Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda sosial yönümlü layihələrin və aparılan uğurlu islahatların rayon gəncləri arasında təbliği ilə bağlı tədbir keçirilib

04 mart 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Qazax rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 25 fevral 2019-cu il tarixdə keçirilmiş iqtisadi və sosial məsələlərə həsr olunmuş müşavirədə sosial yönümlü layihələrin və aparılan uğurlu islahatların Qazax rayon gəncləri arasında təbliğ olunması ilə bağlı tədbir keçirilib. Qazax Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, gənc müəllimlər, gənc idmançılar, rayonda ali və orta təhsil müəssisələrində təhsil alan tələbələr, təşkilatlarda, kənd İƏD-si üzrə nümayəndəliklərdə çalışan gənclər, KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq bu gün rayonumuzda keçirilən əlamətdar bir tədbir haqqında tədbirdə iştirak edən gənclərə məlumat verib. Rayon rəhbəri qeyd edib ki, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, şöbənin baş məsləhətçisi Həmid Nəsibov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direkoru Fərid Cəfərovun iştirakı ilə respublikamızda ilk dəfə olaraq Qazax rayonunda keçirilən bugünkü tədbir siz gənclərə dövlətin, dövlət başçısının qayğısıdır. 2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin (GİKM) təqdimatı ilə bağlı tədbirin ilk dəfə olaraq məhz Qazaxda keçirilməsinə görə rayon gəncləri adından minnətdarlıq edən icra başçısı bu mərkəzin də gənclərə xidmət göstərəcəyini bildirib.
Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən siz gənclərlə keçirilən görüşlər zamanı bildirirdim ki, Qazaxda gənclərə göstərilən diqqət və qayğı öz yerini tapmalıdır. Çünki respublikada ziyalılar mərkəzi kimi tanınan Qazaxın gəncləri də öz intellekti, savadı, bilik səviyyəsi ilə hər zaman seçilməyi bacarıb. Bugünkü görüşdə siz gənclər öz fəallığınızla bunu bir daha sübut etdiniz. Administrasiya nümayəndəsinin bu gün sizlərlə olan görüşü yüksək qiymətləndirməsi bir daha onu göstərdi ki, qazaxlı gənclər dövlətin, dövlət başçısının onlara olan etimadını hər zaman doğruldur. Respublikada gənclərin fəallığına görə kənd rayonları arasında Qazaxın birinci yerdə dayandığını qeyd edən icra başçısı əvvəlki illərdən fərqli olaraq bu il gəncləri daha böyük uğurların gözlədiyini bildirib.
Rayon rəhbəri qeyd edib ki, bu gün ölkə başçısı İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən gənclərə olan diqqət və qayğı, verilən dəstək imkan verir ki, siz gəncləri narahat edən nə məsələ varsa, öz müsbət həllini tapsın. “Bu il gənclərin ili olacaq”, - deyən icra başçısı yeni fəaliyyətə başlayan “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açacağını qeyd edib. Bildirib ki, GİKM-nin əsas hədəfi gənclərin doğru istiqamətdə inkişafını təmin etmək məqsədilə ölkəmizdə savadlılığın artırılmasında töhfə verməkdir.
YAP Gənclər Birliyi Qazax rayon təşkilatının sədri Vüsal İsmayılov çıxış edərək ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün ölkə başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü gənclər siyasəti nəticəsində ölkə gənclərinin öz layiqli yerlərini tutmasını bildirib. Qeyd edib ki, ölkə rəhbərinin də söylədiyi kimi, dövlətin sosial siyasəti ardıcıl və sistemlidir. Yanvar və fevral aylarında verilən qərarları, imzalanan çoxsaylı Fərman və Sərəncamları uğurlu siyasətin tərkib hissəsi kimi qiymətləndirən təşkilat sədri bütün bunların arxasında xalqa xidmətin, vətəndaşların rifah halının yüksəldilməsinin dayandığını qeyd edib. Bildirib ki, bu gün əməkhaqqının, təqaüdlərin, müharibə veteranlarına verilən müavinətlərin, şəhid ailələrinə, tələbələrə verilən təqaüdlərin, məcburi köçkün ailələrinə verilən müavinətlərin artırılması bunu bir daha əyani şəkildə göstərdi. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Respublika Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı isə bir daha biz gəncləri əmin etdi ki, dövlət başçısı hər zaman öz sadə vətəndaşının yanındadır. Onların qayğılarının həlli istiqamətində mühüm addımlar atır.
Sevindirici hal isə odur ki, ölkədə atılan hər bir uğurlu addımda gənclərlə də bağlı müəyyən qərarlar öz əksini tapır və bu, biz gəncləri sevindirir.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin IV kurs tələbəsi Turanə Qasımova Respublika Prezidenti İlham Əliyevin rəhbər kimi fəaliyyət göstərdiyi son 15 ildə hər zaman ölkə gənclərinə qayğı ilə yanaşdığını, onlara dəstək olduğunu bildirib. Gənclərə olan dövlət qayğısının ilbəil daha da artdığını qeyd edən gənc tələbə təqaüdlərin artırılması ilə bağlı imzalanan Sərəncama görə ölkə başçısına minnətdarlığını bildirib.
