İcra başçısı çoxmənzilli binalarda aparılan təmir işləri ilə tanış olub
Bu gün böyük tikinti meydançasını xatırladan Qazaxda sürətlə start verilən işlərdən biri də çoxmənzilli binalarda aparılan təmir işləridir. Yeni ilin ilk günündən respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında respublika prezidentinin imzaladığı 4 fevral 2019-cu il tarixli Sərəncama əsasən bu sahədə görülən işlər daha geniş vüsət alıb.
Hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyini nəzərə alaraq xeyir-şər evi tikilir. Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə təmir işləri yekunlaşıb.
Təmir işləri başlayan ilk gündən rayon rəhbərliyi bu sahəni daim diqqət mərkəzində saxlayır, işlərin keyfiyyəti ilə maraqlanır, lazımi tapşırıq və tövsiyələrini verir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də təmir işləri aparılan çoxmənzilli binalarda olub, görülən işlərlə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, bütün binaların bloklarında təmir işləri davam edir. Yeni suvaq və üzlük vurulur. Eyni zamanda, binaların xarici fasadında da suvaq işləri görülür. Bloklarda elektrik, rabitə xətləri səliqəyə salınır.
Bu gün rayon ictimaiyyəti Qazaxda görülən genişmiqyaslı işlərə, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, xüsusilə də çoxmənzilli binalarda aparılan təmir işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq edirlər.
Məlumat üçün bildirək ki, ölkə rəhbərinin müvafiq Sərəncamlarına əsasən rayonda olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunub.