Qazaxlı gənclər onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlıq ediblər
Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda, daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Öz tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlanıldı.
Bu gün sevindirici haldır ki, son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Respublika Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
"2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Bundan əlavə, Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi gənclərə olan qayğının bariz nümunəsidir. Əsas məqsədi respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etmək olan həmin Dövlət Proqramı bu gün uğurla icra olunur.
Bu gün Qazaxda Respublika Prezidenti cənab İlham Əliyevin yanında 25 fevral 2019–cu il tarixdə keçirilmiş iqtisadi və sosial məsələlərə həsr olunmuş müşavirədə sosial yönümlü layihələrin və aparılan uğurlu islahatların rayon gəncləri arasında təbliğ olunması ilə bağlı keçirilən tədbir də bu siyasətin uğurla davam etdirilməsi deməkdir.
Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, şöbənin baş məsləhətçisi Həmid Nəsibov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direkoru Fərid Cəfərov, idarə, müəssisə və təşkilat rəhbərləri, gənc müəllimlər, idmançılar, tələbələr, fəal gənclər iştrak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Ulu öndərin adını daşıyan mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə tanış olublar.
Tədbir Qazax rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanovun təqdimatında Qazax rayonunun gəncləri haqqında məlumatı özündə əks etdirən slaytın nümayişi ilə başlayıb.
Daha sonra gənclərlə səmimi söhbət əsasında geniş şəkildə görüş keçirilib.
Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev gənclərə həmişə yüksək qayğı göstərərək, bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Qeyd edib ki, ulu öndərimiz Azərbaycanda dövlət gənclər siyasətinin təməlini qoyub və bu gün Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsində gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər.
Bugünkü tədbirin gənclərlə bağlı layihələrin müzakirəsi, onların keyfiyyətinin artırılması üçün ideya mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən Y.Məmmədəliyev deyib ki, nəinki bölgədə, hətta inkişaf etmiş bəzi ölkələrdə belə bənzəri olmayan Gənclər Fondu fərdi gənclərin, gənclər təşkilatlarının inkişafı üçün resursların düzgün bölünməsini təmin edən, onların imkanlarını daha da genişləndirən, potensiallarını reallaşdırmağa şərait yaradan qurumdur. Fond fəaliyyət göstərdiyi müddətdə ölkəmizin gənclər siyasətinin həyata keçirilməsinə, bu sahədə qarşıda duran əsas vəzifələrin reallaşdırılmasına mühüm töhfə verir.
2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin (GİKM) fəaliyyətindən söz açan Administrasiya nümayəndəsi bu mərkəzin gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açacağını qeyd edib. Bildirib ki, GİKM-nin əsas hədəfi gənclərin doğru istiqamətdə inkişafını təmin etmək məqsədilə ölkəmizdə savadlılığın artırılmasında töhfə verməkdir. Mərkəzin fəaliyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verən Y.Məmmədəliyev bu mövzuda gənclərlə bağlı tədbirin məhz ilk olaraq Qazaxda keçirildiyini vurğulayıb və gənclərin təkliflərini bildirməsini qeyd edib.
Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə gənclərə qayğının dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən idarə rəisi ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin hərtərəfli inkişafına, o cümlədən təhsilinə diqqət və qayğısını xüsusi vurğulayıb. Bildirib ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün keçirilən bu cür yüksək səviyyəli görüşü həmin qayğının əyani təzahürü kimi qiymətləndirib və minnətdarlıq edib.
Sonra gənclərin istək və arzuları, təklifləri dinlənilib.
Qazax rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə həmişə diqqət və qayğı ilə yanaşmış, ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi kimi onlara böyük etimad göstərmişdir. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, - deyən İ.Süleymanov gənclərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə bütün qazaxlı gənclər adından minnətdarlığını bildirib.
“Öyrədərək Öyrənirik Gənclərin İntellektual İnkişafına Dəstək” İctimai Birliyinin sədri Tükəzban Süleymanova çıxış edərək ölkə başçısı tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bu gün gənclərlə bağlı keçirilən görüşü həmin qayğının əyani təzahürü kimi qiymətləndirərək gənclər adından minnətdarlığını bildirib. İctimai birlik olaraq Gənclər Fondu tərəfindən hər zaman dəstək aldıqlarını vurğulayıb.
"Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə "Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsinin icrası çərçivəsində həyata keçirilən tədbirlərdən söz açıb. Bu cür layihələrdə gənclərin böyük üstünlük təşkil etdiyini qeyd edən birlik sədri dövlət tərəfindən gənclərə göstərilən qayğının onlara böyük stimul verdiyini bildirib. Sərhəd kəndlərində yaşayan gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması sahəsində məqsədyönlü işlərin görülməsini tövsiyə edib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxışı zamanı dövlət başçısı tərəfindən bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də xüsusi qayğı göstərildiyini qeyd edib. Mədəniyyət Nazirliyinin xətti ilə Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2018-ci ildə Qazaxda 18 rəsm sərgisinin təşkil olunduğunu bildirən gənc rəssam bu cür tədbirlərin keçirilməsini gənclərə, xüsusilə də rəssamlıq sənəti ilə məşğul olan yeniyetmələrə göstərilən ən böyük dəstək olduğunu bildirib. Gənclər adından ölkə başçısına minnətdarlıq edən gənc rəssam öz arzu və istəklərini çatdıraraq “Türk dünyası Sənət festivalı”nın təşkil olunmasını, rayonda xalçaçı rəssamların yetişdirilməsinə köməklik göstərilməsini təklif edib.
Bakı Dövlət Universitetinin Qazax filialının sosial iş fakültəsinin II kurs tələbəsi Fəridə İsgəndərova təhsil aldığı ixtisas barədə danışaraq gənc olaraq istəklərini çatdırıb. Hər bir sahədə uğurlu nəticələrin əldə olunduğunu qeyd edən gənc tələbə eşitmə, görmə və danışma məhdudiyyəti olan insanların, xüsusilə də onların valideynlərinin cəmiyyətə inteqrasiya olunması üçün sosial mərkəzlərin, sığınacaqların yaradılmasını bildirib. Həmin sığınacaqlarda sosial işçilərin cəlb edilməsini tövsiyə edib. Yeni yaradılmış “Gənclərin İnkişaf və Karyera Mərkəzi”ndə bu qəbildən olan insanların da asudə vaxtlarının səmərəli təşkil olunması sahəsində müəyyən tədbirlərin görülməsini bildirib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin IV kurs tələbəsi Elşad Carçıyev gənclərə dövlət səviyyəsində göstərilən qayğının əyani təzahürü olaraq “ASAN xidmət” mərkəzlərində gənclərə böyük üstünlük verilməsini göstərib. “Səyyar ASAN xidmət”də könüllü kimi çalışdığını bildirən gənc tələbə bütün dünyada brend olan bu mərkəzin yaradılmasının gələcəyimiz olan gənclərin ixtisaslı kadr kimi yetişməsində, cəmiyyətdə öz layiqli yerlərini tapmasında mühüm rol oynadığını vurğulayıb.
Fəal gənclərdən Elmar Rzalı da bu gün sürətlə inkişaf edən Azərbaycanda gənclər siyasətinin uğurla davam etdirildiyini bildirib. Gənclər tərəfindən istənilən bir layihəyə dövlətin xüsusi qayğı ilə yanaşdığını qeyd edən gənc bu sahədə gördüyü işlərdən danışıb. Rayonda intellektual gənclərin sayının çox olduğunu bildirən gənc intellektual oyunların keçirilməsi üçün komandaların yaradılmasını, tərkibinin yenilənməsini, eyni zamanda, gənclər radiosunun yaradılmasını bildirib. İdmançıların idman qidası ilə təmin olunmasını təklif edib.
Fərəhli kənd ümumi orta məktəbin gənc müəllimi Humay Əfəndili çıxışı zamanı dövlət tərəfindən təhsil sahəsində yaradılan şəffaflıqdan, müəllimlərə, xüsusilə də gənc müəllimlərə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, bu gün ölkə başçısının təhsil sahəsində yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, biz gənclər Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə keçirilən imtahanlarda rahat şəkildə iştirak edə bilirik. Bu, təhsil sahəsindəki şəffaflıqla yanaşı, həm də biz gənc müəllimlər üçün yaradılan geniş imkan deməkdir. Sərhəd kəndində müəllim işlədiyi üçün qürur hissi keçirdiyini bildirən gənc müəllim onlar üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq edib.
