Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda əhalinin tibbi müayinəsi aparılır

01 mart 2019 | 16:00

Dövlət başçısının tapşırığına uyğun olaraq bu il fevralın 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Qazax rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılıb.
Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən həyata keçirilən aksiyanın bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması məqsədilə Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər Poliklinikasında hər cür şərait yaradılıb. Belə ki, səhiyyə müəssisələri lazımi dərman preparatları ilə təchiz olunub, həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
Bu cür aksiyanın keçirilməsi isə bir məqsədə xidmət edir ki, onun da kökündə vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsi dayanır. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.
6 ildir ki, ardıcıl olaraq həyata keçirilən bu xeyirxah aksiya rayonumuzda da uğurla həyata keçirilir. Rayon sakinləri tibb müəssisələrinə gələrək müayinədən keçir, dövlət tərəfindən yaradılmış bu şəraitdən yararlanaraq aksiyada fəal iştirak edirlər.
Bundan əlavə, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 14 № li Əmri ilə 3 həkim briqadası da yaradılıb. Müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu həmin səyyar həkim briqadaları qrafik üzrə kənd tibb məntəqələrində olur, həmçinin, ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri də evlərində müayinədən keçirirlər. Xəstəliklər aşkar olunduğu halda xəstələr yerlərdə, zərurət yarandığı halda isə baş həkimə məlumat verilərək rayon mərkəzinə və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar.
Məlumat üçün bildirək ki, Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, həkim və tibb məntəqələrində aparılan aksiyada fevral ayının 11-dən bu günədək artıq 19301 nəfər tibbi müayinədən keçmişdir ki, onlardan 17714 nəfər sağlam hesab edilmiş, 77 nəfər stasionar, 1479 nəfər ambulator, 31 nəfər isə istisaslaşmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb olunmuşdur. 32 nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır.
İstər mərkəzdə, istərsə də poliklinikada tibbi müayinə olunan rayon sakinləri dövlətin onların sağlamlığına göstərdiyi qayğıya görə minnətdarlıq edib, yaradılan şəraitdən razı qaldıqlarını bildirirlər. Hər il ənənə şəklini almış əhalinin pulsuz tibbi müayinəsi aksiyasının təşkil olunmasına görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər