Şriftin ölçüsü :

Saytın rəngi :

Çoxmənzilli binalarda işlər sürətlə davam etdirilir

21 fevral 2019 | 16:00

Bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Sevindirici haldır ki, həmin abadlıq işlərinin siyahısında çoxmənzilli binaların təmirinə də xüsusi yer ayrılır. İstər ötən il, istərsə də bu il çoxmənzilli binalarda aparılan təmir işləri bu dediklərimizin əyani sübutudur. Ölkə başçısının müvafiq Sərəncamlarına əsasən rayonda olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunaraq sakinlərin istifadəsinə verilməsi vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, eyni zamanda, xeyli sayda rayon sakininin işlə təmin olunması deməkdir.
Yeni ilin ilk günündən böyük sürətlə start götürən təmir işləri hazırda uğurla davam etdirilir. Respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı 4 fevral 2019-cu il tarixli Sərəncam isə bu sahədə görülən işlərin bundan sonra da davam etdirilməsinə əyani sübutdur.
Məlumat verdiyimiz kimi, hazırda şəhərin Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli, Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən  206A saylı binanın qarşısında isə sakinlərin istəyini nəzərə alaraq xeyir-şər evi tikilir.
Təmir işləri başlayan ilk gündən mütəmadi olaraq tikinti aparılan həmin binalarda görülən işlərlə tanış olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu sahəni daim diqqət mərkəzində saxlayır, işlərin keyfiyyəti ilə maraqlanır, lazımi tapşırıq və tövsiyələrini verir.
İcra başçısı bu gün şəhərin Heydər Əliyev prospektində yerləşən 4 bloklu, beşmərəbəli 175 saylı binada görülən işlərlə maraqlanıb. Bildirilib ki, artıq 3 blokda astar və üzlük vurulması işi tam başa çatıb, 1 blokda isə astar vurulması yekunlaşıb, hazırda üzlük vurulması davam etdirilir. Bundan əlavə, binanın xarici fasadında da xeyli hissədə suvaq vurulub. Binanın həyətindəki hasarda da suvaq işləri aparılıb. Bütün bloklarda və həyətdə elektrik xətləri də səliqəyə salınıb.
Bu gün rayon ictimaiyyəti Qazaxda görülən genişmiqyaslı işlərə, eləcə də çoxmənzilli binalarda aparılan təmir işlərinə görə dövlət başçısı İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq edirlər. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bütün işləri yüksək qiymətləndirirlər.

 

Keçidlər