Sərhəd kəndi olan Kəmərlidə yeni bankomat qoyulub
Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda vətəndaş amili daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlar tərəfindən müraciət olunan hər bir məsələyə rayon rəhbərliyinin xüsusi həssaslıqla yanaşması bunun əyani sübutudur. Məhz bu diqqət və qayğının nəticəsidir ki, istər səyyar görüşlər zamanı, istərsə də məktubla ünvanlanmış müraciətlər bu gün öz müsbət həllini tapır.
Sərhəddə yaşayan bir qrup Kəmərli kənd sakininin kənddə bankomat qoyulması ilə bağlı müraciətlərinin öz həllini tapması da bu dediklərimizin bariz nümunəsidir. Belə ki, rayon rəhbəri kənd sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq kənddə bankomat qoyulması barədə aidiyyəti üzrə tapşırıq vermişdi.
Artıq həmin tapşırıq yerinə yetirilib və Beynəlxalq Bank tərəfindən sərhəddə yerləşən Kəmərli kəndində yeni bankomat qoyulub. Kəndin girəcəyində, “Elvin” marketin qarşısına qoyulan bu bankomat sakinlərin rahatlığının təmin olunması deməkdir.
Düşmənlə sərhəddə yaşayan sakinlər onların rahatlığının təmin olunmasına görə razılıq edir və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər.
Məlumat üçün qeyd edək ki, rayon ərazisində Beynəlxalq Banka məxsus 7 ədəd bankomat sakinlərin istifadəsində idi ki, bir bankomat da Kəmərli kəndində qoyularaq bu say 8-ə çatdırıldı. Bundan əlavə, Kapital Banka məxsus olan bankomatların sayı isə 5 ədəd təşkil edir.
Həmçinin, rayon rəhbərliyinin qayğısı sayəsində digər kəndlərdə də yeni bankomatların qoyulması nəzərdə tutulub.