Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Xocalı faciəsinin 27–ci ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı ədəbi–bədii kompozisiya və sərgi keçirilib

25 fevral 2019 | 16:00

Bu gün Xocalı faciəsinin 27–ci ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı ədəbi–bədii kompozisiya və sərgi keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, bağça müdirləri, şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər. 
Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbirdə iştirakçılar əvvəlcə Gənclər  Mərkəzinin foyesində məktəblilərin Xocalı faciəsinə həsr etdikləri 50 rəsm əsərindən ibarət sərgi ilə tanış olublar. Rayon rəhbəri hər bir rəsmin qarşısında dayanaraq əl işlərinə baxıb, məktəblilərlə söhbət edib, bu istedadlı uşaqların rəsmlərdə nə demək istədikləri ilə maraqlanıb. Uşaqlar çəkdikləri rəsmlər haqqında məlumat verməklə yanaşı, Xocalıya həsr edilmiş şeirlər söyləyiblər.
Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edən icra başçısı uşaqların Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandırdıqlarını, rəsmlərdə düşmənə nifrətin və Xocalıya ədalətin çox canlı şəkildə əks olunduğunu bildirib.
Sonra Mərkəzin böyük zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunduqdan sonra faciə qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbiri aparıcısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Qeyd edib ki, qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qaldı.
Xocalı faciəsi ilə bağlı görülən işlərdən söz açan aparıcı "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Respublika Prezidenti İlham Əliyev tərəfindən 2019-cu il 5 fevral tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbəri tərəfindən 2019-cu il 6 fevral tarixli 11 nömrəli Sərəncamlar imzalandığını vurğulayıb. Qeyd edib ki, həmin Sərəncamları rəhbər tutaraq Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 11 fevral 2019-cu il tarixli 9-21/32 nömrəli Sərəncam imzalamışdır. Sərəncama əsasən Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində Xocalı soyqırmına həsr olunmuş silsilə tədbirlər, anım mərasimləri keçirilir və bu gün də həmin tədbirlər davam etdirilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışıb. Qeyd edib ki, Xocalıda baş verən dəhşətli gecəni Azərbaycan xalqı 27 ildir ki yaşayır. İnsanlığa qarşı törədilən o dəhşətli soyqırım bir daha sübut edir ki, həmin hadisəni törədənləri canlı belə adlandırmaq olmaz. Çünki Xocalıda törədilən soyqırımın, faciənin misli-bərabəri yoxdur. Bütün dünya insanlığa qarşı vəhşiliyi fevralın 25-dən 26-na keçən gecə Xocalıda izlədi.
İcra başçısı qeyd edib ki, Xocalı soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılmışdır. 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması qərara alınmışdır.
Respublika Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən söz açan rayon rəhbəri bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılmasının bu istiqamətdə görülən işlərin bariz nümunəsi olduğunu bildirib.
İcra başçısı qeyd edib ki, bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi var ki, onlardan 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ölkə başçısının apardığı məqsədyönlü və düşünülmüş siyasət nəticəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını bildirən rayon rəhbəri bunun üçün Azərbaycanın güclü ordusunun olduğunu qeyd edib. 2016-cı ilin Aprel döyüşlərini qələbəyə aparan yolun, zəfər səlnaməsinin başlanğıcı olduğunu bildirib.
Sonra şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasında “Cəzasız cinayət” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Uşaq Gənclər-İnkişaf Mərkəzinin dərnək üzvlərinin Azərbaycanın ilk işğal olunmuş kəndi Bağanıs Ayrım kəndinə, eləcə də Xocalı faciəsinə həsr etdikləri “Əsgərana gedən yol” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. 2 saylı Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında “Sarı gəlin” kompozisiyası, xor kollektivinin ifasında səslənən “Xocalım” adlı mahnı, müəllim kollektivinin ifasında “Qalx ayağa Azərbaycan!” şeiri o ağrılı-acılı günləri canlandırıb, düşmənə nifrət hissini alovlandırıb, Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizəni bir daha əks etdirib.

 

Keçidlər