özünün lazımi tapşırıq və tövsiyələrini verir.
İcra başçısı bu gün Azadlıq küçəsi 206A ünvanında yerləşən və əsaslı şəkildə təmir olunan 6 bloklu, 5 mərtəbəli binada yaşayan sakinlərin istəyini nəzərə alaraq tikilən xeyir-şər evində görülən işlərlə maraqlanıb. Bildirilib ki, hörgü işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə isə dam örtüyünün vurulmasına başlanılacaq.
Sonra rayon rəhbəri şəhərin Heydər Əliyev prospekti yerləşən 173 və 179 saylı binalarda görülən təmir işləri ilə də tanış olub.
Şəhərin Heydər Əliyev prospekti 179 saylı binada yaşayan sakinlərdən Şahin Əliyev rayonda görülən genişmiqyaslı işlərə, eləcə də çoxmənzilli binalarda aparılan abadlıq işlərinə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq edib. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü işləri yüksək qiymətləndirdiklərini bildirib.