Şəhid kapitan Mühid Orucov adına tədris mərkəzinin rəhbəri Gülanə Hüseynova isə bir gənc olaraq dövlət başçısı tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan, şəhidlərimizə verilən dəyərdən danışıb. Cənab İlham Əliyevin prezident kimi seçildikdən sonra ilk imzaladığı Sərəncamın şəhid ailələrinə birdəfəlik ödəmə ilə bağlı müavinətin verilməsi ilə bağlı olmasını bu qayğının bariz nümunəsi kimi qiymətləndirib. Bundan əlavə, şəhid ailələrinə verilən təqaüdlərin artırılmasını, birdəfəlik ödəmənin bütün şəhid ailələrinə şamil olunması üçün Fərmana dəyişiklik etməsini ölkə başçısının humanist addımı ilə yanaşı, şəhidlərə və onların ailə üzvlərinə verilən dəyər olduğunu bildirib. Rəhbərlik etdiyi mərkəzin gördüyü işlərdən danışan gənc yeni yaradılan mərkəzdə şəhid ailələrinin övladlarının nəzərə alınmasını və bunun üçün xüsusi imtiyazların olmasını bildirib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecində qiymətləndirmə, qeydiyyat və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışaraq bu qayğıya nümunə olaraq məktəblilərin “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etmələrini göstərib. O, çıxışı zamanı kollecin tələbələrinin də bu tur-aksiyada iştiraklarının təmin edilməsini təklif edib.
Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin bu gün ümummilli liderin layiqli davamçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bu gün bütün sahələrə, xüsusilə də gənclərlə bağlı sahəyə daim diqqət yetirildiyini vurğulayıb. Mərkəz olaraq gənc və yeniyetmələrlə bağlı görülən işlərdən danışan mərkəzin direktoru xüsusilə məktəblilərin ekskursiyalarının təşkil olunduğunu bildirib. Həmin ekskursiya zamanı gənclərə ulu öndərin həyat və fəaliyyəti, eləcə də gənclərlə bağlı həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verildiyini bildirib.
Bakı Dövlət Universitetinin Qazax filialının V kurs tələbəsi Güllü Qocayeva təhsil aldığı universitetdə tələbələr üçün yaradılan şəraitdən söz açıb. Dövlət başçısının qayğısı sayəsində digər ali təhsil ocaqlarında olduğu kimi, bu universitetdə də tələbələrin yüksək keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradıldığını bildirib. Tarix-coğrafiya fakültəsində təhsil aldığını qeyd edən gənc tələbə təhsil aldıqları ixtisaslara mükəmməl şəkildə yiyələnmələri üçün tarixi yerlərə, abidələrə ekskursiyaların təşkil olunmasını təklif edib.
Bakı Dövlət Universitetinin Qazax filialının II kurs tələbəsi Səbinə Camalova oxuduğu ali təhsil ocağında hər cür şərait yaradıldığını söyləyib. O, respublikanın digər bölgələrinə ekskursiyaların təşkil olunmasını, başqa təhsil ocaqları ilə yeni əlaqələrin qurulmasını bildirib. Bu cür ekskursiya və əlaqələrin qurulmasının gənclərdə bütün sahələr üzrə yeniliklərə yol açacağını qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək dövlət qulluğu sahəsində çalışan gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bu gün biliyi, bacarığı olan hər bir gəncin dövlət, xüsusilə də dövlət başçısı tərəfindən xüsusi qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Bu gün Azərbaycan gənclərinin ən ali kürsülərdən belə səslərinin gəldiyini, dövlətin bütün sahələrdə gəncləri önə çəkməsini vurğulayıb. Qeyd edib ki, bu gün Qazax Rayon İcra Hakimiyyətində 12 nəfərdən çox gəncin çalışması, onların irəli çəkilməsi biz gənclərə olan qayğının bariz nümunəsidir. Bu gün biz gənclər belə rahat şəkildə öz sözümüzü deyə biliriksə, bu, dövlətin gələcəyimiz olan gənclərə olan etimadının əyani göstəricisidir. Bu gün Aərbaycan gənclərinin söz sahibi olması deməkdir. G.Quluyeva Müəllimlərin İşə Qəbulu üzrə keçirilən imtahanlardan da söz açıb. Rayonda müəllimlərin rahat şəkildə həmin imtahanlarda iştirak etmələri üçün hazırlıq kurslarının yaradılmasını, həmçinin, gənclərin, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması üçün əyləncə mərkəzinin yaradılmasını təklif olaraq irəli sürüb.
Qazax RİHBA-nın Hüquq şöbəsində məsləhətçi Səba Paşayeva çıxış edərək bu gün hüquqi, sivil bir dövlətdə yaşayan gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmələri, istənilən bir məsələyə hüquqi müstəvidə qiymət vermələri üçün geniş imkanlar yaradıldığını bildirib. Çalışan gənclər üçün qiyabi magistr təhsilinin bərpa olunmasını bildirib. Qeyd edib ki, bu, çalışan gənclərə həm öz işlərində rahat şəkildə çalışmaq, həm də magistr təhsili almaq imkanı yaradacaqdır.
