Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayon Mərkəzi Xəstəxana binasında daha 5 korpusun inşasına başlanılıb

06 mart 2019 | 16:00

Bu gün ölkəmizdə olan sabitlik bütün sahələrlə yanaşı, səhiyyənin də hərtərəfli inkişafını təmin edir. Bunu tikilən və yaxud yenidən qurulan xəstəxanaların, yeni strukturlu müalicə müəssisələrinin, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin sayının ildən-ilə artmasından, eləcə də səhiyyə ocaqlarının maddi-texniki bazalarının möhkəmləndirilməsindən aydın şəkildə görmək olar.
Sevindirici hal isə odur ki, səhiyyə sahəsində olan bu inkişaf respublikamızın bütün bölgələrini əhatə edir. Qazaxda da rayon sakinlərinə səhiyyə sahəsində yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Bu sahə daim diqqət mərkəzində saxlanılır. Rayonumuzda inşa olunan Mərkəzi Xəstəxana binasının tikintisi bunun əyani göstəricisidir. Bu xəstəxana binası ölkə başçısının respublikamızın bölgələrində səhiyyə sahəsinin inkişafı istiqamətində gördüyü məqsədyönlü işlərin bariz nümunəsidir.
2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana binası bölgənin ən müasir səhiyyə müəssisələrindən biridir. Məlumat verdiyimiz kimi, Mərkəzi Xəstəxana 10 korpusdan ibarət olacaqdır ki, artıq onun 5 korpusu inşa olunub. Köməkçi binaların hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-səhman işləri aparılıb.  Sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün binanın kənarına səki daşları döşənib. 5 korpusdan əlavə, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Bir sözlə, 5 korpusda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazım olan bütün şərait yaradılıb, avadanlıqlar gətirilib və quraşdırılıb.
Rayon sakinləri üçün sevindirici xəbərlərdən biri də “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon Mərkəzi Xəstəxananın qalan 5 korpusunun inşasının öz əksini tapmasıdır. Bu gün hər bir rayon sakini bu xəbəri sevinc hissi ilə qarşılayır və ölkə başçısına minnətdarlıq edir.
Hazırda həmin 5 korpusun inşasına başlanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni səhiyyə ocağında əlavə korpusların inşası ilə maraqlanıb, görülən işlərlə tanış olub.
İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, özül hissələri tökülmüş Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisinə start verilib. Hazırda arakəsmə beton tökülür və mərtəbə hissələri qurulur. Bu iş başa çatdıqdan sonra hörgü işlərinə başlanılacaq. İş icraçısı yoluxucu xəstəliklər şöbəsinin tikintisinə isə yaxın vaxtlarda başlanılacağını bildirib.
Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edib, tapşırıq və tövsiyələrini verib.
Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova bu gün düşmənlə 168 km sərhəddə yaşayan rayon sakinləri üçün yüksək səviyyədə yeni səhiyyə ocağının inşa olunmasını Qazax səhiyyəsinə, bütövlükdə qazaxlılara verilən ən böyük dəyər kimi qiymətləndirib. Respublikamızda, eləcə də Qazax rayonunda səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə bütün səhiyyə işçiləri adından minnətdarlığını bildirib.

Keçidlər