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının II kurs tələbəsi Fəridə İsgəndərova gələcəyin sosial işçi kadrı olaraq sosial sahədə aparılan islahatları yüksək qiymətləndirdiyini qeyd edib. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən qayğıdan danışan gənc tələbə ilk növbədə tələbə təqaüdlərinin artırılmasını, eyni zamanda, müxtəlif kateqoriyalı tələbələrin təhsil haqlarından azad olunmasını gənclərə olunan ən böyük dəstək olduğunu bildirib. Fevralın 7-də ölkə başçısının zəlzələ baş vermiş Şamaxıda olmasını, hadisə yerinə getməsini, vətəndaşlara “Mən siz xalqa xidmət etməyə gəlmişəm” söyləməsini qürur hissi ilə qarşıladıqlarını bildirən gənc tələbə öz ölkə başçısı ilə fəxr etdiyini qeyd edib. Bu gün keçirilən görüşü gənclərə göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirən tələbə üzərilərinə böyük məsuliyyət hissi qoyduğunu da vurğulayıb.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin II kurs tələbəsi Səadət Nuruşova çıxışı zamanı təqaüd sisteminin təkmilləşdirilməsi, minimumdan maksimuma çatdırılması istiqamətində həyata keçirilən uğurlu layihələrdən söz açıb. Ölkə başçısının hər bir gənc önündə öz potensialından istifadə edərək inkişaf etməsi üçün geniş imkanlar açdığını bildirib. Gənclər olaraq dövlət başçısının istər gənclərlə, istərsə də digər sahələrlə bağlı yürütdüyü məqsədyönlü siyasəti hər zaman dəstəklədiklərini vurğulayıb.
BDU Qazax filialının tələbəsi Səbinə Camalova təhsil aldığı universitetdə tələbələr üçün yaradılan şəraitdən söz açıb. Bu gün universitetdə yüksək ixtisaslı kadrların hazırlanması üçün hər cür imkan yaradıldığını qeyd edən gənc tələbə filial üçün yeni yataqxana və korpusun tikilməsini qazaxlı gənclərə verilən ən böyük qiymət olduğunu bildirib. Təhsil sahəsinə göstərdiyi qayğıya görə ölkə başçısına minnətdarlığını çatdırıb. “Bu gün biz gənclər yalnız təhsil sahəsində deyil, rayonun ictimai həyatında fəal iştirak etməliyik”, - deyən gənc tələbə öz həmyaşıdlarını daha aktiv olmağa çağırıb.
BDU Qazax filialının tələbəsi Kamil Müvəssəqi çıxış edərək yola saldığımız 2018-ci ilin ən böyük uğurlarından biri olan Prezident seçkilərindən danışıb. Gənc tələbə qeyd edib ki, cənab İlham Əliyevin 86,2 % səs toplayaraq yenidən prezident seçilməsi bir daha onu göstərdi ki, xalq öz gələcəyini əmin əllərdə görmək istəyir və bizi işıqlı sabaha, parlaq gələcəyə doğru aparan tək lider Prezident İlham Əliyevdir. Bu gün qazaxlı bir gənc kimi ölkə başçısının apardığı uğurlu islahatları, yürütdüyü məqsədyönlü siyasəti dəstəklədiyini qeyd edən tələbə müstəqil Azərbaycanın çiçəklənməsi naminə ölkə başçısına uğurlar arzulayıb.
Aşağı Əskipara kənd tam orta məktəbin direktoru Yaşar Əliyev çıxış edərək bildirib ki, bu gün bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də gəncləşdirmə siyasəti uğurla həyata keçirilir. Biz gənc müəllimlərin rəhbər vəzifələrdə çalışmağımız üçün hər cür dəstək göstərilir. Hər bir biliyi, savadı olan gəncin Müəllimlərin İşə Qəbulu üzrə imatahanlarda rahat şəkildə iştirak etmələri və hər hansı bir məktəbdə məktəb direktoru kimi çalışmaları bu gəncləşdirmə siyasətinin əyani göstəricisidir. Bunun kökündə isə dövlət başçısının ölkədə bu sahədə yaratdığı şəffaflıq və biz gənclərə olan qayğısı dayanır.
Şəhid kapitan Mühid Orucov adına tədris mərkəzinin rəhbəri Gülanə Hüseynova bir gənc olaraq ölkə başçısının şəhidlərimizə, onların ailələrinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib. Qeyd edib ki, dövlət başçısının şəhidlərimizə verdiyi ən böyük qiymət o oldu ki, ötən il növbəti dəfə prezident seçildikdən sonra ilk imzaladığı Fərman şəhid ailələri ilə bağlı oldu. Sevindirici hal isə odur ki, bu Sərəncamlar ardıcıl şəkildə həyata keçirildi. Şəhid ailələrinin təqaüdlərinin artırılaraq 242 manatdan 300 manata çatdırılması üçün daha bir Sərəncam imzalandı. Ən mühümü isə o oldu ki, ölkə başçısı 19 aprel 2018-ci il tarixli Fərmana dəyişiklik etdi və 11 min manat məbləğində ödəniləcək birdəfəlik müavinət bütün şəhid ailələrinə şamil olundu. Bu, ölkə başçısının humanistliyini göstərməklə yanaşı, şəhidlərimizə verilən dəyərin əyani göstəricisi oldu. “2016-cı il Aprel döyüşləri, 2018-ci il Naxçıvan əməliyyatı ilə yadda qaldı”, - deyən mərkəz rəhbəri 2019-cu ilin Qarabağın işğaldan azad olduğu bir il kimi tarixə düşməsini bildirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə o günün elə də uzaqda olmadığını qeyd edib.
YAP fəalı, RİHBA-da böyük məsləhətçi Kənan Hüseynli dövlət başçısının Azərbaycana rəhbərlik etdiyi son 15 il ərzində qazanılan uğurlardan, həyata keçirilən layihələrdən söz açıb. Qeyd edib ki, bu gün elə bir sahə tapılmaz ki, ölkə başçısının diqqət mərkəzindən kənarda qalsın. Gənclərlə iş sahəsində görülən tədbirlərdən söz açan partiya fəalı qazaxlı gənclər olaraq həmin işləri yüksək qiymətləndirdiklərini bildirib. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Respublika Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından söz açan gənc bu Fərmanla ölkəmizin iqtisadi arenada güclü dövlət olmasını bir daha sübut etdiyini bildirib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin IV kurs tələbəsi Elşad Carçıyev gənclərə dövlət səviyyəsində göstərilən qayğının əyani təzahürü olaraq "ASAN xidmət” mərkəzlərində gənclərə böyük üstünlük verilməsini göstərib. Gənclərin vətənpərvər ruhda tərbiyə olunması, Vətənə, millətə layiqli bir vətəndaş kimi formalaşmaları üçün həyata keçirilən işlərdən danışan gənc tələbə bu gün Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonunda vətənpərvər ruhda olan böyük bir gənclər ordusunun olduğunu qeyd edib. Vətən uğrunda canından keçən 285 nəfər şəhidin, 7 nəfər Azərbaycanın Milli Qəhrəmanının qisasını hər an almağa hazır olduqlarını qeyd edib. İşğal altında olan torpaqların azad olunmasını və bu cür tədbirlərin həmin rayonlarımızda, kəndlərimizdə keçirilməsini arzu edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə xəbəri veriləcək günün uzaqda olmadığını vurğulayıb.
Fəal gənclərdən şəhər sakini Aliyə Rəhimova, Yuxarı Salahlı kənd sakini Nəsrin Məmmədova da çıxış edərək təhsil, səhiyyə, mədəniyyət, idman sahəsinə göstərdiyi sonsuz diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə qazaxlı gənclər adından minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz Azərbaycan gəncləri vətənpərvər ruhda böyüyərək ölkəmizin inkişafı naminə öz töhfəmizi verməli və ölkə başçısının biz gənclərə olan qayğısını doğrultmalıyıq.
Tovuz rayonundan olan, E.Cəfərov adına Çaylı kənd 2 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyən Elnar Allahverdiyev təhsil sahəsinə göstərilən qayğıya, xüsusilə də gənc müəllimlərə verilən dəstəyə görə Respublika Prezidentinə müəllim həmkarları adından minnətdarlığını bildirib.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək qurucusu və memarı ulu öndər Heydər Əliyevin olduğu müstəqil Azərbaycanın gündən-günə artan uğurlarından, əldə olunan nailiyyətlərindən söz açıb. Qeyd edib ki, ulu öndərin bizlərə miras qoyduğu dövlət strategiyası elə düzgün təməl üzərində qurulub ki, bu gün də öz bəhrəsini verməkdədir. Ən əsası da həmin dövlət strategiyası bir xətt üzrə inkişaf edir ki, onun da təməlində xalq dayanır. “Ölkə başçısının vətəndaş amilini hər zaman önə çəkdiyini”, - qeyd edən təşkilat sədri bu gün Azərbaycanın bütün sahələrdə, o cümlədən də ordu quruculuğu sahəsində inkişaf etdiyini bildirib. Təşkilat sədri qazanılan uğur və nailiyyətlərdə Heydər Əliyev Fondunun sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük xidmətləri olduğunu diqqətə çatdırıb. YAP-ın fəalları olan gənclərin ölkə başçısının həyata keçirdiyi bütün layihələri dəstəklədiklərini qeyd edib.
Çıxışlar başa çatdıqdan sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Gənclər Mərkəzinin direktorunu təqdim edib və bu gündən “Gənclərin İnkişaf və Karyera Mərkəzi” kimi fəaliyyət göstərəcəyini bildirib.
Qazax Gənclər Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək ilk növbədə ona göstərilən yüksək etimada görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Yeni adla fəaliyyət göstərəcək mərkəzin bütün gənclərin ixtiyarında olduğunu bildirib. “Qarşıda gəncləri daha böyük layihələr gözləyir”, - deyən mərkəzin direktoru bundan sonra da daha böyük məsuliyyətlə çalışacağını qeyd edib və gəncləri birlik nümayiş etdirməyə çağırıb.

 

 

Keçidlər