Çoxmənzilli binalarda işlər sürətlə davam etdirilir
Xəbər verdiyimiz kimi, yeni ilin ilk günündən böyük sürətlə start götürən işlərdən biri də çoxmənzilli binalarda aparılan təmir işləridir. Respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının imzaladığı 4 fevral 2019-cu il tarixli Sərəncam da bu sahədə görülən işləri sürətləndirir.
Hazırda şəhərin Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli, Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyini nəzərə alaraq xeyir-şər evi tikilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov demək olar ki, təmir işləri başlayan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır, işlərin keyfiyyəti ilə maraqlanır, lazımi tapşırıq və tövsiyələrini verir.
Bu gün icra başçısı təmir işləri aparılan daha bir çoxmənzilli binada - şəhərin Azadlıq küçəsində yerləşən 107 saylı binada olub, görülən işlərlə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, binanın dam örtüyü dəyişdirilib və bloklarda təmir işləri davam edir. Köhnə suvaqlar çapılaraq yeni suvaq və üzlük vurulur. Eyni zamanda, binanın xarici fasadında da suvaq işləri görülür. Bütün bloklarda elektrik xətləri də səliqəyə salınır.
Bu gün rayon ictimaiyyəti Qazaxda görülən genişmiqyaslı işlərə, eləcə də çoxmənzilli binalarda aparılan təmir işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq edirlər. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bütün işləri yüksək qiymətləndirirlər.
Məlumat üçün qeyd edək ki, bu gün ölkə başçısının müvafiq Sərəncamlarına əsasən rayonda olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunaraq sakinlərin istifadəsinə verilib.