Gənclər Gününə həsr edilmiş musiqi müsabiqəsində mükafat yerləri tutmuş Qazax rayon nümayəndələrinin mükafatlandırılması olub
Bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin Sərəncamına əsasən Gəncə Qarnizonu Zabitlər Evi tərəfindən hərbi qulluqçular və mülki gənclər arasında 12 yanvar 2019-cu il tarixdə keçirilmiş Gənclər Gününə həsr edilmiş musiqi müsabiqəsində mükafat yerləri tutmuş Qazax rayon nümayəndələrinin mükafatlandırılması tədbiri keçirilib.
Tədbirdən öncə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Gəncə Qarnizonu Zabitlər Evinin əməkdaşlarını qəbul edib.
İcra Hakimiyyətində keçirilən görüşdə mülki işçilərdən - təbliğat və hərbi-kütləvi iş bölməsinin rəisi Leyla Həsənova, hərbi-kütləvi iş üzrə təlimatçı Naibə Qurbanova, operator Samirə Səmədova, radioqovşaq rəisi Seymur Namazov, operator-dizayner Amin İsgəndərov iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları salamlayıb, müsabiqə zamanı Qazaxa göstərdikləri xüsusi diqqətə görə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün özümə borc bildim ki, sizləri qəbul edim və bu cür layihələri həyata keçirdiyinizə görə minnətdarlığımı çatdırım. Qazaxda keçirilən hərbi vətənpərvərlik tədbirlərindən söz açan icra başçısı bu gün torpaqları düşmən işğalında olan ölkəmizdə bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Rayonumuzda “Ordumuz-Qürurumuz, Xalqımız-Dayağımız”, “Milli Qurtuluşdan Zəfərə doğru” adlı vətənpərvərlik mövzularında tədbirlərin keçirilməsini bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib.
Gənclərlə səmimi söhbət edən rayon rəhbəri Gəncə Qarnizonu Zabitlər Evi ilə birgə tədbirlərin təşkil olunmasını və bunun üçün hər zaman dəstək olmağa hazır olduğunu bildirib. Gənclərin həyata keçirdiyi layihələri yüksək qiymətləndirən icra başçısı onlara gələcək işlərində uğurlar arzulayıb.
Təbliğat və hərbi-kütləvi iş bölməsinin rəisi Leyla Həsənova keçirilən müsabiqə barədə məlumat verərək bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə işlərin aparılması, milli mədəniyyətin və incəsənətin təbliğ olunması, gənclərin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsidir.
Həyata keçirdikləri layihələr, tədbirlər haqqında ətraflı məlumat verən bölmə rəisi Qazaxda da vətənpərvərlik mövzularında tədbirlər keçirməyə hər zaman hazır olduqlarını bildirib. Bu cür səmimi münasibətə, diqqət və qayğıya görə Gəncə Qarnizonu Zabitlər Evinin rəhbərliyi və öz adından rayon rəhbərliyinə minnətdarlığını çatdırıb.
Görüş başa çatdıqdan sonra Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə Qazax rayonundan mükafat yerləri tutmuş şəhər 1 və 2 saylı Uşaq Musiqi Məktəblərinin şagirdləri və Uşaq Gənclər-İnkişaf Mərkəzinin dərnək üzvlərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək dövlət tərəfindən gənclər üçün yaradılan şəraitdən, göstərilən diqqət və qayğıdan söz açıblar. Bu gün əsasını ulu öndər Heydər Əliyevin qoymuş olduğu gənclər siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Vətənpərvərlik ruhunda olan tədbirlərin, müsabiqələrin keçirilməsinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinə və Gəncə Qarnizonu Zabitlər Evinin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Gəncləri bu cür müsabiqələrdə iştirak etməyə və fəal olmağa çağırıblar.
Sonda mükafatlandırma mərasimi olub. Uşaqlar konsert proqramı ilə çıxış ediblər.