RİHBA-da İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vəfa Cəbiyeva çıxışı zamanı qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Bu gün biz gənclərlə keçirilən görüş, xüsusilə də bizləri narahat edən məsələlərin dinlənilməsi bunu bir daha sübut etdi ki, dövlət öz gənclərinə hər zaman qayğı ilə yanaşır.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin II kurs tələbəsi Səadət Nuruşova da təhsil aldığı kollecdə tələbələr üçün yaradılan şəraitdən söz açıb. “Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür”, - deyən gənc tələbə onlar üçün yaradılan bütün imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib. Bunun üçün gənc tələbələrin təhsil aldıqları ixtisaslar üzrə aidiyyəti idarə, müəssisə və təşkilatlarda təcrübə məqsədilə çalışmaları üçün könüllülər qrupunun yaradılmasını təklif edib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin III kurs tələbəsi Cavid Nağızadə çıxış edərək gənclərə göstərilən qayğıdan danışaraq yenicə qədəm qoyduğumuz 2019-cu ildə ölkə başçısının gənclərlə bağlı imzaladığı Sərəncam və Fərmanları bu sahədə atılan uğurlu addımlar kimi qiymətləndirib. Tələbə təqaüdlərinin artırılmasını qeyd edən gənc tələbə bildirib ki, ölkə başçısının biz gənclərə qayğı göstərməsi bizi çox sevindirir. Eyni zamanda, bizim məsuliyyətimizi artırır. Bu gün hər bir gənc dövlət tərəfindən göstərilən qayğını doğrultmağa çalışır. Sevindirici hal isə odur ki, bunun üçün də dövlətimiz bizə geniş imkan yaradır.
Fəal gənclərdən Toğrul Musalı qeyd edib ki, bu gün biz gənclər dövlət siyasətinin uğurlu şəkildə davam etdirilməsinin bir daha şahidi olduq. Hər bir gəncin söylədiyi təklif və istəklərə qiymət verilməsi onu göstərdi ki, dövlət doğrudan da biz gənclərə böyük dəyər verir. Bugünkü görüşlə də biz gənclər bu dəyəri bir daha görmüş olduq.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Ellada Bayramova bu cür tədbirlərin təşkil olunmasını gənclər olaraq yüksək qiymətləndirdiklərini bildirib. Həmçinin, bu cür tədbirlərə işləməyən, sərhəddə yaşayan gənclərin də dəvət olunmasını, belə tədbirlərin mütəmadi olaraq keçirilməsini qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nəsib Şəmşiyev dövlətin gənclərlə bağlı həyata keçirdiyi sosial layihələrdən, genişmiqyaslı tədbirlərdən söz açıb. Bu gün gənclərin hər cür dəstəklə əhatə olunduqlarını qeyd edərək ölkə başçısına qazaxlı gənclər adından minnətdarlığını bildirib. Məktəblərdə hərbi dərslərdə istifadə olunması üçün texniki ləvazimatların verilməsini təklif edib.
Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Fidan Mehdiyeva, fəal gənclərdən Hicran Əlifova, Aliyə Rəhimova da gənclərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya gənclər adından təşəkkürlərini çatdırıblar. Onlara olan qayğını, diqqəti hər zaman yüksək qiymətləndirdiklərini vurğulayıblar. Gənclər vətənpərvərlik mövzusunda çəkilən filmlərin nümayiş olunması, səyyar teatrların təşkil olunması ilə bağlı təkliflərini də irəli sürüblər.
Maraqlı söhbət əsasında keçən görüşdə gənclər tərəfindən söylənilən fikirləri, arzu və istəkləri, təklifləri diqqətlə dinləyən Administrasiya nümyanədəsi Yusuf Məmmədəliyev hər bir məsələyə baxılacağını bildirib. Tələbələrin təcrübə toplaması məqsədilə sənaye müəssisələrinə səfərlərin təşkil olunması, hər bir idarə, müəssisə və təşkilatlarda könüllülərlə işin təşkil və təşviq olunması, dil kurslarının təşkili ilə bağlı tapışırıq və tövsiyələrini verib.
Bugünkü görüşün olduqca maraqlı keçdiyini qeyd edən natiq müstəqil Azərbaycanın gələcəyi naminə hər bir gəncə gələcək işlərində uğurlar arzulayıb.
Sonda gənclərlə xatirə şəkli çəkdirilib.
Daha sonra qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını da ziyarət ediblər. Ziyarət zamanı qonaqlara məlumat verilib ki, bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi var ki, onlardan 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qeyd olunub ki, rayonda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır, məktəblilər mütəmadi olaraq xiyabanı ziyarət edirlər. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, əziz xatirələri dərin ehtiramla yad olunur.