Qazax: Təhsilə qayğı diqqət mərkəzindədir
Son illərdə milli təhsilin inkişaf etdirilməsi, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi dövlət başçısı İlham Əliyevin apardığı siyasətdə prioritet təşkil edir. Böyük şəhərlərlə yanaşı, respublikanın ən ucqar yaşayış məntəqələrində də köhnə, uyğunsuz binalar tarixə qovuşur. Əvəzində isə müasir standartlara cavab verən təhsil ocaqları inşa olunaraq müəllim və şagirdlərin istifadəsinə verilir.
Danılmaz faktdır ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fondun maliyyə dəstəyi hesabına ölkənin bütün bölgələrində qəzalı vəziyyətdə olan yüzlərlə məktəb binası tikilib bütün zəruri avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmişdir. Məhz bunun nəticəsidir ki, respublikada təhsil sahəsində ürəkaçan nailiyyətlər əldə olunur. Sözsüz ki, ziyalılar məkanı olan Qazax rayonu da bu diqqət və qayğıdan kənarda qalmamışdır.
Hələ ötən əsrin əvvəllərində Qazax müəllimlər seminariyasından Qazax mahalı ilə bərabər respublikanın bir çox bölgələrində, eləcə də, qonşu Gürcüstan və Qərbi Azərbaycanda yaşayan soydaşlarımız da bəhrələnmişlər. Qeyd etmək lazımdır ki, bu gün Qazax ziyalıları ölkəmizdə və respublika hüdudlarından kənarda ad-san qazanmışlar. Hazırda Qazaxda elmə, təhsilə yüksək həssaslıqla yanaşılır. Qazax rayonunda son illərdə bütün sahələrdə olan sürətli inkişafı, tərəqqini görməmək mümkün deyil.
Rayonda təhsilin hazırkı durumu ilə bağlı Qazax rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı ilə həmsöhbət olduq. Həmsöhbətim qeyd etdi ki, son üç ildə rayonda təhsil sahəsində bir çox layihələr həyata keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun imzaladığı müvafiq Sərəncamla işçi qrup yaradılmışdır. Bu işçi qrup əsasən məktəblərdə şagirdlərin dərsə davamiyyətinə və təhsilin keyfiyyətinə ciddi nəzarət edir.
Qazaxda 33 tam orta, o cümlədən, 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Təhsil ocaqlarında 12882, o cümlədən, 1048 nəfər məktəbə hazırlıq qrupunda təhsilə cəlb edilmişdir. Şagirdlərin təlim-tərbiyəsi ilə 1685 nəfər müəllim məşğul olur.
Ötən təhsil ilində təhsilini başa vuran 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər respublikanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olmuşlar. Sevindirici haldır ki, tələbə adını qazananlardan 49 nəfər 500-dən, 19 nəfər isə 600-dən yuxarı bal toplamışlar. Əvvəlki illərin məzunlarından 55 nəfər müvəffəqiyyətlə ali təhsil ocaqlarına qəbul olmuşlar. Bununla yanaşı 77 nəfər məzun orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşlar. Bir sözlə, əvvəlki illərin məzunları ilə birlikdə qəbul olma faizi 70,51 faiz olmuşdur.
Qazaxlı şagirdlər fənn olimpiadalarında da uğurlu nəticələr əldə etmişlər. 2018-ci ildə olimpiadaların rayon turunda 374 şagird iştirak etmiş, zona mərhələsinə 49 şagird vəsiqə qazanmışdır. Mart ayında Gəncə şəhərində keçirilən olimpiadada 4 nəfər məktəbli respublika mərhələsinə çıxmışdır. Aprel ayında Bakı şəhərində keçirilən olimpiadada Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bir nəfər şagird – Bala Çaylı kənd tam orta məktəbinin XI sinif şagirdi Quluyeva Günay Sabir qızı birinci yerə layiq görülərək qızıl medal almış, respublika üzrə IX, X, XI sinif şagirdləri arasında “Birincilərin birincisi” nominasiyasının qalibi olmuşdur. Bundan başqa, ötən il VI, VII sinif şagirdləri arasında fizika, riyaziyyat, kimya, biologiya və informatika fənnləri üzrə fənn müsabiqələri keçirilmişdir. Müsabiqənin rayon mərhələsində 126 nəfər şagird iştirak etmişdir. Bu müsabiqədə 4 nəfər qalib gələrək respublika müsabiqəsində iştirak etmək hüququ qazanmışdır. Qaliblər Bakı şəhərində keçirilən respublika mərhələsində iştirak etmişlər. Məktəb-liseyin VII sinif şagirdi Dadaşov Məhəmməd Vüqar oğlu informatika fənni üzrə respublika fənn müsabiqəsində birinci yeri tutmuşdur.
Rayonda yeniyetmələrdə hərbi-vətənpərvərlik hissinin aşılanması məqsədilə mütəmadi olaraq müxtəlif maraqlı tədbirlər keçirilir. Ümumtəhsil məktəblərinin X, XI sinif şagirdlərinin sıra hazırlığı, faktiki hazırlıq, silahlar və atəş hazırlığı üzrə bilik və təcrübələrini artırmaq məqsədilə Qazax rayonunda yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə və Daxili İşlər Nazirliyi daxili qoşunlarının Qazax rayon bölməsi ilə sıx əməkdaşlıq edilmiş, vaxtaşırı olaraq şagirdlərin göstərilən bölmələrə səfəri təşkil olunmuşdur. Qeyd etmək lazımdır ki, rayonda son illərdə təhsil müəssisələrinin əsaslı və cari təmiri geniş vüsət almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət büdcəsindən ayrılan vəsait hesabına 2018-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 №-li tam orta məktəbi əsaslı təmir olunmuşdur. Məktəbin açılışı bu il reallaşmışdır. Rayonun Ağköynək, Xanlıqlar və Daş Salahlı kənd 1 saylı tam orta məktəblərində cari təmir işləri həyata keçirilmiş, müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Rayonun bütün təhsil müəssisələri İKT sistemi ilə təmin olunmuşdur. Görünən odur ki, Qazaxda bütün sahələrlə yanaşı təhsil sistemi də özünün əsl inkişaf dövrünü yaşayır.
Vəli VƏLİYEV,
“Respublika” qəzeti
10 mart 2019-cu il