Xocalı faciəsinin qurbanları ehtiramla anıldı
Qazaxda Xocalı faciəsinin 27–ci ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı ədəbi–bədii kompozisiya və sərgi keçirilmişdir. Gənclər Mərkəzində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində məktəblilərin Xocalı faciəsinə həsr etdikləri 50 rəsm əsərindən ibarət sərgi ilə tanış olmuşlar.
Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edən Rəcəb Babaşov uşaqların Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandırdıqlarını, rəsmlərdə düşmənə nifrətin və Xocalıya ədalətin çox canlı şəkildə əks olunduğunu bildirmişdir.
Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunduqdan sonra faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək demişdir ki, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə gecə şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışmışdır. Qeyd etmişdir ki, Xocalıda baş verən dəhşətli gecəni Azərbaycan xalqı 27 ildir ki, yaşayır. Xocalıda törədilən soyqırımının, faciənin misli-bərabəri yoxdur. Bütün dünya insanlığa qarşı vəhşiliyi fevralın 26-na keçən gecə Xocalıda görüb.
İcra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Xocalı soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılmış, 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması qərara alınmışdır.
Respublika Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən söz açan rayon rəhbəri məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. O, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılmasının bu istiqamətdə görülən işlərin bariz nümunəsi olduğunu bildirmişdir.
İcra hakimiyyətinin başçısı demişdir ki, bu gün düşmənlə 168 kilometr məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən atəşinə məruz qalan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 şəhidi var ki, onların da 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ölkə başçısının apardığı məqsədyönlü və düşünülmüş siyasət nəticəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını deyən rayon rəhbəri bunun üçün Azərbaycanın güclü ordusu olduğunu qeyd etmiş, 2016-cı ilin Aprel döyüşlərini qələbəyə aparan yolun, zəfər salnaməsinin başlanğıcı olduğunu bildirmişdir.
Sonra şəhər 2 saylı uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında “Cəzasız cinayət” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Uşaq Gənclər-İnkişaf Mərkəzinin dərnək üzvlərinin Azərbaycanın ilk işğal olunmuş kəndi Bağanıs Ayrım kəndinə, eləcə də Xocalı faciəsinə həsr etdikləri “Əsgərana gedən yol” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
2 saylı uşaq musiqi məktəbi müəllimlərinin ifasında “Sarı gəlin” kompozisiyası, xor kollektivinin ifasında səslənən “Xocalım”adlı mahnı, müəllim kollektivinin ifasında “Qalx ayağa, Azərbaycan!” şeiri də o ağrılı-acılı günləri canlandırmış, düşmənə nifrət hissini bir daha alovlandırmışdır.
Hamlet QASIMOV,
"Xalq qəzeti”nin
bölgə müxbiri
27 fevral 2019-cu il